Onlayn ictimai-siyasi qəzet
“Tənhalıq insana xas bir xüsusiyyət deyil. Bir insan ailə qurarkən bunun necə məsuliyyətli bir iş olduğunu dərk etməlidir”.
Musavat.com xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi İnstaqram hesabında canlı yayımda Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının baş həkimi Leyla Bəşirova açıqlayıb.
Onun sözlərinə görə, həyatda ən mühüm qərarlardan biri ailə qurmaqdır və düzgün seçim ən əhəmiyyətli şərtdir:
“Hər şeyin bir vaxtı olduğu kimi, evlənməyin də öz vaxtı var. Lakin sırf evlilik yaşı gəlib deyə uyğun olmayan biri ilə ailə qurmaqda düzgün fikir deyil. Yaş ötdükdən sonra ailə quranların bir-birinə uyğunlaşması çətin olur. Çünki yaş artdıqca artıq şəxsiyyət formalaşır, xasiyyətlər möhkəmlənir, xarakter və fikirləri dəyişmək çətin olur. Evlənməyə qərar verən şəxs bunun nə qədər məsuliyyətli olduğunu dərk etməli və özünü buna tam hazır hesab etdiyi, seçiminin düzgün olduğundan tam əmin olduğu zaman bu addımı atmalıdır”.
L.Bəşirova qeyd edib ki, son araşdırmalara görə ideal evlilik yaşı 25-30 yaş arasıdır:
“Lakin bu yaş nisbidir. Əlbəttə ki, zamanında evliliyin üstünlükləri yetərincədir, amma orta yaşlarda da evlənib xoşbəxt olanlar az deyil. Sonda deyə bilərəm ki, hansı yaşda ailə qurmağınızdan asılı olmayaraq əsas odur ki, o ailə xoşbəxt və möhkəm olsun, cütlüklər bir-birilərinə qarşı anlayışlı və hörmət ilə yanaşsınlar”.
14 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ