İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistana ABŞ və Aİ-dən “şabaş” yağışı...

Qərbin İrəvana siyasi, hərbi və maliyyə dəstəyi regionda eskalasiya riskini artırır

ABŞ Senatı Ermənistana 65 milyon dollarlıq yardımı özündə əks etdirən 2025-ci maliyyə ili üçün "Xarici Əməliyyatlar haqqında" qanun layihəsini təsdiqləyib. “Biz Senatın erməni xalqını dəstəyini alqışlayırıq”, - assambleyanın Konqreslə Əlaqələr üzrə direktoru Mariam Haloyan bildirib. 

“2020-ci il müharibəsindən və öz vətənlərindən qovulmuş 100 mindən çox erməninin böyük problemlərlə mübarizə aparmaq üçün Ermənistana ən azı 65 milyon dollar yardımın daxil edilməsi çox lazımdır”. 

Hələ aprel ayında Brüsseldə Nikol Paşinyanın Avropa İttifaqı və ABŞ rəhbərliyi ilə görüşündə belə bir maddi dəstək olacağı vəd edilmişdi. Ursula fon der Leyen Brüsseldə Avropa İttifaqı, ABŞ və Ermənistanın üçtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında bildirmişdi ki, Aİ Ermənistana dörd il ərzində 270 milyon avro qrant verəcək. ABŞ dövlət katibi Entoni Blinken isə “biz büdcəmizdən 65 milyon dollardan çox yardım ayırmaq niyyətindəyik ki, bu da iki il əvvəlkindən 50% çoxdur. Biz Ermənistanın demokratik və iqtisadi dayanıqlığını dəstəkləməyə davam etməyə sadiqik” demişdi. Blinken ABŞ-ın Dağlıq Qarabağdan didərgin düşmüş 100 mindən çox erməniyə dəstəyini davam etdirəcəyini demişdi:  “Bu, Ermənistanın uzunmüddətli sabitliyi və rifahının, eləcə də regional təhlükəsizliyinin açarıdır. Biz həmçinin insanların iqtisadiyyata, cəmiyyətə inteqrasiyası, o cümlədən mənzil əldə etmək, məşğulluq, təhsil almaq səylərini dəstəkləyirik”. 

Yada salaq ki, Ermənistan silahlı qüvvələrinə dəstək üçün Avropa Sülh Fondu Ermənistana 10 milyon avroluq yardım paketi ayırıb. Əcnəbi ekspertlərə görə, Ermənistana ayrılan vəsaitlərin humanitar təyinatı aldadıcı olmaq ehtimalı böyükdür.

fikret.jpeg (167 KB)

Fikrət Yusifov 

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə ekspert Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, Ermənistanın mövcud problemləri fonunda bu yardımları ona verilən “çay pulu” hesab etmək olar: “Bundan öncə Avropa İttifaqı 4 il ərzində Ermənistana 270 milyon avro məbləğində qrant ayırmaq barədə qərar qəbul etmişdi. Görün Ermənistan nə günə qalıb ki, dövlətinin çulunu qəpik-quruş qədər əhəmiyyətsiz olan qrantlarla sudan çıxarmağa çalışır. Bu qrantlar Ermənistanı asılı vəziyyətə gətirmək, onu Rusiyaya qarşı istifadə etmək üçün bir vasitədir. Unutmayaq, Qərb bir tərəfə yardım edirsə, deməli, ortada onun bəlli hədəfləri var. Yəni Qərb heç vaxt havayı yerə pul xərcləməz. Ermənistan isə zaman-zaman onun-bunun hesabına sürünə-sürünə yaşamağa adət etmiş bir dövlətcikdir. Dilənməklə dövlət saxlamaq mümkün deyil. Normal iqtisadiyyat qurmaq, Azərbaycan və Türkiyə ilə iqtisadi və ticarət əlaqələrini bərpa etmək - bir sözlə dalandan çıxmaq zamanıdır. Əks halda, Ermənistanın bir dövlət kimi dayaqları zamanla zəifləyəcək və sonda çökəcək. Ermənistan hakimiyyəti dalandan çıxmaq üçün çox ləng hərəkət edir. Bu gedişlə uğur qazanmaq və dövlətini ayaqda saxlamaq mümkün olmayacaq. Əgər Ermənistan müstəqillik dövründə Rusiyadan milyardlarla dollar həcmində müxtəlif yardımlar və güzəştlər almaqla bir dövlət kimi ayaqda qala bilmədisə, Qərbdən aldığı bir neçə on milyon dollar yardımla necə ayaqda qala bilər? Bütün bunlar onu göstərir ki, Ermənistan indi çox acınacaqlı  durumdadır və çıxış yolları axtararaq çırpınır. Ancaq bəzən nə istədiyini özü də bilmir. Qonşusuna qarşı haqsızlıq edib onun torpaqlarını yağmalayan, bir milyona yaxın insanı vətənindən didərgin salan bir xalqın son aqibəti belə olmalı idi. Xocalıda, Başlıbeldə və onlarla digər Qarabağ yaşayış məntəqələrimizdə ermənilərin törətdikləri insanlığa sığmayan vəhşiliklərin yekunu belə olmalı idi. Bir vaxt regionda şimala söykənərək at oynadanlar indi iynə ulduzu qədər işıq gələn tərəfin qarşısında təzim edirlər. Edilən bütün haqsızlıqların cəzası belə olur. İndi Ermənilər kütləvi şəkildə Ermənistanı tərk edib gedirlər. Avropa da onlara bu yolda yaşıl işıq yandırmaq istəyindədir - yaxın vaxtlarda haylara Avropaya vizasız gediş gəliş rejiminin tətbiq olunacağını deyirlər. Ermənilərin qədim Azərbaycan torpaqlarında rədd olub getmələri üçün bu çox yaxşı bir addım olardı. Biz buna sevinərik! Yolları açıq olsun deyərik”.

İndi o dövr deyil...” – Əli Orucov İsa Qəmbərin siyasətə dönüşündən danışdı  Yeni Sabah

Əli Orucov

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov narahatlığını bu cür bölüşdü: “Qərbin İrəvana siyasi, hərbi və maliyyə dəstəyi  regionda eskalasiya riskini artırır. Məlum məsələdir ki, Qərbin Ermənistana ayırdığı maliyyə və hərbi dəstək onun təhlükəsizliyinin təmin edilməsi və iqtisadi asılılığının aradan qaldırılması üçün çox kifayət etməz. Ermənistan iqtisadiyyatı Rusiyadan asılıdır və Rusiya ixrac məhsulları üçün də böyük bazardır. Nəzərə almaq lazımdır kı, iqtisadiyyatın şah damarı hesab edilən enerji sektoru Rusiyanın tam nəzarətindədir. Nə ABŞ, nə də Avropa İttifaqı Ermənistana heç bir təminat verə bilməz və Rusiyanı da əvəzləyə bilməz. Əksinə, Birləşmiş Ştatların və AB birtərəfli mövqeyi onların regionda maraqlarının zəifləməsinə və digər region dövlətləri ilə əlaqələrinin soyumasına gətirib çıxara bilər. Xüsusən də indiki dönəmdə Qərbin enerji və nəqliyyat-kommunikasiya təhlükəsizliyinin təmin edilməsində vacib rola malik Azərbaycana qarşı ədalətsiz və qərəzli mövqe sərgiləməsi anlaşılan deyil.  İrəvanın Qərbdən maliyyə və hərbi dəstək alması onu cürətləndirərək, regionda sülhün əldə edilməsi, həmçinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesindən çəkindirir”.

Politoloq Qərbin ikiüzlüyündən də danışdı: “Bir tərəfdən sülh təşəbbüslərini dəstəklədiyini, digər tərəfdən Ermənistanı gücləndirməklə əsl niyyətlərini ortaya qoymuş olurlar. Qərbin bu cür riyakarlığı nəticəsində on illərdir ki, Cənubi Qafqazda stabilliyə və sülhə nail olmaq mümkün deyil. Mahiyyət etibarı ilə sülhə, iqtisadiyyata və demokratiyaya dəstək adı ilə edilən külli miqdarda maliyyə yardımlarının deyilənlərə heç bir aidiyyəti olmadığı şübhə doğurmur. Heç kəs zəmanət verə bilməz ki, Ermənistan bu yatırımları doğrudan da təyinatı üzrə xərcləyəcək, həmin pullar silahlanmaya yönəltməyəcək. Qərb insan haqlarından və demokratiyadan danışanda ancaq Ermənistan nəzərdə tutulur ki, bu da haqlı narazılıqlar və suallar yaradır. Bütün dünya yaxşı bilir ki, ermənilər Qarabağdan könüllü köç etdilər. Azərbaycan dövlətinin reinteqrasiya və təhlükəsizliyə təminatla bağlı təkliflərinə məhəl qoymayaraq öz yollarını özləri seçiblər. Göstərilən rəqəmlər də qat-qat şişirdilib. Qərbi 10-15 min erməni qayğılandırır, onların rifahı düşündürür, ancaq 1 milyondan çox azərbaycanlının 30 il ərzində məşəqqətli qaçqın və məcburi qaçqın taleyinə biganə qalındı. Fikrimcə, Azərbaycan dövləti Qərbə sərt mövqeyini göstərməlidir. Dəyərlər hamı üçün eyni olmalıdır”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR