İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın ABŞ-la demokratiya “bazarlığı” bitir – Xamenei Pezeşkiana nə demişdi...

Donald Tramp hökuməti sarıdan Ermənistanda dərin bir məyusluq yaşanır. Əsas da o səbəbə ki, İrəvan rəsmiləri daha “demokratiya” anlayışını “demokrat” Bayden kimi respublikaçı Trampa da baha “sata”, həyasızcasına bu dəyərlə Azərbaycana qarşı manipulyasiya edə, özlərini qiymətə mindirə bilmirlər. Bazar tam bağlanmasa da, xeyli daralıb.

Hayların başqa bir təlaşı yanvarın 14-də, Trampın andiçməsindən cəmi 6 gün öncə Vaşinqtonda imzalanmış ABŞ-Ermənistan Strateji Tərəfdaşlıq Xartiyası ilə bağlıdır. Məlumdur ki, Paşinyan iqtidarı sənədi xarici siyasətin mühüm uğuru, hətta az qala, Amerikadan ölkəsinə təhlükəsizlik zəmanətini almaq kimi təqdim etmişdi.

İmzalanma mərasimindən sonra isə ovaxtkı dövlət katibi Entoni Blinken bildirmişdi ki, “Birləşmiş Ştatların gömrük və sərhəd təhlükəsizliyi komandası (oxu: hərbi təyinatlı kəşfiyyat qrupu – Z.S.) Ermənistanın sərhəd təhlükəsizliyi potensialını inkişaf etdirmək üçün” yaxın həftələrdə kapitulyant ölkəyə gələcək. Lakin üstündən 2 aya yaxın vaxt keçsə də, amerikalı sərhədçilərdən xəbər yoxdur...

DOVLET SON.jpeg (31 KB)

Ötən həftə bu mövzuda danışan Ermənistanın Dövlət Gəlirləri Komitəsinin sədr müavini Rafael Gevorkyan gecikmə faktını təsdiqləsə də, əlavə şərh verməyib. Bu gün isə eyni mövzuda xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan bildirib ki, guya amerikalı mütəxəssislərin gəlişi Ağ Evdə administrasiya dəyişikliyi ilə əlaqədar gecikir. Erməni diplomat ardınca iddia edib ki, yanvar razılaşması ləğv edilməyib. O, həmçinin qeyd edib ki, məsələ qonşu İranla da razılaşdırılıb.

Qəribədir, deyilmi? Bir yandan İranın ali lideri Əli Xamenei prezident Məsud Pezeşkiana ABŞ-la danışıqlar aparmağı qadağan edir, bunun mənasız olduğunu söyləyir, digər yandan isə İran öz sərhədində “gömrükçü” adı ilə amerikalı casusların yerləşdiriıməsinə razılıq verir?

Əslində nəzərə alanda ki, rəsmi Tehran Avropa İttifaqının sərhəddəki yarım-hərbi müşahidə (casus) missiyasını da iki ildir görməzlikdən gəlir, o zaman təəccüblənməyə dəymir. Hər necə olsa, cənub qonşumuzun erməni sevdasının real və acı təzahürlərini işğal dövründə də, ondan sonra da çox görmüşük. Ancaq bu qədərini yox?..

Məntiqlə İrana daha çox nifrət edən Tramp və komandası amerikalı gömrükçü-kəşfiyyatçıların İranla sərhəddə yerləşməsində maraqlı olmalıdır. Ancaq əvvəla, ABŞ hökumətinin başı indilikdə daha vacib işlərə, o sırada Ukrayna məsələsinə qarışıb. Yəni hazırda o, Güney Qafqaz hayında deyil, o ki ola qucaqdan-qucağa tullanmağı sevən cırtdan Ermənistan.

Təsadüfi deyıl ki, Trampın andiçməsindən az sonra – ötən fevralda tez-tələsik Vaşinqtona qaçan baş nazir Nikol Paşinyanı yalnız vitse-prezident Cey Di Venslə görüşə bilmişdi, o da sonuncunun sadə iş kabinetində...

İkincisi, “Güney Qafqaz” deyəndə göz önünə heç bir dəyərli mineral ehtiyatı olmayan, dənizlərə çıxışdan məhrum “dalan” Ermənistan yox, həm təbii sərvətlər və logistika, həm də iqtisadi-hərbi güc baxımından bölgənin açar dövləti sayılan, İranın və Rusiyanın yedəyində getməyən, dənizə çıxışı olan Azərbaycan gəlir. Üstəgəl, Tramp xarakter etibarilə qaliblərlə işləməyi xoşlayır.

Odur ki, erməni rəsmilər amerikalı gömrükçüləri hələ çox gözləməli olacaqlar. Hardasa 4 il. Ondansa ən faydalısı Azərbaycanla sülh müqaviləsini tezləşdirmək barədə düşünsələr, ən böyük yaxşılığı elə özlərinə, öz xalqına eləmis olarlar. Şərtlər çoxdan bəlli və masada. O halda heç bir xarici casus missiyasına və ya kəşfiyyat qrupuna da ehtiyac qalmaz. Ona görə ki, təhlükəsizliyə ən etibarlı zəmanəti qonşular verir...

Z.SƏFƏROĞLU

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Mart 2025

BÜTÜN XƏBƏRLƏR