İnsanlara hürriyət, millətlərə istiqlal!

Etibar Əliyev: “Təhsil və elmə ayrılan vəsaiti dəstəkləyirik”

Deputat Etibar Əliyev “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı elm və təhsillə bağlı çıxış edib.

Musavat.com xəbər verir ki, deputat bunları qeyd edib:

“Ulu Öndərimiz unudulmaz Heydər Əliyevin bir aforizmi millətimizin gələcəyinə baxışı müəyyənləşdirib. “Təhsil millətin gələcəyidir”. Biz qara qızılımızı insan kapitalına çevirməyi qarşımıza məqsəd qoymuşuq. Böyük qələbəmiz də insan kapitalını gücləndirməlidir. Bunun üçün elm və təhsilin sürətli inkişafına nail olmalıyıq. Kim təhsildən və elmdən uzunmüddətdə nəticələr gözləyirsə, o, islahatın əleyhinədər. Biz 32 ildir müstəqil dövlətik. Bu, az zamandır? Büdcə layihəsi ilə tanışlıqdan görürük ki, təhsilə və elmə ayrılan vəsait bu il də artırılıb və bunu dəstəkləyirik. Təhsil xərcləri üçün ayrılmış vəsaitin 2 milyard 372 milyon manatı və ya 51,2 faizi ümumi təhsil xərclərini təşkil edir”.

Etibar Əliyev bildirib ki, “kölgə təhsili”, repetitorluq ilbəil artır:

“Təhsil tədqiqatçıları Bark Breyn və Çeyd Likinz 30-dan çox ölkədə bu istiqamətdə tədqiqat aparıblar. Azərbaycanda yuxarı sinif şagirdlərinin 93 faizi bu xidmətdən istifadə edir. İbtidai təhsil pilləsində təhsil alan uşaqlar da bütövlükdə repetitor təhsilinə cəlb olunublar. Hər bir valideynin övladının təhsilinə illik xərclədiyi pul dövlətin 1 şagirdə xərclədiyi vəsaitdən 3-4 dəfə çoxdur. Əlbəttə ki, məktəb öz funksiyasını layiqincə yerinə yetirə bilsəydi, bu vəsait şagirdlərin geyiminə və qidalanmasına xərclənərdi və daha sağlam nəsil yetişmiş olardı. Uşaqların dərsdən yayınma halları gələcəyimiz üçün böyük fəsadlara səbəb olacaq. Biz hər dəfə bunu deyirik, lakin nəticə yoxdur. Cari tədris ilində bütün ixtisas qrupları üzrə abituriyentlərin təxminən 50 faizi 0-150 bal toplayıb. Bu, funksional savadsızlıqdır. Yuxarı sinif şagirdlərinin dərslərə davamiyyəti ən yaxşı halda 40 faizdir. Diaqnostik qiymətləndirmə, sertifikasiya imtahanları nəticəsində əməkhaqqı artımları və büdcədən ilbəil artan vəsaitin nəticəsi belə olmalıdır?”

E.Əliyev qeyd edib ki, Dördüncü Sənaye inqilabının texnologiyalarının işlənməsi üçün Silikon vadisinə ehtiyac var:

“Peşə məktəblərinin birinin nəzdində bunun yaradılması həm də tədris və təcrübə mərkəzi kimi yararlı ola bilər. Biz 4-cü Sənaye inqilabı dövründə yaşayırıq, lakin peşə təhsilinin kurikulumları və dərslikləri 2-ci sənaye inqilabının dövrünü ehtiva edir. Nəticəəsaslı büdcəyə keçid hələlik inkişafa zəmin yarada bilmir. Ölkədə məktəbəqədər təhsilin əhatə dairəsi - 1693 uşaq baxçası və körpələr evində - 25 faizdir və inkişaf etmiş dünya ilə müqayisədə bu, çox aşağı göstəricidir. Bu, ölkə üzrə göstəricidir, rayonların əksəriyyətində vəziyyət daha acınacaqlıdır, 7-8 faizdir. Niyə statistika orqanları məktəbəqədər təhsilin əhatə səviyyəsini rayonlar üzrə açıqlamır? Niyə dövlət büdcəsindən ayrılan vəsaitlərin məktəbəqədər təhsil və orta təhsil üzrə rayonlar üzrə bölgüsü açıqlanmır? Bəlkə ayrılan vəsaitin 80 faizi Bakıya aiddir?

Qeyd edim ki, məktəbəhazırlıq məktəbəqədər təhsil demək deyil. 2024-cü ilin dövlət büdcəsində baxçaların ərzaq təminatı xərclərində 20%-dən çox - 20 milyon manat - azalma var. Sual edirəm. Səbəb nədir? Bizim mentalitetdə uşaqların qidalanması tərbiyə və təhsil qədər önəmlidir. Bu ilin büdcəsindən icma əsaslı məktəbəqədər təhsilə 12 milyon manat vəsait nəzərdə tutulur. Bunun kimi faydasız və məzmunsuz layihə yoxdur. Bunun əvəzinə regionlarda uşaq baxçaları tikmək olmazdımı?

İcma və layihə adı ilə uşaqlara tərbiyə və təhsil vermək qeyri-mümkündür. Əlimizdə olan vəsaiti rasional xərcləmirik və sonradan sahələr üzrə geriləmələri təhlil edirik. Elm və Təhsil Nazirliyi elmi infrastrukturun idarə edilməsində geniş səlahiyyətlər qazandı. Bu baxımdan indiki büdcə müzakirələrində belə bir sualın cavabı aydın olmalıdır ki, bu struktur islahatları elmin maliyyələşməsində, elm xərclərinin nəticəliliyinin və səmərəliliyinin yüksəldilməsində hansı dəyişikliklərə səbəb olacaq və bu dəyişikliklər hansı mexanizmlər sayəsində mümkün olacaq?

Elmə ayrılan vəsaitin müqabilində elm təkcə sosial funksiya yerinə yetirməkdə davam edir. Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasında ölkədə tədqiqat potensialı yüksək olan 2 universitetin bazasında 2 tədqiqat universitetinin yaradılması nəzərdə tutulur. 3 universitetimizin reytinqdə 800-cü yerə çıxmasını hədəf seçmişik. Bu, qeyri - müəyyən hədəfdir. Bunlar çox böyük maliyyə vəsati tələb edir. Ancaq universitetlərin maliyyə müstəqilliyi varmı? Xeyr. Bu işlərin 2026-cı ilə qədər baş tutması gözlənilən deyil”.

Deputat deyib ki, Ali Attestasiya Komissiyasının ləğvi məsələsi də gündəlikdə durmalıdır:

“Biz 2005-ci ildən Boloniya Bəyannaməsinə qoşulmuşuq. Bu qurumun mövcudluğu Bəyannamə ilə daban-dabana ziddir. Builki büdcə layihəsindən Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi üçün proqnozlaşdırılan vəsait hesabına Ensiklopediyanın növbəti cildlərinin nəşri ilə bağlı işlərin həyata keçirilməsi nəzərdə tutulur.

Təəssüflər olsun ki, Ensiklopediyanın cildlərinin çapı çox ləng gedir. 2004-cü ildən indiyə kimi cəmi 8 cild çapdan çıxıb. Ensiklopediyanın cildlərinin satışının gəlir gətirməməsi xeyli suallar doğurur. Mən bu işi yaxşı bildiyimdən deyirəm. Dünyada elə ensiklopediyalar var ki, gəlirlərinin bir hissəsini dərsliklərin çapına yönəldirlər. Kitab mağazalarında Ensiklopediyanın cildlərinin qalmasının əsas səbəbi təbliğat işinin zəif olması ilə bağlıdır. Qiymət və tiraj da aşağı deyil, hər cild 25 000 nüsxə çap olunur və hər bir cildin qiyməti 50 manatdır”.

Milli Məclisin sədri Sahibə Qafarova deputatın çıxışına belə reaksiya verib:

“Etibar bəy, sizin sözünüzdən elə çıxır ki, ölkədə təhsil yoxdur. Özünüz təhsildən gələn şəxssiniz. Bilirsiniz ki, təhsildə aparılan islahatlar bir, iki ilə nəticə vermir. Bunun üçün ən azı 6-7 il lazımdır. Yenə də bildirirəm ki, ən azı. Reqlament olaraq 10 dəqiqə müəyyənləşdirmişik, yaxşı ki, 15 dəqiqə deyil. Heç olmasa, təhsildə olan uğurlardan, açılan məktəblərdən danışardınız”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR