Onlayn ictimai-siyasi qəzet
Ermənistanla müharibəmiz bitməyib, davam edir. Söhbət təkcə diplomatik, siyasi, hüquqi, təbliğat müstəvisində müharibədən getmir, elə sözün həqiqi mənasında savaş gedir. Düzdür, aktiv faza geridə qalıb, 44 günlük Vətən müharibəsindən sonrakı illərdə və qısamüddətli antiterror əməliyyatları zamanı istisna olmaqla. Amma sülh yoxdursa, demək müharibə var. Üstəlik, faktlar bunu təsdiqləyir: son günlərin xəbərlərinə diqqət edək...
Aprelin 2-də Ağdamın Çəmənli kəndi ərazisində, rayon sakini, 1968-ci il təvəllüdlü Nurəddin Abbasov keçmiş təmas xəttində, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən piyada əleyhinə minanın partlaması nəticəsində ayağından xəsarət alıb.
Aprelin 6-da işgaldan azad edilmiş Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində baş verən mina partlaması zamanı Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı xəsarət aldı. Xidməti vəzifəsini icra edərkən yaralanan əməkdaşın bir ayağı topuq nahiyyəsinin amputasiyası olundu. Sonradan bidlirildi ki, minaya düşən Heydər Xankişiyevin atası Əli Xankişiyev polis çavuşudur və Birinci Qarabağ Müharibəsi zamanı, 1991-ci ilin 14 noyabrında Cəbrayıl rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Diqqət edin, bir ailənin nümunəsində Ermənistanla savaşın dayanmadığını görürük, atası şəhid olan oğul da erməni terrorizminin qurbanı olub...
Yenə eyni gündə Ağdamda mina partlaması nəticəsində 3 nəfər xəsarət aldı. Rayonun Qalayçılar kəndi ərazisində baş verən mina hadisəsi nəticəsində xəsarət alan 3 nəfər – 1983-cü il təvəllüdlü Qalayçılar kənd sakini Məmmədov Səbuhi, həmçinin onun 3 yaşlı qızı və 11 yaşlı oğlu müxtəlif dərəcəli xəsarətlərlə hospitala yerləşdirilib.
Bu gün, 7 apreldə isə daha dəhşətli xəbər yayıldı. Cəbrayıl rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən ərazidən tapılan sursat partlayışı nəticəsində Dövlət Sərhəd Xidmətinin (DSX) hərb qulluqçusu, kiçik gizir Musazadə Əsgər Nicat oğlu müxtəlif dərəcəlı bədən xəsarətləri alaraq şəhid olub.
Bunlar təkcə son bir neçə günün acı statistikasıdır. 2020-ci ildən etibarən Ermənistan tərəfdən basdırılmış minalar, həmçinin partlamamış hərbi sursatların partlaması nəticəsidə 392 nəfər (!!!) həlak olub, yaxud yaralanıb! Baxmayaraq ki, Ermənistanın baş naziri 10 noyabr 2020-ci ildə üçtərəfli bəyannaməni – kapitulyasiya aktını imzalayıb və üstündən 5 ilədək vaxt keçir. Amma sadaladığımız dəhşətli statistika fonunda müharibənin başa çatdığını deyə bilərikmi? Təbii ki, yox! Müharibə o zaman başa çatardı ki, tərəflər bir-biri ilə müharibənin ağır nəticələrinin ortadan qaldırılması istiqamətində əməkdaşlıq edərdilər. Ermənistan isə rəsmi Bakının davamlı çağırışlarına baxmayaraq, mina xəritələrini təqdim etmir.
Hətta 44 günlük müaribədən sonra Rusiya “sülhməramlı” kontingentinin müşayiəti ilə Qarabağa mina, silah-sursat daşınmasını əks etdirən videokadrları yaxşı xatırlayırıq. Hətta rus hərbçilərinin gözləri qarşısında Qarabağdakı işğalçı ordunun qalıqları yeni “təmas xətti” qurarkən çoxsaylı minalar basdırdılar torpaqlarımıza. Sonradan Fərrux dağı istiqamətində keçirilən əməliyyat zamanı ordumuz müəyyənləşdirdi ki, həmin minalar 2021-ci ildə Ermənistanda istehsal olunub, yəni müharibə başa çatandan sonra! Azərbaycanın təqdim etdiyi faktlara nə beynəlxalq birlikdən, nə də Ermənistandan reaksiya gəlmədi və terrorun davamını izlədik.
Bu yaxınlarda Ermənistan XİN təmsilçisi iddia etdi ki, guya İrəvandan Bakıya minə yaxın xəritə göndərilib. Amma bilirik ki, “xəritə” adı altında təqdim olunanların azı 75 faizi saxta idi, nəticəsi də ortada.
Bu günlərdə,
“Biz beynəlxalq ictimaiyyəti minaəleyhinə fəaliyyətin aktuallığını tanımağa, davam edən minatəmizləmə səylərində Azərbaycanın yanında olmağa, o cümlədən günahsız insanların həyatını təhlükə altına almaqda davam edən və münaqişədən sonrakı bərpaya mane olan Ermənistanı məqsədyönlü və genişmiqyaslı minalarla çirklənməsinə görə məsuliyyətə cəlb etməyə çağırırıq”, Azərbaycan XİN-in müraciətində deyilir.
Ombudsman Səbinə Əliyeva da Cəbrayıl və Ağdamda baş vermiş mina partlayışları ilə bağlı müraciətində “beynəlxalq ictimaiyyəti minatəmizləmə fəaliyyətlərinin təxirəsalınmazlığını qəbul etməyə, Azərbaycanın davam edən mina təmizləmə səylərinə dəstək olmağa və həmçinin Ermənistanı məqsədli şəkildə və geniş miqyasda basdırılmış minalara görə məsuliyyətə cəlb etməyə çağırırıb”. Amma reaksiya “0”. Azərbaycan erməni vandalizminin nəticələrini aradan qaldırmaqdadır, şəhər tikir, kənd salır, əhalini öz yurdlarına qaytarırır. Dövlət vətəndaşlarımızın təhlükəsizliyi naminə rəsmi icazə ilə azad olunmuş ərazilərə gediş-gəlişi təmin etsə də, erməni terrorunun qurbanlarının sayı azalmır. Amma bir anlıq təsəvvür edin, dövlətin məsələyə həssas yanaşması olmasa, nələr baş verər...Ermənistanın vaxtilə işğal etdiyi ərazilərimizdə milyon yarım mina basdırdığı bildirilir və onun təmizlənməsi üçün on illər lazım gələcək. Mina xəritələri təqdim olunsa, hətta vaxtilə minaları bu ərazilərdə basdıran erməni hərbçilər, zabit və əsgərlər prosesə cəlb olunsa, qurbanların sayını kifayət qədər azaltmaq mümkündür. Ancaq Ermənistan bu istiqamətdə humanitar addım atmaqdan imtina edir, Azərbaycanın qurbanları artsın deyə. Belə ölkənin sülhünə etibar etmək olarmı?!
Amma Ermənistanın birtərəfli savaşı mina terroru ilə bitmir. Aprelin 6-sı axşam saatlarından aprelin 7-si saat 04:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus, Qarakilsə, Basarkeçər, Keşişkənd, Tovuzqala və Çəmbərək rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə intensiv atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.
Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb. Martın ikinci yarısından atəşkəs intensiv şəkildə pozulur. İndi siz deyin, müharibə bitib, yoxsa davam edir?..
07 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ