İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan “süni tənəffüs aparatı”na qoşulur – 7 fevraldan sonra...

Kapitulyant Ermənistan güc mərkəzləri arasında təhlükəli oyuna davam edir. Təhlükə deyəndə ki, söhbət ən çox onun özünü gözləyən fəlakətli aqibətdən gedir.

Əfsus ki, Paşinyan hökuməti vaxt itirmədən qonşu Azərbaycan və Türkiyənin ədalətli şərtlərini qəbil edib dinc-yanaşı, rifah içində yaşamaq əvəzinə, de-fakto “Dəmir yumruq”dan öncəki yanlış kursa qayıdıb. Dildə sülh, barışıq tərəfdarı olduğunu bəyan etsə də, altdan-altdan təzədən silahlanmaq yolu tutub. İndi də Qərbin (Fransa və ABŞ-ın) “maşası” kimi Bakı və Ankaraya qarşı düşmənçilik siyasətini tərcih edir.

Yoxsa 2024-cü ildə Ermənistan üçün rekord həcmdə hərbi büdcə (1.4 milyard dollar) və Nikolun az öncə bəh-bəhlə bəyan etdiyi, yaxın illərə hesablanmış milyardlarla dollarlıq silah müqavilələri nəyə lazım? Xeyir ola? Nə həşirdir?..

Son gələn ilginc məlumatlar, Azərbaycanla sərhəddə Fransanın “dirijor çubuğu” ilə qurulan hiyləgər oyunlar qənaətimizə şübhə saxlamır. İstisna deyil ki, Paşinyan və komandası yalançı sülh ritorikası ilə başımızın altına yastıq qoyub bizi “yuxuya verməyə” çalışır və Qərbin ssenarisi ilə Azərbaycan əleyhinə təxribat hazırlığı içindədir. Böyük ehtimalla, 7 fevral seçkisindən az sonra bu yöndə hansısa hərəkətlənmənin, yaxud ciddi bir cəhdin şahidi olacağıq.

İrəvanın əlavə vaxt udmaq niyyəti güdən konstitusiya dəyişiklikləri məsələsi ətrafında ikili oyunu da boşuna deyil. Diqqət edin, hakim qüvvə təmsilçilərinin bu mövzuda birinin dediyini o biri təkzib edir, hətta “Azərbaycan da konstitusiya dəyişikliyinə getməlidir” fitnəkar açıqlamalar səsləndirirlər. Xarici işlər naziri Ararat Mirzəyan, parlamentin vitse-spikeri Ruben Rubinyan, hakim partiyadan olan deputat Sergey Baqratyan kimi...

Beləcə, Paşinyan komandası əslində özünü-intihar yolu ilə gedir. Görünür, sələfləri kimi artıq ona da elə gəlir ki, bölgədə Ermənistan adlı qondarma, ciddi geoiqtisadi və logistik əhəmiyyəti olmayan, dünya okeanına çıxışdan məhrum, təcrid durumda olan cırtdan ölkə Qərb üçün hələ də böyük dəyərə malikdir. Bu üzdən yenə iştahalarının əsirinə çevrilərək, son dərəcə riskli oyunlar üçün meydan olmağa razılıq vermiş kimi görünürlər.

Ancaq unudurlar ki, nə ABŞ başda olmaqla Qərbin siyasi və təbliğati dəstəyi, nə də onun silahları Ermənistana kömək etməyəcək. Necə ki, 44 günlük müharibədə Rusiya silahları kara gəlmədi...

“Silah ermənilərə silah nəyinə lazımdır? Məgər onlar döyüşə bilir?”

Bunu rusiyalı politoloq Stanislab Tarasov Calibver.az-a söyləyib.

“Ermənilər ticarəti, qarpız tədarük etməyi bacarırlar. Qoy elə başları çıxdıqları işlə məşğul olsunlar. Məsələn, biz (Rusiya – red.) avtomobil istehsal edə bilmirik, amma alırıq. Ermənilər döyüşə bilmir, ancaq NATO kurslarına gedirlər. Qalib olanlardan öyrənmək lazımdır”, - Tarasov kinayəli şəkildə bildirib.

“”Rədd olsun KTMT!”, “Rəddə olsun Gümrüdəki Rusiya bazası!”, yaxud “Bizə fransızlar kömək edəcək!” kimi boş şüarlar nəyə lazımdır? Madam belədir, gedin onların yanına. Kimi qorxudursunuz? Vəziyyət təxminən belədir: əgər ermənilər salamat qalmaq istəyirsə, Ermənistanda birinci dövlət dili rus dili olacaq. Yox, siyasi xəritədən silinmək istəyirlərsə, o zaman onların dövlət dili fransız dili olacaq”.

Bu da onun fikridir...

Adam ermənipərəst olsa da, əsasən düz deyib. Hərgah Ermənistanın dövlət dili erməni dili də ola bilər, əgər özlərini ağıllı aparsalar, Türkə qarşı mənasız kin-küdurətə, nifrətə son qoysalar.

İstənilən halda seçim özlərinindir. Qoy kasıb əhalisinin boğazından kəsib axmaqcasına silahlanmağa davam etsinlər, Amerika daxil, ikiüzlü Qərbin məkrli oyunlarında “peşka” roluna sevinsinlər. Uzaqbaşı Bakıdakı Qənimətlər Parkına daha da “zənginləşəcək”.

Ermənistana isə belə getsə, “süni tənəffüs aparatı” gərək olacaq. Amma bu dəfə o, “koma”dan çıxmayacaq...

Siyasət şöbəsi,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR