İnsanlara hürriyət, millətlərə istiqlal!

Əvəz Zeynallı müalicə üçün Türkiyəyə gedir

Tanınmış jurnalist, “Xural TV” internet televiziyasının rəhbəri Əvəz Zeynallı müalicə məqsədilə Türkiyəyə yollanacaq.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı onun həyat yoldaşı Məlahət Zeynallı yayıb.

Məlahət Zeynallı qeyd edib ki, Əvəz Zeynallının səhhətində ciddi problemlər var və son günlər onun sağlamlıq durumu ilə bağlı müxtəlif ölkələrdən – Almaniya, Avstriya, Danimarka, İsveçrə, Belarus, İran, Rusiya və Türkiyədən – müalicə təklifləri və dəvətlər daxil olub. Müzakirə və qiymətləndirmələrdən sonra ailə tərəfindən müalicənin Türkiyədə aparılması daha məqsədəuyğun hesab olunub.

“Dünyanın hər yerindən həkimlər, mütəxəssislər və xəstəliyi yenmiş insanlar bizimlə əlaqə saxlayır. Hər kəsin dəstəyini, qayğısını yüksək qiymətləndiririk. Hazırda həkimlərlə məsləhətləşmələr aparılır və böyük ehtimalla yaxın günlərdə Əvəz Zeynallı Türkiyəyə müalicə üçün yollanacaq”, - deyə Məlahət Zeynallı bildirib.

Qeyd edək ki, Əvəz Zeynallıda 4-cü dərəcəli onkoloji xəstəlik (xərçəng) diaqnozu qoyulub. Sağlamlıq durumu ciddi qiymətləndirilir və onun ciddi müalicəyə ehtiyacı olduğu bildirilir.

Xatırladaq ki, Əvəz Zeynallı 2022-ci ilin sentyabrında hüquq-mühafizə orqanları tərəfindən həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024-cü ildə çıxardığı hökmə əsasən, o, müxtəlif maddələrlə ittiham olunaraq 9 il azadlıqdan məhrum edilmişdi.

2024-cü il 14 aprel tarixində bir qrup ictimai-siyasi xadim, media rəhbərləri, tanınmış şəxslər və Əvəz Zeynallının ailəsi tərəfindən Prezidentə ünvanlanan müraciətdən sonra, 24 aprel 2024-cü ildə Əvəz Zeynallı cəzadan şərti azad edilməklə azadlığa buraxılıb.

Hazırda ailəsi onun səhhəti ilə bağlı ictimaiyyəti mütəmadi olaraq məlumatlandırmağa çalışır. Müalicə prosesi ilə bağlı yeni detallar müəyyənləşdikcə, ictimaiyyətə əlavə məlumat veriləcəyi qeyd olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR