Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi bu gün Qazaxıstanın Almatı şəhərində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqlar davam etdiriləcək. Nazirlər “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsi üzrə müzakirələri davam etdirəcəklər.
Bu ərəfədə isə arxiyepiskop Baqratın çağırışı ilə bu gün İrəvan və Ermənistanın regionlarında dinc itaətsizlik aksiyaları başlayıb. Vətəndaşlar saat 11:00-dan etibarən Pobeda körpüsünü bağlayıblar. Tbilisi şosesi də Eraz parkının kəsişməsində və Sasuntsi David stansiyası ilə üzbəüz bağlıdır.
Qeyd edək ki, dünən Tavuş yeparxiyasının primatı arxiyepiskop Baqrat Qalstanyan bu gün Ermənistanda, İrəvanda və regionlarda 10 yerdə dinc etiraz aksiyalarının keçiriləcəyini bildirib.
“Şübhəsiz ki, Qazaxıstanda keçirilən görüş ərəfəsində bu cür aksiyaların aktivləşməsi təsadüfi deyil, xarici qüvvələrin bu məsələdə rolu var. Xarici qüvvələrin burada əsas məqsədi, niyyəti Paşinyan hökumətinə təzyiq etmək, Azərbaycan və Ermənistan arasında gedən sülh prosesinə mane olmaqdır. Yəni Paşinyan hökumətinə təzyiq edərək, demək istəyirlər ki, sən bizim istədiyimiz tərzdə hərəkət etməsən, devriləcəksən”.
Bu sözləri politoloq Zeynal Əmrəliyev Musavat.com-a açıqlamasında bildirib.
“Məlum olduğu kimi bu aksiyalar əvvəl Tavuşda başladıldı, daha sonra isə İrəvanda davam etdirildi. Aksiyalara da Tavuş yeparxiyasının primatı arxiyepiskop Baqrat Qalstanyan başçılıq edir. Almatı şəhərində gedən danışıqlar prosesi ərəfəsində isə revanşistlər maksimum dərəcədə aktivlik göstərirlər”,- deyə politoloq qeyd edib.
Zeynal Əmrəliyev bu məsələdə müxtəlif dövlətlərə bağlı qüvvələrin fəallıq göstərdiyini vurğulayıb:
“Məsələn, sabiq prezident Robert Köçəryanın, keçmiş “Qarabağ klanı”nın ipi Rusiyanın əlindədir, Ermənistanın keçmiş xarici işlər naziri Varda Oskanyan isə Köçəryanın dövründə nazir işləsə də erməni diasporunun nümayəndəsi qismində çıxış edir və sairə.
Beləliklə, burada fərqli məqsədlər var. Əsas məqsəd də qeyd etdiyim kimi, ilk növbədə Azərbaycan və Ermənistan arasında gedən sülh prosesinə mane olmaqdır. Bunun qarşılığında isə xarici qüvvələr onlara hakimiyyətə gətirmək, bu məsələdə dəstək verəcəklərinə söz verib.
Revanşistlər Tavuşdan İrəvana böyük təmtəraqla gəlmişdilər və yüz minlərlə insanın aksiyalarda iştirak edəcəyi gözlənilirdi. Amma gözlədikləri baş vermədi, İrəvanda cəmi 15-20 min nəfər bu aksiyalarda iştirak etdi. 15-20 min nəfərlə də hökuməti devirmək mümkün deyil. Yəni istədikləri nəticəni ala bilmədilər və ala bilməyəcəklər də, çünki erməni xalqı revanşist qüvvələri artıq dəstəkləmir, onlar başa düşürülər ki, qarşılarındakı ordu çox ciddi ordudur və bu cür orduya qalib gəlmək mümkün deyil. Yüz dəfə müharibə etsələr, yüz dəfə də uduzacaqlar.
Bütün bunları nəzərə alanda deyə bilərik ki, çox qısa bir zamanda bu aksiyalar yatırılacaq. Erməni mediası da bu barədə yazır və qeyd edir ki, yaxın vaxtda İrəvanda Paşinyan tərəfdarlarının aksiyası keçiriləcək, bundan sonra bu məsələ öz həllini tapacaq, müxalifətin keçirdiyi aksiyalar dayanacaq”.
Xalidə Gəray
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ