Onlayn ictimai-siyasi qəzet
Ermənistan sülh müqaviləsinə həqiqətən hazırdırmı? - İLGİNC DETALLAR
Ermənistanın baş naziri Nikol Paşinyan dəfələrlə bəyan edib ki, ölkəsi Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır. Lakin rəsmi İrəvanın digər nümayəndələrinin, o cümlədən Xarici İşlər Nazirliyi və Ermənistanın diplomatik korpusunun verdiyi bəyanatlar bu iddianı şübhə altına alır. Ermənistanın siyasi arenasında sülh prosesinə dair açıq-aşkar ziddiyyətlər mövcuddur. Bu, Ermənistanın sülhə həqiqətən hazır olub-olmadığı barədə suallar doğurur.
Xatırladaq ki, Nikol Paşinyan 2020-ci ildə İkinci Qarabağ müharibəsində məğlubiyyətdən sonra reallıqları qəbul etdiyini və Azərbaycanla münasibətləri normallaşdırmağa çalışdığını iddia edir. O, Ermənistanın Azərbaycanla sərhədlərin delimitasiyası və nəqliyyat dəhlizlərinin açılması kimi məsələlərdə konstruktiv yanaşma sərgilədiyini bildirir. Bununla belə, Ermənistan hökumətinin digər üzvləri və xüsusilə Xarici İşlər Nazirliyinin bəyanatları fərqli mənzərə yaradır.
Ermənistan XİN-in müavinləri və yüksək səviyyəli diplomatları hələ də Azərbaycana qarşı ittihamlarla dolu bəyanatlar verir, Bakını "aqressiv siyasət yürütməkdə" suçlayır və faktiki olaraq sülh danışıqlarının məzmununa zidd olan ifadələr səsləndirirlər. Bu da göstərir ki, Ermənistanın hakimiyyət strukturlarında sülh məsələsində yekdil fikir yoxdur.
Bundan əlavə, Ermənistanın bəzi siyasi dairələri, xüsusilə də radikal müxalifət qüvvələri və keçmiş hakimiyyətin təmsilçiləri Paşinyanın sülh təşəbbüslərinə açıq şəkildə qarşı çıxırlar. Onlar Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamasının "milli maraqlara zidd" olduğunu iddia edir və bu prosesə hər vəchlə mane olmağa çalışırlar.
Ermənistan sülh müqaviləsinə hazırdırmı?
Politoloq Zeynal Əmrəliyev mövzu ilə bağlı Musavat.com-a danışıb:
"Ermənistan tərəfi sözdə sülh müqaviləsindən danışsa da, əməldə tamamilə fərqli mövqe nümayiş etdirir. Rəsmi İrəvanın sərgilədiyi mövqe, əlbəttə ki, doğru yanaşma deyil. Məsələn, Ermənistan üçtərəfli bəyanata sadiqliyini nümayiş etdirdiyini bildirsə də, reallıqda bunun əksini görürük. Xüsusilə, regional kommunikasiyaların açılması məsələsində rəsmi İrəvan prosesi məqsədli şəkildə yubadır. Hətta üçtərəfli bəyanatı imzalayan digər tərəf – Rusiya da bu yaxınlarda bu məsələyə münasibət bildirib. Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bəyan edib ki, əgər Ermənistan üçtərəfli bəyanatdan çıxmaq istəyirsə, bunu açıq şəkildə rəsmi səviyyədə elan etməlidir. Kommunikasiya xətlərinin açılmasına mane olmaq, əslində, rəsmi İrəvanın bu beynəlxalq sənədin şərtlərini pozması deməkdir. Təbii ki, bu, qəbul edilə bilməz.
Ermənistan Zəngəzur dəhlizinin açılmasına razılıq verməməklə də üçtərəfli bəyanatın müddəalarını pozmuş olur. Bu isə onu göstərir ki, rəsmi İrəvan sülh müqaviləsinə hazır deyil. Xüsusilə nəzərə almaq lazımdır ki, Ermənistan son zamanlar kütləvi şəkildə silahlanır. İstər Hindistandan, istərsə də Fransadan genişmiqyaslı hərbi dəstək alır. Hətta Ermənistanın aldığı silahların həcmi onun hərbi büdcəsini belə üstələyib. Daha da düşündürücüsü odur ki, bu silahların böyük əksəriyyəti hücum xarakterlidir. Belə olduğu halda, heç kim Ermənistanın səmimiyyətinə inanaraq onun sülh müqaviləsinə hazır olduğunu və sülh imzalamaq niyyətində olduğunu iddia edə bilməz.
Bundan başqa, son dövrlərdə Ermənistanın Azərbaycanla sərhəddə təxribatlar törətməsi də vəziyyəti daha da gərginləşdirir. Son günlərdə atəşkəs rejiminin pozulması halları müşahidə olunur. Əvvəlcə Ermənistan tərəfi bunu inkar edirdi, bildirirdi ki, atəşkəsi pozmurlar. Lakin daha sonra baş nazir Nikol Paşinyanın ölkənin Müdafiə Nazirliyinə atəşkəs rejiminin pozulmaması barədə göstəriş verməsi faktın tam əksini sübut etdi. Bu, açıq şəkildə göstərdi ki, atəşkəsi pozan məhz Ermənistan tərəfidir. Təbii ki, bu, qəbuledilməzdir. Əgər Ermənistan həqiqətən sülh istəmirsə, bunu açıq şəkildə bəyan etməlidir".
Xalidə Gəray
Musavat.com
31 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ