Onlayn ictimai-siyasi qəzet
Füzuli şəhərinin və ətraf kəndlərin işğaldan azad olunduğu barədə rəsmi xəbər gələndə xalqımız ağlayırdı. Sevincdən yox, kədərdən. Çünki bir neçə saat əvvəl ermənilər Gəncəni beşinci dəfə raketlə vurmuşdular, nəticədə 16 məsum insan şəhud olmuş, 50-yə yaxın insan yaralanmışdı. Ölənlər arasında körpə cocuqlar da vardı. Onların birinin ağa bükülü balaca cəsədini sinəsinə sıxan dayısının şəkli 100 il sonra da unudulmayacaq - nə xalqın yaddaşından, nə də arxivlərdən.
Millət dərin hüzndəykən Füzulinin 27 illik işğaldan azad edildiyi barədə xəbər gəldi və bu, duyarlı, mərhəmətli xalqımızı bir az toxtatdı, ağlar gözünün birinin yaşını qurutdu. Millət Füzulinin işğaldan azad olunması xəbərini bir gözü ağlar, bir gözü gülər qarşıladı. Heç bir rayonun azad olunması xəbəri belə olmamışdı və sonra da olmadı.
Əslində qızğın döyüşlər gedən bölgələrdən müxtəlif vasitələrlə sızıb gələn xəbərlərdə Füzuli şəhərinin artıq azad edilmək üzrə olduğu bildirilirdi və çoxları, xüsusilə də əslən bu rayondan olanlar bu mübarək xəbərin ayın 18-də - müstəqilliyə dair konstitusiya aktının qəbul edilməsinin 29-cu ildönümü ilə eyni gündə elan ediləcəyini gözləyirdi. Fəqət, ermənilərin Gəncəyə xain hücumu imkan vermədi, onlar bu dəfə də xislətlərinə sadiq qaldılar, məğlubiyyət acısının qisasını Gəncədə səhər yuxusunda olan mülki şəxslərdən, körpə uşaqlardan çıxdılar.
İgidlərin qanıyla azad edilən kəndlər
Füzuli isə elə-belə, asanca azad edilməmişdi. Bu torpağın azad edilməsi uğrunda lay divar oğlanlar şəhid olmuşdu.
II Qarabağ müharibəsində ən şiddətli döyüşlər gedən məkan məhz Füzuli rayonu olub. Şəhid olan və yaralanan əsgərlərimizə dair statistikada bu, aydın görünür. Ən çox itkini Füzulidə vermişik. Elə erməni separatçıların, daha dəqiqi, onların yerinə səngərlərə girən Ermənistan ordusunun beli də məhz Füzulidə qırılıb.
Bəzən ermənilər özləri və onların havadarları iddia edirlər ki, guya sülh danışıqları uğurla nəticələnsə, onlar Dağlıq Qarabağa aid olmayan əraziləri, o cümlədən Füzulini qan-qadasız tərk edəcəkmişlər. Kökündən havayı söhbətdir.
Ermənilər Füzulini 100 il sonra da xoşluqla tərk etməyəcəkdilər. Bunun sübutu kimi onların qurduqları istehkamlara, sədlərə, yeraltı bunkerlərə baxmaq lazımdır. Elə bunkerlərdən biri Füzulinin cənub-şərqində, Lələtəpə yaxınlığında, biri də Aşağı Seyidəhmədli kəndində idi. General Mais Barxudarovun dediyinə görə, aviasiya zərbələrinin belə kar etmədiyi, zirehli qapıları olan bunkerlərdə gizlənən erməni əsgərlər mühasirəyə düşsələr də bir neçə ay ərzində təslim olmadan döyüşə bilərmişlər.
Söhbət təpələrin altında tikilmiş kazarmalardan, o tərəfə, bu tərəfə yarım kilometr uzunluğunda çəkilmiş tunellərdən, içərisində yük maşınlarının kənardan görünmədən hərəkət edə biləcəyi kanallardan, hər şəraiti olan blindajlardan, metr-metr minalanmış gen dərələrdən, dəmir rezervuarlarda düzəldilmiş snayper nöqtələrindən, 8 kilometr radiusda bütün ətrafı ovuc içi kimi gözətləyən və çəkdiklərini mərkəzi komandanlığa ötürən videokameralı qüllələrdən, dibinə minalar basdırılmış dirəklər və məftillərdən ibarət keçilməz zolaqlardan gedir.
Sülhə razı olan, ərazini xoşluqla tərk etmək istəyən düşmən bu müdafiə sədlərinə milyonlar xərcləyərdimi? Əsla.
Onların niyyəti bu bərəkətli torpaqlarda qalmaq, köklənmək, buraları “Böyük Ermənistan”a qatmaq idi. Ermənilər elə bilirdilər ki, xarici havadarları həmişə onları himayə edəcək, hərtərəfli yardım göstərəcək, Azərbaycan ordusu heç vaxt həlledici döyüşə atılmayacaq və Qarabağ bunlara qalacaq.
30 il ərzində qurulmuş müdafiə istehkamlarını 30 gündə yarmaq olduqca çətin idi, ancaq qəhrəman əsgərlərimiz bunu 20 gündə bacardılar. Füzulinin işğaldan azad olunması əməliyyatı əslində çox unikal olub. Hərbçilərimiz dərə-təpələrdən axan sel dəstiri hərəkət edib, bir çox hallarda düşmənin möhkəmləndiyi yerlərin yanından ötərək, düşməni müharisirəyə ala-ala irəliləyiblər. Elə ona görə də Füzulinin yaxınlığındakı Məngələnata yüksəkliyi oktyabrın 17-də azad olunduğu halda, ondan 20 kilometr bəridəki, təmas xəttindəki Aşağı Seyidəhmədli kəndi oktyabrın 22-də azad edildi. Ona qədər mühasirəyə düşmüş erməni döyüşçülər bunkerlərdə çıxılmazda qalmışdılar, ümid edirdilər ki, müharibə 3-5 günə dayanacaq, onlar da atəşkəs sazişindən bəhrələnərək yer altından salamat çıxacaqlar.
Sovet-alman müharibəsi zamanı Azərbaycanın iki taxıl anbarından biri olmuş Füzuli (o biri Cəlilabad olub) rayonunun istənilən bitkini yetişdirməyə qadir qara-şabalıdı torpaqları erməniyə qala bilməzdi. Ümumiyyətlə, təkcə Qarabağa malik olmaq kifayətdir ki, bu ölkə heç vaxt qida sarıdan qıtlıq yaşamasın. Bunu bilə-bilə hansı dövlət öz çörək təhnəsindən, nehrəsindən vaz keçərdi?
Füzuli şəhəri işğaldan azad olunması xəbəri insanlarımızı hüzndən çıxarsa da, sonrakı günlərdə ovqatımızı xeyli dərəcədə müsbətə doğru dəyişsə də, əslində işğaldan azad olunan Füzuli şəhərinin (eləcə də qəsəbə və kəndlərin) özü deyildi, onların ərazisiydi, vaxtilə mövcud olduqları dərələr-təpələr idi. Çünki artıq Yer üzündə nə Füzuli şəhəri vardı, nə də onun kəndləri. Ən yaxşı halda bircə divarı qalmış, eləcə daş-qalaqlarından və kol-kos basmış dərə-təpələrdən ibarət məkanlara nə şəhər demək olardı, nə də kənd-kəsək. Prezident İlham Əliyev Füzuliyə səfəri çərçivəsində dediyi “Füzulidə bayraq sancmağa bir tikili tapmadıq” sözləri acı həqiqətin tam özüydü, ən bitkin şəkildə ifadəsiydi.
İşğaldan əvvəl Füzuli belə olmamışdı. Rayonun 2 şəhəri, 16 qəsəbəsi, 82 kəndi vardı. İnsanlar bu yerlərdə heç yerə köç etmək fikirləri olmadan xoşbəxt yaşayır, tikib-qururdular.
Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edən Füzulinin torpağından yuxarıda bəhs etdik, Füzulinin suyu da bol idi. Rayon ərazisindən axan Köndələnçay, Quruçay, Çərəkən və Qozluçay çayları əkin sahələrinin bar-bəhərini arıtırırdı. Rayonun Seyidmahmudlu kəndinin yaxınlığında, indiki Füzuli aeroportunun düz yanında Köndələnçay dəryaçası tikilmişdi, il on iki ay suyu bütün Füzulinin tarlalarına çatırdı.
Füzuli rayon Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonlarıyla, habelə Araz çayı boyunca İranla həmsərhəddir. Rayon ərazisindən Zəngilan, Naxçıvan istiqamətinə magistral şosse və dəmiryol xətti keçir. Bu, Füzulinin həm aqrar məhsullarının kənara daşınması, eləcə də rayona dünyanın hər tərəfindən sənaye məhsullarının nəqli üçün əlverişli şərait yaradır.
Rayonunun ərazisi 1386 km², əhalisi isə təxminən 144 min nəfərdir.
Azərbaycanın iri yaşayış məskənlərindən olan Füzulinin əsası 1827-ci ildə qoyulub. Əvvəlcə Qarabulaq adlanan yaşayış məskəni sonradan Cənubi Qafqazın işğalında fərqlənən çar polkovniki Pavel Karyaginin adını daşıyıb – düz 152 il. Sovet dövləti nədənsə 1959-cu ilə qədər işğalçı və qaniçən polkovnikin adını Qarabulağın üstündən götürməyib. Yalnız 1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə rayonun adı dəyişdirilərək Füzuli adlandırılıb. 27 illik işğal vaxtı ermənilər viranə qoyduqları rayonu Varanda adlandırıblar, ancaq şanlı əsgərimiz tarixi ədaləti yenidən bərpa edib.
İşğaldan öncə Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi olub. Bu abidələr sırasına rayonun Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni, XIX əsrin Cəlil türbəsini aid etmək olar.
Fəqət erməni vandallar həmin tarixi-memarlıq abidələrini məhv ediblər. Buna görə rəsmi İrəvanın cavab verməsi lazımdır. Erməni hərbçilər törətdikləri hərbi cinayətlərə görə məsuliyyət daşımalıdır. Onların mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, habelə sahibkarlıq subyektlərinə dəyən ziyanın qiymətləndirilməsi üçün lazımi tədbirlər görülməlidir və yəqin ki, belə də olacaq. Bundan başqa, Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur. Rayonda yüz mindən çox mina basdırılıb. Bu gün mənfur düşmən Füzulidən rədd olub getsə də, rəddi, izi o tarpağın hər qarıışında görünür – xarabalıq, viranəlik, minalı sahələr şəklində.
Bu gün Füzuli yenidən tikilir, qurulur. Layihələrə baxanda görürsən ki, rayon əvvəlkindən də abad, axar-baxarlı olacaq. Küçə və prospektləri geniş, yaşayış massivləri abad, iş yerləri modenr, hər cür təminatlı, təchizatlı, müasir bir şəhər salınacaq. Prezident İlham Əliyev işğaldan azad olunmuş Füzuliyə 9 dəfə səfər edib və müxtəlif obyektlərin təməlqoyma mərasiminə qatılıb.
Füzulinin işğaldan azad edilməsindən və gələcəyindən danışarkən, böyük şairimiz Məhəmməd Füzulinin də ölməz beytlərini xatırlamaq gərəkdir. Onlardan biri belədir:
“Ey Füzuli, qalmışam heyrətdə, bilməm neyləyim,
Dəhr-zalim, bəxt-nafərcam, tələb - çox, ömür – az”.
Fəqət biz artıq heyrətdə deyilik, nə edəcəyimizi bilirik, zəmanə zalım, bəxt qonşular sarıdan dönük, tələb çox, vaxt az olsa da, Füzulini (eləcə də bütün Qarabağ mahalını) bərpa etmək, tikib-qurmaq əzmindəyik.
Yazının başlığına isə ona görə böyük şairin bu misrasını (“Ey Füzuli, eylədi hər dərdə dərman ol təbib”) verdik ki, yurdszluq dərdimizə dərman edən “o təbib”lərin hünər və xidmətlərinin haqqını verək. Onların sayı 25 min 301-dir. Məhz bu qədər əsgər və zabitimiz Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etdikləri üçün Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunublar. Başda Ali Baş Komandan olmaqla məhz bu şəxslər Füzulini mənhus Varanda olmaqdan xilas ediblər.
Allah torpaqlarımızı, o cümlədən Füzulini azad edən bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə sağlıq versin.
Əli Rais,
Musavat.com
10 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ