Onlayn ictimai-siyasi qəzet
Yenilənən Suriya regional planlara yaşıl işıq yandıracaqmı?
Suriyada Əsəd rejiminin devrilməsi bütün dünyanın gündəmindədir. Son 15 ildə bu ölkədə baş verən qanlı vətəndaş müharibəsinin ardından ölkəni bütöv həbsxanaya çevirmiş Bəşər Əsədin silahlı müxalifət tərəfindən hakimiyyətdən uzaqlaşdırılması Suriyanın yenidən dünyanın bir parçasına çevriləcəyinə inamı artırır. Eyni zamanda uzun illər boyu beynəlxalq aləmdə qəbul edilən Suriya hakim rejiminin gözdən düşməsinin, onun devrilməsi üçün planlar qurulmasının səbəbləri geniş müzakirə olunur. Bir çox müşahidəçilər Suriyada son 15 ildə baş verənlərin bilavasitə iqtisadi maraqlarla bağlı olduğunu deyirlər. Bu zaman B.Əsədin icrasına mane olduğu regional və beynəlxalq əhəmiyyətli layihələr qeyd edilir. Söhbət hansı layihələrdən gedir? Bu layihələrin icrasında hansı güclər maraqlıydı və Əsəd niyə onların reallaşmasına imkan vermədi?
Elman Sadıqov
Analitik, iqtisadçı-ekspert Elman Sadıqovun “Yeni Müsavat”a dediyinə görə, Suriyada baş verənlərin əsas bir neçə səbəbi var və bu səbəblərin demək olar ki, hamısı iqtisadi səbəblərdir: “2001-ci ildə ilk dəfə Qətər qazının Suriya və Türkiyə üzərindən Avropaya çatdırılması məsələsi gündəmə gəlmişdi və əslində bu məsələ razılaşdırılmışdı. Bəşər Əsəd əvvəlcə bu layihəyə müsbət fikir bildirsə də, 2006-cı ildə bu xəttin Suriyadan keçməsinin əleyhinə olduğunu elan etdi. Layihə kağız üzərində qaldı. Layihəyə 2 dövlət qarşı çıxırdı: Rusiya və İran. Rusiya düşünürdü ki, Qətər qazı Avropaya çıxsa, "Qazprom" öz dominant mövqeyini itirəcək. O zaman Avropanın idxal etdiyi qazın 40 faizi "Qazprom"un payına düşürdü. İran isə Fars körfəzində (ərəblər də Ərəb körfəzi adlandırır) bəzi qaz yataqları ilə bağlı Qətərlə arasında mübahisə olduğunu bildirir və əslində həm də öz qazını Suriya üzərindən Avropaya çıxarmaq istəməsi səbəbindən Əsədə ciddi təzyiq göstərirdi. Rusiyanın hərbi bazasının və İranı dəstəkləyən qüvvələrin Suriyada güclü mövqedə olmaları səbəbindən Əsəd Suriyanın mənafeyinə uyğun olan və ona milyardlar qazandıracaq bu layihəyə yox deməyə məcbur oldu.
Digər layihə isə Ərəb Qaz Xəttidir. Misir qazını əsas xəttlə İordaniya, Livan və Suriyaya, ayrılmış bir qol ilə isə İsrailə çatdıran və hazırda işləyən bu xəttin növbəti mərhələdə uzadılaraq Türkiyəyə çatdırılması nəzərdə tutulurdu. Sonra isə bu qazın Avropaya çatdırılması da planlaşdırılmışdı. Hətta Türkiyənin ildə 4 milyard kub metr qaz alışını da öhdəliyinə götürən razılıq əldə olunmuşdu. Yenə də yuxarıda qeyd olunan səbəblərdən hər iki dövlətin (Rusiya və İran) təzyiqi ilə Əsəd 2009-cu ildə bu razılaşmanın da ləğv olunduğunu bəyan etdi. Bu isə həm Avropanın, həm Türkiyənin, həm ABŞ-ın, həm də İsrailin səbrini daşırırdı".
Ekspert bildirir ki, qlobal layihələrdə yanaşma tərzi fərqlidir: “Dünyanın bir nöqtəsindən başqa bir nöqtəsinə hər hansı bir resursu daşımaq, nəql etmək planı və ehtiyacı varsa və bunun üçün bir boru xətti, marşrut, dəhliz, dəmiryol xətti çəkilməlidirsə, burada həmin xətlərin keçəcəyi hər hansı dövlətin və ya kənardan 3-cü dövlətlərin bu qlobal planı pozması bağışlanılmır, indiyə qədər də bağışlanmayıb. Çünki hər hansı bir dövlətin dünyanın iqtisadi xəritəsində nəzərdə tutulan bir layihəni pozmasına göz yumularsa, dünya dövlətlərinin kaprizləri artar, beynəlxalq layihələr dövlətlər və rəhbərlərinin əhvali-ruhiyyəsindən asılı olar, şantaj vasitəsinə çevrilər ki, bu da iqtisadi balansları pozar. Dünyanın iki müxtəlif nöqtəsini birləşdirən qlobal layihə 10 dövlətdən də keçəcəksə, keçəcək. Bir-iki dövlətə görə indiyə qədər həyata keçirilməsinə qərar verilmiş heç bir böyük layihə (bir neçə kiçik layihə istisnadır) icrasız qalmayıb.
2010-cu ildə Ərəb baharı başladı. Suriya bu prosesdən Rusiya və İranın köməyi ilə sıyrılıb çıxa bildi. Amma ciddi yara aldı. 13 il ərzində əslində Əsədə çox xəbərdarlıqlar edilsə də, Krımın ilhaqından sonra Rusiyanın Qərblə pozulan münasibətləri, İranın təzyiqləri Əsədə həmin xəbərdarlıqlara qulaq asmağa imkan vermədi. Bu gün baş verən proseslər niyə 13 il ləngidi? Rusiya və İranın zəifləməsi səbəblərdən biridir, amma əsas səbəb deyil. Əsas səbəb o idi ki, Əsədin devrilməsi və Suriyanın parçalanması riski əslində Türkiyə də daxil olmaqla, Qərb üçün də sərfəli variant deyildi. Əsəd bu amili nəzərə alaraq kürd kartından da təzyiq kimi istifadə etməyə başladıqda, həmin kartı ABŞ öz xeyrinə çevirməyə başladı. Hadisələr ciddi risklər formalaşdırırdı. Həm Türkiyə üçün, həm də Suriyanın kontrolsuz bir şəkildə parçalanmasını istəməyən ABŞ və Qərb üçün. Bu məsələdə mənafelər bir nöqtədə kəsişirdi. Əsəd, Rusiya və İran bu amili nəzərdən qaçırdılar. Nəzərdən qaçan əsas məsələlərdən biri də bu idi ki, "Qazprom" artıq öz payını Avropada kifayət qədər itirib. İkincisi, bu kəmərlərə alternativ olaraq çəkilən və Avropanı ehtiyacı olacaq qədər qazla təmin edəcəyinə təminat verilmiş Rusiyanın Nord Stream 2 (Şimal Axını 2) qaz xətti 2022-ci ilin 26 sentyabrında partlamışdı.
Əsəd 2 dövləti, erməniləri (erməni amilinin Fələstin, Livan, İran və Suriyada birləşdirici rolu, Fransanın həm erməni lobbisi, həm də sadalanan bu dövlətlər vasitəsilə Afrikada itirdiyi nüfuz dairəsini Yaxın Şərqdə saxlamaq istəyi, oynadığı oyunlar ayrıca mövzudur. Bir neçə ay öncə İsrailin Makrona xəbərdarlığı təsadüfi deyildi) və kürd kartını özünə dəstək hesab edərək ABŞ, Avropa, Türkiyə, İsrail, Misir və digər dövlətləri qarşısına aldı. Nəticə məntiqli idi".
E.Sadıqovun sözlərinə görə, ermənilər Əsədi canfəşanlıqla müdafiə edirdilə: “ Bütün dünya mətbuatında Suriyada baş verənlərin "qaz xətti müharibələri" olmadığına inandırmaq, burada iqtisadi məsələnin olmadığı, ABŞ-ın, sadəcə, Suriyanı bölmək istəməsi ilə bağlı təbliğat xarakterli yazılar kütləvi şəkildə məhz erməni lobbisinə yaxın mətbuat orqanlarında çap olunurdu. Amma bir əsas məntiq nəzərdən qaçırdı. Heç bir siyasi addım iqtisadi mənafe olmadan həyata keçməz. Buna lüzumsuz xərc kimi baxılır.
Baş verən proseslərdən çıxarılacaq nəticələr çoxdur. Əsəd balanslı siyasət yürüdə bilmədi, siyasətini 2 dövlətin yanında olmaqla qurdu və qlobal layihələrə qarşı çıxdı. Həm də bunu öncə razılıq verdiyi layihələrə sonra yox deməklə etdi. Qlobal layihələrlə bağlı öhdəlik götürmək məsuliyyətini, öz dövlətinin mənafeyini önə çıxarmaq cəsarətini özündə tapa bilmədi. O bilirdi ki, böyük qlobal layihələri pozmağın, dövlətin başçısı kimi bu layihələrdə öz öhdəliklərini yerinə yetirməməyin ağır bədəlini ödəyəcək. Son aylarda razılaşmaq istəkləri ilə bağlı fikirlərini bildirir, Türkiyə, İsrail, Qərbə barışıq mesajları göndərmək istəyirdi. Gec idi..."
Onu da qeyd edək ki, son 30 ildə Azərbaycan Rusiya və İranın mənafelərinə zidd olan böyük enerji layihələri həyata keçirib. Bakı neftini və qazını dünya bazarına daşıyan dəyəri 100 milyard dollara yaxın olan iki böyük layihə reallaşdırılıb. Bu gün Azərbaycan öz neft-qazını müasir boru infrastrukturu ilə rahatlıqla qlobal bazarlara çıxara bilir. E.Sadıqovun fikrincə, buna rəsmi Bakının öz xarici siyasətində balansı qoruya bilməsi imkan verib: “Bütün bu prosesləri izlədikdə Suriya kimi böyük dövlətin balanslı siyasət qurmaqda çətinlik çəkməsi, balansları ölçə bilməməsi, öz öhdəliklərini yerinə yetirməməsi, bir-iki dövlətin təzyiqi altında bu qədər ciddi səhvlərə yol verməsinin nə qədər təhlükəli olduğunu görürük. Bir az daha dərindən fikirləşdikdə dünya xəritəsində kiçik ərazisinə görə zorla görünən Azərbaycanın bir neçə böyük qlobal layihəni həyata keçirməsi, öhdəliklərini yerinə yetirməsi, həm təzyiqləri dəf etməsi, həm də balanslı siyasətlə dövləti və xalqı təlatümlərdən kənarda saxlamasının nə qədər çətin və mürəkkəb olduğu, hansı çətin proseslərdən keçdiyi bir daha aydın olur. İçərisində olduğumuz qlobal layihələrlə bağlı ölkəmizə də az təzyiqlər olmadı, amma çəkinmədik, səhv istiqamətdə getmədik və təzyiqlərə dözdük”.
Yeri gəlmişkən, artıq Suriyanın yeni hökuməti ilə Əsədin geri çəkildiyi layihələrin bərpası istiqamətində əlaqələrin qurulması məsələləri müzakirə olunmağa başlayıb. Belə ki, Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın açıqlamalarından sonra Türkiyədə strateji əhəmiyyətli Qətər-Suriya-Türkiyə qaz kəməri layihəsi ilə bağlı müzakirələr yenidən canlanıb. A.Bayraktar Suriyadakı hadisələri şərh edərkən Qətər təbii qazının Türkiyə üzərindən Avropaya nəqli ilə bağlı layihənin yenidən canlandırılması ehtimalını belə şərh edib: “Ərazi bütövlüyünü təmin etmiş və sabitlik əldə edilmiş Suriya üçün niyə olmasın? Fövqəladə fürsət ola bilər”.
Suriyada uzunmüddətli qaranlıq və qapalı rejim hakimiyyətdən uzaqlaşdırılıb. Hakimiyyəti ələ alan qüvvələr hələlik ölkənin beynəlxalq layihələr üçün qapalı olacağına dair hər hansı fikir səsləndirməyiblər. Əksinə, ölkənin maraqları naminə regional və beynəlxalq layihələrin icrasına maraq ifadə olunub. Bu isə yarım qalan layihələrin mövcud şərtlərə uyğunlaşdırılması şərtilə yenidən bərpa olunması üçün əlverişli zəmin formalaşdırır.
Dünya SAKİT,
“Yeni Müsavat”
05 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ