Onlayn ictimai-siyasi qəzet
(Fazil Mustafanın “Dirilən adamın düşüncələri” kitabı haqqında)
İdeal dövlətdə yaşamaq hər kəsin arzusudur. Bəs, qeyri-kamil cəmiyyətdə belə bir dövlətin qurulması mümkündürmü?
Dövlət haqqında qədim konsepsiyanın müəllifi Platon hesab edir ki, ideal dövlət filosofların yönəltdiyi, hərbçilərin qoruduğu, sənətkarların və əkinçilərin maddi istehsalla təmin etdiyi dövlətdir. Platon dövlətin maraqlarını fərdlərin, dolayısı ilə, cəmiyyətin maraqlarından üstün tuturdu. Yəni, başqa sözlə desək, antik fəlsəfə nəhəngi cəmiyyətin dövlət üzərində deyil, dövlətin cəmiyyət üzərində nəzarətinin tərəfdarı idi. Elə buna görə də Platon demokratiyanı da tiraniya qədər uğursuz hesab edirdi.
Əlbəttə, yazımızda məqsəd Platon dövlətini çözmək deyil, ancaq söhbət dövlət-cəmiyyət-vətəndaş münasibətlərindən gedirsə, bəşəriyyətin qədim müəlliminə mütləq işimiz düşür.
Dövlət necə təşkil olunur, cəmiyyət necə formalaşır, vətəndaş kimdir, necə olmalıdır kimi suallar siyasi fikir tarixinin antik dövrdən Fukuyamaya qədər uzanan nəhəng zaman dalğasında davamlı olaraq dartışılan məsələlər olub.
Ona görə də “dövlət necə idarə olunmalıdır?” sualı siyasi idarəetmənin ən qədim formalarından olan mütləq monarxiyadan parlamentli respublikaya, biraz da irəli getsək, hələ tam təsəvvür edə bilmədiyimiz transhumanist gələcəyə doğru uzun bir yol keçməkdədir.
Bir həqiqət də var ki, hər bir toplumun yaratdığı dövlət onun özünə oxşamağa məhkumdur. Aydındır ki, cahil kütlədən oluşan toplum hüquqi dövlət qura bilməz, eləcə də kamil cəmiyyətdə zorakı, despotik dövlət mövcud ola bilməz. Bu institutların hər biri digərini öz mahiyyətinə uyğun formalaşdırır. Ancaq bu qarşılıqlı uyğunlaşma prosesi heç də nəzəriyyədəki kimi rəvan getmir. Məsələn, Azərbaycanın ideal dövlət konstitusiyasının olduğuna heç kimin şübhəsi yoxdur. Lakin ortaya sual çıxır: Necə olur ki, bu ideal qanunlar bizim dövlət və cəmiyyət strukturlarında lazımınca işləmir? Ən sadə cavab budur ki, biz toplum olaraq, həmin qanunları təbii formada özümüzünküləşdirə, milli psixologiyamıza oturda bilməmişik. Başqa sözlə desək, ictimai şüurumuz konstitusiyamızı yaşam tərzimizə çevirəcək qədər gəlişməyib. Fikrimizcə, bunun əsas səbəblərindən biri sözügedən qanunların milli ruhumuzdan, daxili- mənəvi tələbatımızdan doğulmaması, onların kənardan, hazır qəliblərdə idxal olunmasıdır. Pozitiv yanaşsaq, bu vəziyyəti siyasi inkişaf baxımından dövlətin cəmiyyəti qabaqlaması kimi də başa düşmək olar. Böyük fransız maarifçisi, hakimiyyət bölgüsü konsepsiyasının müəllifi, Ş.L.Monteskyö “Qanunların ruhu” əsərində "qanunlar xalqın ruhuna uyğun gəlməlidir" – tezisi üzərində əsaslı mühakimələr yürüdüb. Monteskyö deyirdi ki, qanun hazırlanarkən və qəbul olunarkən toplumun mədəni səviyyəsi, psixoloji olaraq həmin qanuna hazır olub-olmaması mütləq nəzərə alınmalıdır. Mütəfəkkirin fikrincə, kütləvi şüur səviyyəsindən çox irəli gedən qanunun praktikada ağır maneələr gözləyir. Tarixi təcrübə də göstərir ki, qanunların xalq kütlələri tərəfindən həzm edilməməsi cəmiyyətlə dövlət arasında ziddiyyətləri artırır. Dövlətin yaranması haqqında ictimai müqavilə nəzəriyyəsinin həmmüəliflərindən olan J.J.Russoya görə dövlətlə cəmiyyət arasında ziddiyyətlər kəskinləşərsə, cəmiyyət dövlətlə bağladığı müqaviləyə xitam vermək – yəni dövləti bir institut kimi ləğv etmək potensialını gerçəkləşdirə bilər.
Qayıdaq özümüzə. Biz bütün yaşamımızla hüquqi deyil, ənənəvi cəmiyyətik. Bizim kimi taleyini hüquqa yox, adət-ənənəyə tapşıran toplumlarda məsələn, rüşvət alan, dövlət əmlakını talayan məmurla müqayisədə qısa ətək geyinmiş bir qadın daha çox ictimai qınaq obyektinə çevrilir. Hüquq cəmiyyətində qəsdən adam öldürmək bəraəti olmayan cinayətdir, ənənə cəmiyyətində isə namus üstə öldürməyə bəraət qazandırırlar. Biz hələ ki hüquq, qanun, fərdi azadlıq kimi anlayışları öz yaşam tərzimizə, mənəvi münasibətlərimizin ölçüsünə çevirə bilməmişik. Bu öhdəliyimizi də eynilə başqa işlərdə olduğu kimi bəyənmədiyimiz dövlət babanın üzərinə yıxıb, bacadan hansısa tanımadığımız, özümüzün qazanmadığı hüquqi dövlətin düşməyini gözləyirik.
Bu yazını yazmağıma səbəb bugünlərdə dəyərli fikir adamı, millət vəkili Fazil Mustafanın “Dirilən adamın düşüncələri” adlı kitabını oxumağım oldu.
Bəribaşdan deyim ki, hətta elmi əsərlər belə, müəyyən mənada müəllifin subyektiv düşüncələrini əks etdirdiyi kimi Fazil Mustafanın da bu kitabında şəxsi mülahizələrdən doğan polemik məqamlara rast gəlmək mümkündür.
“Dirilən adamın düşüncələri” dövlət, tarix, cəmiyyət, milli kimlik, siyasi düşüncə, fəlsəfi şüur, ideologiya, din problemlərinə həsr olunmuş ayrı-ayrı bölümlərdən, hər bir bölüm isə anlaşıqlı, publik dildə yazılan tezislərdən ibarətdir.
“Dirilən adamın düşüncələri”ndə müəllifin əsas məqsədi milli və dünyəvi hədəflərimizi müəyyənləşdirmək, həmin hədəflərə çatmaq üçün doğru yolu aramaqdan ibarətdir. Bu prosesdə isə təbii olaraq, qarşımıza xeyli çətin suallar çıxır: haradan başlamalı, hansı mərhələlərlə irəliləməli, nələrdən imtina etməli, inqilaba yoxsa təkamülə can atmalı, maneələri necə aşmalı?
Fazil Mustafa bu suallar üzərində bəzən oxucu ilə birgə, bəzən isə təkbaşına mühakimələr yürüdərək cavab axtarır.
Müəlif ümumilikdə dövlətin və cəmiyyətin sistemli inkişafı üçün ən uğurlu variantı - Avropa təcrübəsini öyrənməyin tərəfdarıdır. Lakin o, həm də siyasətçi təcrübəsindən doğan bir həssaslıqla Avropa dəyərlərini kor-koranə “copy-paste” etməyi yox, həmin təcrübə əsasında milli model yaratmalı olduğumuzu düşünür:
“Bütün çağdaş elm sahələrində məfhum və qaydaları Avropa mədəni mühiti yetişdirir. Dəyişdiriləcək və əlavə olunacaq bir şeyləri şərqli toplumların ortaya qoyması mümkün görünmür. Əslində, bizlərin, yəni Avropa xaricində qalan topluluqların bu cür müəyyən məfhum və qaydaları dəyişdirmək cəhdləri bir yana dursun, onları öz dilimizə çevirməkdən və yorumlamaqdan başqa bir iş də görmürük. İşin sıxıntı verən tərəfi də bundadır. Bütün hadisələri doğru şərh etmək vərdişini inkişaf etdirdikcə, öz məfhum və qaydalarımızı sözsüz ki, yarada bilməyimiz mümkün olacaq. Bunun üçün kənardan gələn hər şeyə qapımızı açıq tutmalıyıq. Bunları müzakirə etməkdən qorxmamalıyıq. Xüsusilə də fəlsəfə və cəmiyyət elmləri sahəsində. Qərbin inkişaf etdirdiyi bu elmləri, elmi məfhum və qaydaları öyrənərək Qərb dünyasına yetişə bilərik”.
Ümumən, Fazil Mustafa bu kitabında həm fəlsəfi axtarışlarda olan bir düşüncə adamı, həm də Azərbaycan toplumunun ənənəvi problemlərini incələyən bir sosiopsixoloq kimi çıxış edir.
Müəllifin ictimai-siyasi fəaliyyətində olduğu kimi burada da yer ayırdığı əsas mövzulardan biri Bütöv Azərbaycanla bağlıdır.
Söz yox ki Bütöv Azərbaycan hər birimizin idealıdır. SSRİ-nin süqutundan sonra Azərbaycanın Quzeyi müstəqillik qazananda Güneydə də milli dirçəliş, birlik hərəkatı vüsət aldı. Fazil bəy həmin illərin, hadisələrin içində olan siyasi fəal kimi 30 il geriyə qayıdaraq düşündüklərini qələmə alıb. Ancaq birlik məsələsində müəllifi daha çox narahat edən məqam, ayrı düşmüş qardaşların tarixi rollarının arzuolunmaz şəkildə dəyişməsidir:
“1989-cu ildə iki fərqli sistem içində yaşayan bir xalq arasında tikanlı məftillərin dağıdılmasından sonra illərlə şairlərimizin duyğuları ilə tərtib etdiyi əvvəlki mənəvi birlik ideyasını da alt-üst edən daha dərin ayrılığın şahidi olduq. Hamımızın ümidlə baxdığımız İran türkünün özünü Azərbaycan türkü kimi tanıması prosesinin güclənməsi əvəzinə, din faktorunun təsiri ilə Azərbaycan türkünün iranlı kimliyinə bağlanışı prosesinin gücləndiyini müşahidə etdik.
Artıq qəbul etməliyik ki, modern milli düşüncəmizin öndəri Məhəmməd Əmin Rəsulzadənin model olaraq gördüyü uzlaşma bağımız olan “Əsrimizin Siyavuşu” gələcəyimizin Siyavuşu ola bilməyəcəkdir. Çünki irançı-şüubiyyəçi düşüncə hər zaman vücudumuzda bir qanqren özəlliyi daşıyacaq və bu qanqren ənənə, din, mentalitet adlarıyla vücudumuzun xəstəliyini sonsuzadək davam etdirəcəkdir”.
Müəllifin ürək ağrısı ilə “qanqren”ə bənzətdiyi bu xəstəlik əfsuslar olsun ki, artıq milli şüurumuza da metastaz verib.
Ona görə də:
“Say hesabı ilə ərazini dolduran Bütöv Azərbaycan əhalisi ilə boşuna qürur duymaq yerinə, yeni dünyanın tələblərini, şərtlərini oxumağa, yaşamağa çalışan ərdəmli Azərbaycan insanı ideyasını önə çəkməyi düşünürük”- yazır Fazil Mustafa.
Ümumiyyətlə biz də belə düşünürük ki, güneyli-quzeyli problemlərimiz təkcə 200 ildir biri-birindən ayrı düşmüş, biri fars, digəri rus imperiyasının tərkibində yaşamağa məcbur olmuş, fərqli kültür və dünyagörüşünü mənimsəmiş iki qardaşın bir araya gəlməsi ilə bitmir.
Məsələn, birlikdən sonra hər iki toplumu gözləyən problemləri Nobel ödüllü alman yazıçısı Günter Qrass özünün “Geniş çöl” adlı romanında detallı canlandırıb. Əsər alman cəmiyyətində 31 illik ayrılığın yaratdığı psixoloji uyğunsuzluqları, şərqli almanların ləğv olunmuş sovet ADR-i üçün necə darıxdıqlarını, uzun müddət birgə həyata öyrəşə bilməmələri kimi məqamları əks etdirir. Bu halda biz də 200 illik ayrılığı göz önünə gətirsək, bizi daha tünd situasiyaların gözlədiyini təxmin edə bilərik. Əlbəttə, inanırıq ki, Bütöv Azərbaycanın gerçəkləşməsi tarixi zərurət kimi nə vaxtsa baş verəcək. Bu, hər birimizin arzusudur. Lakin bu birlikdən sonra hər iki tərəf yeni yaranacaq psixoloji qütbləşməyə, müəyyən sosial uyğunsuzluğa, kiçik arealda olsa belə, kültür toqquşmaları kimi həlli xeyli vaxt aparacaq problemlərə də hazır olmalıdır.
Kitabda tarixdən alınan dərslər, tarixi gerçəkliyin dərki məsələlərinə xüsusi diqqət çəkən Fazil bəyin fikrincə, biz vaxtımızı, enerjimizi qədimlik, ilkinlik uğrunda yarışa sərf etməməliyik. Müəllifin qənaətinə görə dövlətçilik tarixinin yaşı istər 5 min olsun, istərsə 3 min, yaxud ondan biraz az, kosmos əsrinin nəbzi əsla bu ölçülərlə tutulmur.
Zamanın tələbi modern dünyanın şərtləri ilə ayaqlaşmaq, yeni geopolitik savaşlar dönəmində öz müstəqil varlığını sürdürə bilməkdir.
Azərbaycan toplumunun mədəni inkişafına maneə olan amillərdən biri 30 ildən çoxdur, əsasən, qonşu ölkədən ixrac olunan məzhəbçi, siyasiləşmiş, ideoloji silaha çevrilmiş dinin idxalıdır. Söhbət, Fazil bəyin də vurğuladığı kimi ”teoloji islam”dan yox, “ideoloji islam”dan gedir. O, məhz ideoloji islamla – ümumbəşəri anlamını itirmiş, ayətullah zehniyyətinə, vəhabi ideologiyasına çevrilmiş bir dinlə, onun bütün vücudumuza yayılan toksinləri ilə mübarizə aparır.
Bu mübarizə Həllac Mənsurdan Nəsimiyə, Cəmaləddin Əfqanidən, Əli bəy Hüseynzadəyə, Mirzə Fətəli Axundovdan Rafiq Tağıya qədər davam edən mübarizə tarixidir.
Şərqin Martin Lüteri - Cəmaləddin Əfqani XIX əsrdə islam coğrafiyasında böyük maarifçilik hərəkatı başlatsa da bu hərəkat islam dünyasında reformasiyaya gətirib çıxara bilmədi.
İslamda reformanın vacibliyini, paralel olaraq Qərbə nəzər salanda bir daha anlayırıq. Bu bir həqiqətdir ki, xristianlıq XVI əsrdə reformasiyaya məcbur edilməsəydi, XVIII əsrdə Avropada həmin cığırın izi ilə gedən böyük maarifçilik hərəkatı başlaya bilməyəcəkdi. Şərqdə maarifçiliyin baş tutmamasının əsas səbəbi dinin bütün sahələrdə dominantlığının yumşaldılmaması oldu.
Fazil Mustafa deyir ki, sənin kitabını yandıran avropalıya cavab vermək istəyirsənsə, onun kilsəsinə çiçək düz. Kitab yandıranlar bu jestin qarşısında məğlub olacaqlar.
Bu təklif xristian aqressiyasına İsa Məsih təlimini (pisliyə yaxşılıqla cavab ver), müsəlmanın qəzəbinə isə
“Allah bağışlayanları sevər” çağırışını xatırladır.
Fazil Mustafa öz kitabında haqlı olaraq yazır ki, dinin yeri mənəvi anlamda insanın qəlbi, ictimai anlamda isə məscid, kilsə, sinaqoq ola bilər. Bunların dışında istifadə edilən din artıq ruhani mahiyyətdən çıxır, onun bütün mənəvi məzmunu dəyişir, maddiləşir, siyasiləşir, nəhayətdə İŞİD-in konstitusiyasına çevrilir.
Avropa da məhz siyasiləşmiş dini – katolik kilsəsini buxovladıqdan sonra aydınlanma çağına qədəm qoydu.
Azərbaycanda aydınlanma hərəkatı XIX əsrdə meydana çıxdı. Həmin dövrdə neft sənayesinin inkişafı, ilkin kapitalist münasibətlərinin yaranması maarifçi inqilab üçün münbit şərait yaradırdı. Prosesin uğurlu davamı üçün həmin mərhələdə milli burjuaziya yetişməli, bu da öz növbəsində elmi və mədəni inkişafa təkan verməli idi.
Lakin Azərbaycanda bu proses (daha çox daxili faktorlara görə) arzulanan istiqamətdə getmədi.
Təkcə milli mətbuatımızın yaradıcısı Həsən bəy Zərdabinin “Əkinçi” qəzetini nəşr etdirmək, onu ayaqda saxlamaq üçün apardığı mücadiləni, əziyyətləri yada salsaq, həmin dövrdə milli burjuaziyamızın maarifçilərə olan münasibətini dəqiqliyi ilə təsəvvür edə bilərik.
Fazil Mustafa tariximizin bu dönəmi ilə bağlı yazır:
“Biz bir cəmiyyət olaraq nə sənayeləşmə, nə maarifçilik deyilən tarixi təkamülün heç bir mərhələsini keçməmişik. Burjuaziya deyilən təbəqəmiz heç vaxt olmayıb, yanlış olaraq burjuaziya adlandırdıqlarımız da ağıldan deyil, neftdən, qazdan formalaşıb”.
Gerçək acı olur...
***
Demokratiya haqqında söhbətlər xalqımızın çox sevdiyi mövzulardandır. Əksəriyyətimiz demokratiyanı “kim nə istəsə edə bilər” azadlığı kimi dərk edir. Halbuki əksinədir. Demokratiya məhz, istədiyini edə bilməmək şəraitidir. Demokratik ölkələrin elə sərt, ən adi azadlığı buxovlayan qanunları var ki, avtoritar rejimlərin idarəçiliyi onun yanında toya getməlidir. Məsələn, Almaniyada küçədə getdiyin yerdə qəfil özünü pis hiss elədinsə, loru dildə desək, ayaqlarını uzadıb ölməyin məsləhətdir. Çünki heç bir aptek həkim göstərişi olmadan sənə dərman satmayacaq. Həkimin qəbuluna düşmək üçünsə əvvəlcədən növbə tutub həftələrlə gözləməyin lazım gələcək, təbii ki, sağ qalsan. İsveçdə parkların ərazisində piknik etmək qadağandır. Fransada ictimai yerdə “erməni soyqırımı olmayıb” desən, 3 il müddətinədək həbsə düşə bilərsən.
Zibili çeşidləmədən zibil qabına atan vətəndaşı yüksək miqdarda cərimələyən Almaniya hökuməti bugünlərdə etirazlara baxmayaraq narkotikdən istifadəni leqallaşdırmaq qərarına gəlib. Məsələn, axşam saat 6-dan sonra bütün marketlərin bağlanmasını da demokratiyanın xoş əlaməti kimi qəbul etmək çətindir.
Birdəfəlik anlamamız lazım: Demokratiya – sadəcə olaraq, qanunların diktaturasıdır. (Tərif yazıçı Murad Köhnəqalaya məxsusdur.)
Biz niyə demokratiya məsələsində çaşbaş duruma düşürük? Problem həm də ondadır ki, siyasi hakimiyyətdən demokratiya tələb edənlərin bir çoxu öz təfəkküründə demokratik düşüncəni qəbul etməyən insanlardır. Buna ən bariz nümunə kimi məsələn, sosial şəbəkələrdə namus cinayətlərinə yazılan şərhləri göstərmək olar. Sosial şəbəkə istifadəçilərinin əksəriyyəti namus üstə öldürməyə nəinki normal baxır, hətta cinayətkarı az qala qəhrəmana çevirirlər.
Beləliklə, bir daha yazının əvvəlində qeyd etdiyimiz kamil dövlət – qeyri-kamil cəmiyyət paradoksuna qayıdırıq. Gəldiyimiz nəticə budur ki, kamilləşməyən cəmiyyət ideal dövlət yaratma potensialından məhrumdur.
Fazil bəy “Dirilən adamın düşüncələri” kitabında Şərqdə demokratiya məsələsini aşağıdakı kimi çözür və belə bir həll yolu təklif edir:
“Bizim kimi cəmiyyətlər burjua inqilabları mərhələlərini keçmədiyindən, demokratiyanı mənimsəməkdə çətinlik çəkirlər. Vurğulamaq istədiyimiz ana fikir – demokratiyanın Şərqə məxsus xüsusi formasının olmamasıdır. Yəni, liberal- demokratiya bütün dünyada universal olaraq azad və ədalətli seçkiləri, insan haqq və azadlıqlarını, hüququn üstünlüyünü, sərbəst təşəbbüskarlığı, pozitiv hüquq qarşısında hər kəsin bərabərliyini, fərdin üstünlüyünü, inanc və ibadət sərbəstliyini ifadə etməkdədir. Elə düşünməyin ki, hansısa pessimist notlarla biz Norveçə də, Almaniyaya da həsəd aparırıq. Anlayırıq ki, müstəqillik yaşımız 33 olsa da biz ibtidai təhsilə yenidən başlamalıyıq. Yəni yenidən birinci sinfə gedib ibtidai demokratiya təhsili almalıyıq. Bəs bu yolda müəllimimiz kim olacaq? Ancaq kitab və ancaq oxumaq! Həm də oxumaq, oxumaq, yenə də oxumaq!” deyil, “oxuyaraq yeniləşmək, yeniləşərək oxumaq!”
Biz də dəyərli Fazil Mustafanın bu çağırışına qoşulur, hər kəsi OXUMAĞA dəvət edirik.
Şəlalə Göytürk (Nia Qara)
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ