İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda “Qisas” sonrası panika - “Azərbaycan İrəvanadək gələcək...”

Kapitulyant ölkənin son şansı: Qarabağdan imtina edib Ermənistanı qazanmaq; ekspertlər deyir ki...

“İndiki çətin şəraitdə Ermənistan üçün imkan pəncərəsi ancaq hakimiyyət dəyişikliyi ilə açıla bilər. Əks halda, Azərbaycan İrəvana qədər irəliləmək üçün legitim zəmin hazırlayır və vəziyyətin imkan verdiyi qədər irəli gedəcək”.

Bunu Ermənistan parlamentinin müxalifətçi deputatı Tiqran Abramyan öz Facebook səhifəsində yazıb. “Ermənistan hakimiyyəti hazırkı mərhələdə Azərbaycanın irəli sürdüyü siyasi tələbləri təcili şəkildə yerinə yetirib. Azərbaycan qoşunları isə hərbi cəhətdən Qarabağ istiqamətində yenidən yerdəyişmə etməklə mühasirəni getdikcə daraldır, təzyiqləri artırır. Və həm siyasi, həm də hərbi və regional baxımdan bu, kifayət qədər dəqiq hazırlanmış bir əməliyyat idi (”Qisas əməliyyatı" nəzərdə tutulur - red.) İndiki hərbi-siyasi şərtlərdə Ermənistan hakimiyyətinin artıq hərəkətə keçmək və hər hansı addım atmaq imkanı yoxdur - hətta hansısa möcüzə nəticəsində bir istək yaransa belə", - deyə müxalifətçi əlavə edib.

Abramyan kimilərin təlaşı əslində haqlıdır. Azərbaycan Ordusunun İrəvana kimi gəlməsi üçün tarixi və hüquqi zəmin də var. Ancaq kapitulyant ölkədə yaşanan və getdikcə güclənən bu təlaşdan etibarlı şəkildə qurtulmağın tək yolu məlum: Ermənistanın vaxt itirmədən Azərbaycanla Bakının irəli sürdüyü 5 bəlli prinsip əsasında sülh müqaviləsi imzalaması, iki qonşu ölkənin bir-birinin ərazi bütüövlüyünü tanıması. Bu barədə Azərbaycan rəhbərliyi dəfələrlə İrəvana müraciət və çağırışlar edib: Qarabağdan imtina edib, Ermənistanı xilas etmək, Ermənistanı qazanmaq. Ermənilər isə hər ikisini istəyirlər. Bu da heç vaxt mümkün olası deyil.

Başqa sözlə, radikal-revanşist abramyanların iddia elədiyi kimi, Nikol Paşinyanın hakimiyyətdən getməsi ilə heç nə dəyişməyəcək. Dəyişə bilməz. Bunu bütün erməni radikalların öz qulaqlarında sırğa etməsi lazımdır. Bəs Paşinyan Bakı ilə sülh müqaviləsi imzalamağa niyə tələsmir? Qarabağ onsuz da əldən çıxıb, heç olmasa Ermənistanı xilas edə biləcəkmi? Revanşistlər imkan verəcəkmi?

Ayağımız altındakı “ölüm tələləri” - Ərazimiz minalardan neçə ilə  təmizlənəcək?

 Şəhla Cəlilzadə

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə Azərbaycanın hazırda Ermənistanı sülhə məcburetmə siyasəti yürütdüyünü qeyd etdi: “Ermənistanda siyasi atmosfer hələ ki qeyri-müəyyəndir və məhz bu səbəblə 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəaları yerinə yetirilmir. Ermənistan hakimiyyəti öncə Azərbaycanın sülh üçün elan etdiyi 5 baza prinsipi qəbul edib, daha sonra isə Qarabağdakı qeyri-qanuni xunta üçün xüsusi status və imtiyaz tələbləri irəli sürürdü. Ən son Paşinyanın kadrı (A.Qriqoryan) əvvəlcə Azərbaycanın ərazi bütövlüyünün tanındığını, Qarabağla bağlı tələbin, sadəcə, Qarabağ ermənilərinin təhlükəsizliyinin təmin olunması məsələsi olduğunu bildirir, bu açıqlamanın üstündən bir-iki gün keçməmiş yenidən statusa, Laçın dəhlizində Azərbaycanın yaratdığı yeni reallıqlara dair absurd fikirləri ortaya atır.

Bilirik ki, bütün savaşlar barış üçün aparılır. Odur ki, Azərbaycan hazırda Ermənistanı sülhə məcbur etməklə məşğuldur. Avqust ayında Azərbaycan tərəfindən antiterror əməliyyatının keçirilməsi də məhz Ermənistanı sülhə məcbur etmək, götürdükləri öhdəlikləri yerinə yetirməyə vadar etmək üçün idi. Bu mənada Azərbaycan öz istəklərinə nail olur. Məhz bu əməliyyatın nəticəsidir ki, 25 avqustda ermənilər Laçın dəhlizindən və hazırda yaşadıqları kənddən çıxacaqlar. Həm də avqust ayı ərzində Brüsseldə Paşinyan və cənab Prezident Əliyevin növbəti görüşü olacaq ki, Azərbaycan sülh prosesi ilə bağlı danışıqlar masasına əli daha güclü oturacaq. Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlar məhz sülh üçün açılan qapıları bir az da genişləndirir. Bir sözlə, Azərbaycan Ermənistanı sülhə məcbur edir. Bu, həm də qlobal aləmdə baş verən hadisələrin fonunda daha da əhəmiyyətli hala gəlib. Rusiyanın Ukrayna müharibəsi, Avropanın Azərbaycandan qaz asılılığı, regional və qlobal kommunikasiya üçün yeni yollara yaranan ehtiyac Ermənistana Avropanın da sülh istiqamətində təzyiqlərini artırmaqdadır. Bu prosesi ya Paşinyan, ya da ona alternativ qüvvələr davam etdirməyə məcburdurlar. Revanşistlərin bu prosesə alternativ yolu yalnız uzun illər boyu status-kvonu qorumaq və yeni qlobal dəyişiklik və fürsət düşən kimi bu status-kvonu dəyişdirməkdir.

Amma artıq 90-lar deyil və Azərbaycanın prezidenti də zamanı çox yaxşı idarə edir. Artıq ermənilərin zamanla manipulyasiya etmək imkanları yoxdur, çünki qarşılarında fəaliyyət gündəliyi, cədvəli, “taym-teybl”ları var. Bu cədvəldəki saatları və dəqiqələri isə Azərbaycan əsgərinin dəqiq hesablanmış sahə fəaliyyəti sığortalayır. Gerçəkləri dərk edən ermənilər artıq Azərbaycan vətəndaşlığı üçün müraciət edirlər. Xüsusilə sülh gündəliyi inkişaf etdikcə, Azərbaycan erməni revanşistləri məhv etdikcə bu proses daha da sürətlənəcək. Artıq Qarabağ ermənilərinin iki yolu qalır: ya vətəndaşlığı qəbul etmək, ya da bölgədən birdəfəlik çıxıb getmək".

Laçın şəhəri bizdə olacaq - bu tarixdə!!! Yeni yolla bağlı kritik gözlənti

Asif Nərimanlı

Siyasi analitik Asif Nərimanlı düşmən ölkədə qiyam ssenarisini mümkün sayır: “Bu proses Ermənistan üçün göründüyündən daha çox qəlizdir, çünki məsələ təkcə Qarabağa iddiadan imtinadan yox, həm də erməni ideologiyasının kökündən dəyişməsi deməkdir. Erməni millətçiləri və sonradan Azərbaycan torpaqlarının hesabına yaradılan Ermənistan dövləti, həmçinin bu gün dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən erməni diasporu həm qondarma ”soyqırım" iddiaları, həm də “dənizdən dənizə” ideologiyası üzərindən fəaliyyət göstərib, erməniliyi bunların sayəsində saxlayıblar. Ermənistanda hesab edirdilər ki, Qarabağ məsələsi həll olunub və artıq digər ərazilərin ələ keçirilməsi istiqamətində işləmək lazımdır. Lakin Qarabağın işğalı Ermənistan üçün ağır nəticələrə gətirib çıxardı, nəticə etibarı ilə də zəbt etdikləri torpaqları əllərində saxlaya bilmədilər.

İndi Qarabağı Azərbaycan ərazisi kimi tanımaq son bir əsrdə formalaşdırılan erməni ideologiyasının alt-üst olması deməkdir. Paşinyan Ermənistanı xilas etmək naminə bundan imtina etmək istəsə belə, prosesin hansı effekt verəcəyini hesablaya bilmir. Çünki Ermənistanın yeganə xilası Azərbaycanın ərazi bütövlüyünü tanıdıqdan sonra Türkiyə ilə münasibətlərin qurulması, eləcə də ərazi iddialarından əl çəkməsindən keçir. Bu da qondarma “soyqırımı” ideologiyasının da arxa plana keçməsi ilə nəticələnəcək. Bu proses Paşinyanın təkcə hakimiyyətdən devrilməsi ilə yox, hətta fiziki məhvi ilə də nəticələnə bilər. Ermənilərin tarixi bunun mümkünlüyünü istisna etmir. Bu baxımdan, Paşinyan hakimiyyəti Qarabağda qalan “etnik ermənilərin” bu və ya digər formada mövcudluğunu qorumağın yollarını axtarır. “Status” və muxtariyyət istəklərinin mümkün olmadığını gördüyü üçün də məsələni Rusiyanın üzərinə qoymaq niyyətindədir. Bu, Paşinyanın siyasi oyunudur. Moskva üzərindən Bakıya təzyiq etmək və Xankəndindəki etnik ermənilərin hansısa formada idarəçiliyinə nail olmaq istəyir, bu baş verərsə, o, bunu özünün uğuru kimi təqdim edəcək. Bakı və Moskvanı üz-üzə qoymaq və bu prosesdən qazanclı çıxmaq istəyir.

Qarabağda ermənilərin heç bir idarəçiliyi alınmasa, bu, belə də olacaq və Paşinyan da bunun belə olacağını bilir, o zaman günahın Rusiyada olduğunu deyərək, ən azı məsuliyyəti bölüşdürmək istəyəcək. Hərçənd bu oyunu Rusiya da bilir və Moskva maksimum çalışır ki, Azərbaycanla üz-üzə gəlməsin. Çünki Rusiyanın maraqları təkcə Qarabağda yox, Cənubi Qafqazda var. Qarabağ bu maraqların təmin edilməsi üçün rıçaqlardan biri olsa da, Qarabağa görə bütövlükdə regionu itirmək istəmir.

Fikrimcə, Ermənistan Azərbaycanla sülh sazişini imzalamağa məcbur olacaq. Bütün tərəflərin - Rusiyanın, Türkiyənin və Qərb ölkələrinin bu prosesdə öz maraqları olsa da, hər kəsin getdiyi ünvan eynidir. Bu prosesdə Paşinyan hakimiyyətinin taleyinin necə olacağını təxmin etmək çətindir, çünki revanşistlərin küçə etirazı ilə onu devirməsi mümkün olmasa da, fiziki məhvi, yaxud silahlı qiyam ssenariləri ola bilər".

Ağdamda görüşərik- Kənan Novruzov yazır

Kənan Novruzov 

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov Paşinyan iqtidarına hələlik təhlükə görmür: “Bizim hazırda İrəvana heç bir ərazi iddiamız yoxdur. Bu mənada Ermənistan siyasətçilərinin narahat olmasına əsas yoxdur. Bizim istəyimiz işğal altındakı torpaqlarımızın qaytarılmasıdır. Bu proses tez və ya gec həllini tapacaq. Ya hərbi, ya da diplomatik yolla. Sizin dediyiniz kimi, rəsmi İrəvan Qarabağı sivil qaydada təhvil versə, Ermənistan üçün təhlükə olmayacaq. Lakin nəzərə almaq lazımdır ki, İrəvan da bizim tarixi torpaqlarımızdır. Bunu təsdiqləyən xeyli fakt var. Yəni Ermənistan hakimiyyəti öhdəliklərindən boyun qaçırsa, biz haqlı olaraq İrəvana da iddia edə bilərik. Bu isə Ermənistan hakimiyyəti üçün daha arzuolunmazdır.

Etiraf etmək lazımdır ki, istənilən ölkədə müxalifətdə təmsil olunmaq daha asandır, nəinki iqtidarda. Abramyan istədiyini deyə bilər. Doğrudur, müxalifət Qarabağın Azərbaycana qaytarılmasına razı deyil. Bu “kart”la Pasinyana təzyiq edir. Amma başa düşmək lazımdır ki, baş nazir və komandası bəzi hallarda sərgilədiyi qismən konstruktiv mövqe ilə əslində Ermənistan dövlətçiliyinin gələcəyini qoruyur. Əgər hakimiyyətdə müxalifət nümayəndəsi olsa, onda ərazi iddiaları, sərsəm bəyanatlar davam edəcək. Bu isə Ermənistan üçün daha ciddi təhlükədir. Hərçənd Abramyan və onun kimilərinin hakimiyyətə gələndə necə davranacaqları sual altındadır. Bir sözlə, hazırda Ermənistan dövlətçiliyi üçün təhdid yoxdur. Bu, öhdəliklərimiz yerinə yetirilənə qədər belə davam edəcək. Müxalifət nümayəndələrinin səsləndirdiyi fikirlər isə sadəcə, daxili auditoriyaya hesablanıb. Düşünürəm ki, hazırda Paşinyan iqtidarı üçün təhlükə yoxdur. Buna nə Rusiya razı olar, nə də Türkiyə".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR