Onlayn ictimai-siyasi qəzet
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkəsinin Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu bildirib və bu istiqamətdə diqqətçəkən açıqlama verib.
Onun sözlərinə görə, bir neçə ölkə Ermənistan və Azərbaycan arasında bağlanacaq mümkün sülh müqaviləsinin öz paytaxtlarında imzalanmasını təklif etsə də, rəsmi İrəvan bu müqavilənin birbaşa Ermənistan-Azərbaycan sərhədində imzalanmasını nəzərdən keçirir:
"Bir sıra ölkələr – vasitəçilik edən və ya prosesə dəstək göstərən dövlətlər – bu mühüm sənədin öz paytaxtlarında imzalanmasını təklif ediblər. Lakin biz Ermənistan hökuməti olaraq bu müqaviləni birbaşa Ermənistan-Azərbaycan sərhədində imzalamaq ideyasını da nəzərdən keçiririk”.
Mirzoyanın bu açıqlaması bir sıra suallar ortaya qoyur.
Ermənistanın sülh müqaviləsini sərhəddə imzalamaq təklifi nə ilə izah oluna bilər? Bu jest rəmzi xarakter daşıyır, yoxsa praktiki məqsədlər güdür? Hansı ölkələr öz paytaxtlarını sülh müqaviləsinin imzalanması üçün təklif edə bilər və bu təkliflərin arxasında hansı siyasi maraqlar dayanır? Sülh müqaviləsinin sərhəddə imzalanması təhlükəsizlik baxımından nə qədər real və təhlükəsizdir? Ermənistan bu açıqlama ilə kimə və nə mesaj vermək istəyir?
Mövzu ilə bağlı politoloq Elxan Şahin oğlu Musavat.com-a danışıb:
“Azərbaycan Ermənistandan iki tələbinin yerinə yetirməsini istəyir. Bu, Minsk Qrupundan imtina və Ermənistan Konstitusiyasında Azərbaycana ərazi iddiasını ehtiva edən bəndin çıxarılmasıdır. İrəvan Bakının bu iki tələbini yerinə yetirərsə, sülh sazişinin imzalanması üçün heç bir maneə qalmayacaq. Ancaq İrəvan bu iki məsələnin həllini sonraya saxlayır. Halbuki, Ermənistanın baş naziri Nikol Paşinyan çıxışlarında Bakının iki tələbini yerinə yetirməyə hazır olduğunu vurğulayıb. Ancaq onun fikrincə, Minsk Qrupundan imtina sülh sazişi imzalandıqdan sonra ləğv olunmalı, Konstitusiyanın dəyişdirilməsi isə 2027-ci ildə həyata keçirilməlidir. Halbuki bu iki məsələ həll olunmadan Bakı İrəvanla sülh sazişi imzalamayacaq. Buna görə də sülh sazişinin harada imzalanacağını müzakirəsi erkəndir”.
Politoloq qeyd edib ki, Nikol Paşinyanın tapşırığı ilə “sülh sazişi sərhəddə imzalansın” deyən Ararat Mirzoyanın bununla iki məqsədi var:
“Birincisi, Paşinyan və Mirzoyan beynəlxalq aləmə belə bir yanlış mesaj göndərirlər ki, Minsk Qrupu ləğv olunmadan və Konstitusiya dəyişikliyi edilmədən də sülh sazişini imzalanması mümkündür. İkincisi, Yerevan sülh sazişinin sərhəddə imzalanması mövzusunu gündəmə gətirməklə sərhədin demarkasiyasının sürətləndirilməsi məqsədini güdür. Azərbaycan sərhədin müəyyənləşməsinin əleyhinə deyil və bu məsələdə irəliləyiş var. Ancaq Ermənistan hökumətinin əsas məqsədi İkinci Qarabağ müharibəsindən sonra sərhəddə itirdikləri strateji yüksəklikləri geri qaytarmaqdır. Azərbaycan buna gedə bilməz. Həmin strateji yüksəkliklər Azərbaycana hərbi baxımdan üstünlük qazandırır. Azərbaycanın tələbləri yerinə yetirildikdən sonra sülh sazişinin imzalanmasının harada imzalanmasının elə böyük fərqi yoxdur. Bunu sərhədin demarkasiya olunan hissəsində imzalamaq da mümkündür”.
Xalidə Gəray
Musavat.com
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ