Onlayn ictimai-siyasi qəzet
Almaniya Prezidenti Frank-Volter Ştaynmayerin Cənubi Qafqaz səfəri iki əsas hadisə fonunda reallaşmaqdadır: Azərbaycan və Ermənistan arasında sülh sazişi mətninin tam razılaşdırıldığının elan olunması və Ermənistanın Aİ üzvlüyü prosesinə başlamasına dair Parlament qərarının qəbul edilməsi. Bu, bir sıra mətləblərdən xəbər verir. Birincisi, Almaniya sülh prosesində Avropanın rolunu gücləndirmək niyyətinin daşıyıcısıdır. Lakin sülhün reallaşması üçün Azərbaycanın önə sürdüyü şərtlər Avropa üçün maraqlı deyil. Hətta bu yaxınlarda Avropadakı siyasi dairələrin informasiya qaynağı olan “Commonspace.eu”-da bu şərtlərə münasibətdə kobud bir tərzdə “Azərbaycan nə zaman dayanmaq lazım olduğunu bilmir” (Azerbaijan has a habit of not knowing when to stop) deyə yazılmışdı.
Bu fikirləri Musavat.com-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, beynəlxalq məsələlər üzrə ekspert Şəhla Cəlilzadə bildirib.
Ekspert hesab edir ki, Qərbin Azərbaycanı sülh müqaviləsinə müvafiq şərtlər olmadan imza atmağa inandırmağa çalışması ikinci mətləblə əlaqədardır:
“İkincisi odur ki, Ermənistanın Aİ inteqrasiyası prosesi üçün regionda sülh, həqiqətən də hava-su kimi lazımdır. Xüsusilə, Ermənistanın bu prosesi başlatdığına görə Rusiya tərəfindən aldığı təhdidlər nəzərə alınaraq (Overçuk bunu Ermənistanın Titanik kimi batırılması olaraq bədii ifadə edib) Azərbaycan cəbhəsində təhlükəsizliyin təmin olunması hazırda Ermənistan və Avropa üçün vacibdir. Odur ki, Almaniya Prezidenti sadəcə öz ölkəsinin deyil, həm də Ermənistanın istəklərinin təmsilçisi rolunda ölkəmizə gəlir. Almaniya siyasi administrasiyasında erməni istəklərinin təmsilçiləri o qədər çoxdur ki, ölkə prezidentinin Ermənistana səfəri barədə keçmiş qondarma rejimin “bayrağı” fonunda xəbər paylaşılmışdır.
Bu, təbii ki, Azərbaycan tərəfindən qəbuledilməz idi. Odur ki, iki ölkə XİN-ləri arasındakı danışıqlardan sonra Almaniya Prezidenti ofisi ölkəmizdən rəsmi üzr istədi. “Üzr”də Azərbaycanın ərazi bütövlüyünə hörmətin əlaməti olaraq, xəbərdə şəkli gedən “bayraq” Azərbaycanın bir regionuna aid bayraq kimi təqdim olundu. Üzrü qəbahətindən böyük! Azərbaycanın heç bir regionunun elə bir bayrağı yoxdur. “Deutsche Welle”də səfər öncəsi ölkəmizə qarşı yalan xəbərlər də Almaniyadakı ermənipərəst dairələrin fəaliyyətinin nəticəsidir”.
Ş.Cəlilzadənin fikrincə, Vətən müharibəsindən öncə qismən neytral siyasət yürüdən Almaniyanın hazırda ermənipərəst siyasət yürütdüyü aydın görünür:
“Bütün bunlar Azərbaycanın Almaniya ilə münasibətləri qarşıdakı dövrdə bərpa etməyə mane olmağa çalışan dairələrin istəyidir. Xüsusilə, fevral ayında Bundestaqa keçirilən seçkilərdən əvvəlki kursda dəyişikliyə nail olmaq üçün hər iki tərəfdən mühüm addımların atılmasına və vacib tədbirlərin görülməsinə ehtiyac vardır”,- deyə ekspert vurğulayıb.
Nigar HƏSƏNLİ,
Musavat.com
02 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ