Onlayn ictimai-siyasi qəzet
“Xural” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallının xəstəliyi ilə bağlı cəzasının qalan hissəsindən azad olunması ilə bağlı məhkəməyə etdiyi müraciətə baxılıb.
Musavat.com xəbər verir ki, vəsatətə Nizami rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə keçirilən prosesdə Əvəz Zeynallı iştirak etməyib.
O, məhkəməyə saxlanıldığı cəzaçəkmə müəssisəsindən onlayn qoşulub. Əvəz Zeynallı vəkillərinin vəsatətini dəstəkləyərək qısa şəkildə münasibət bildirib. Deyib ki, səhhəti ağırdır: "Düşünülsün ki, hazırda hər saatın, hər günün ciddi bir hökmü var". Prosesdə Əvəz Zeynallının vəkilləri Rəşad Vaqifoğlu və Fəxrəddin Mehdiyev iştirak ediblər. Vəkillər məhkəməyə Milli Onkologiya Mərkəzinin və Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi həkimlərinin təqdim etdiyi sənədləri təqdim ediblər.
Hakim müraciəti dinlədikdən sonra bildirib ki, Əvəz Zeynallının xəstəliyinin tibbi şəhadətləndirilməsi vacibdir. Bununla əlaqədar müşavirəyə gedən hakim Əvəz Zeynallının Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülüb orada tibbi şəhadətləndirilməsi barədə qərarını elan edib.
Qərara əsasən, Əvəz Zeynallının tibbi ekspertizadan keçirilməsi üçün 1 ay vaxt verilib. Əvəz Zeynallının xəstəliyi ilə əlaqədar azadlığa buraxılması barədə müraciətə müvafiq şəhadətnamə veriləndən sonra baxılacaq.
Qeyd edək ki, bir qədər əvvəl Əvəz Zeynallıya xərçəng diaqnozu qoyulub. Bununla bağlı onun vaxtından əvvəl azadlığa buraxılması barədə müraciət olunub.
Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1-ci maddələri ilə ittiham olunan Əvəz Zeynallı Bakı Ağır Cinayətlər Məhkəməsin hökmünə əsasən, 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Ali Məhkəmə Əvəz Zeynallının şikayətini qismən təmin edərək cəzanı 2 ay azaldıb.
E.MƏMMƏDƏLIYEV,
Musavat.com
24 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ