Onlayn ictimai-siyasi qəzet
Efiopiya rəsmi olaraq Britaniyadan 1868-ci il İngiltərə-Efiopiya müharibəsindən sonra ölkədən götürülmüş qədim əsərləri geri qaytarmağı tələb edib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, hakimiyyət tanınmış şəxslərin iştirakı ilə kampaniya və Britaniya hökumətinə müraciət hazırlayır.
“The Daily Telegraph” yazıb ki, ölkə hakimiyyəti Efiopiya pravoslav kilsəsi ilə birlikdə maddi mədəniyyət abidələrinin və müqəddəs obyektlərin bərpasına nail olmaq niyyətindədir.
Təşəbbüsü Turizm Nazirliyi yanında İrs direktorluğu həyata keçirəcək. Məqsədinə nail olmaq üçün petisiya yaratmaq, tanınmış şəxslərin iştirakı ilə genişmiqyaslı PR kampaniyasına başlamaq, həmçinin Böyük Britaniya hökumətinə rəsmi müraciət etmək planlaşdırılır. Efiopiyanın sonuncu imperatoru Ermias Sahle-Selassinin nəvəsi artıq kral III Çarlzdan qiymətli əşyaların qaytarılmasını xahiş edib.
Tarixi əsərlər, o cümlədən qədim əlyazmalar, xaçlar, taclar, liturgik kitablar və tabotlar Britaniya qoşunları tərəfindən Maqdala qalasının yağmalanmasından sonra götürülüb. Bu, imperator II Tevodros tərəfindən avropalıların girov götürülməsinə cavab olaraq Britaniyanın təşkil etdiyi ekspedisiya zamanı baş verib. Bu əşyaların çoxu bu gün şəxsi kolleksiyalarda, Britaniya muzeyində, Bodleian kitabxanasında, Kral kolleksiyasında və digər qurumlarda saxlanılır.
2023-cü ilin oktyabrında ingilis alimi Yakopo Qnişi Efiopiyaya qaytarmaq üçün bu artefaktlardan birini, tabotu əldə edib. 2021-ci ilin əvvəlində Basbi auksion evi Efiopiya səfirliyinin müdaxiləsindən sonra oğurlanmış buynuz fincanları və Kopt İncilini təhvil verməyə razılaşıb.
Musavat.com
24 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ