Onlayn ictimai-siyasi qəzet
Xəbər verildiyi kimi, cümə günü ABŞ qanunvericilərinin ikipartiyalı qrupu Azərbaycanın yüksək vəzifəli məmurlarına, generallarına qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsini təqdim edib.
Qanun layihəsinin Konqresə təqdim edilməsinin hüquqi nəticələri ola bilərmi? Proses hansı prosedurlardan keçməlidir?
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Musavat.com-a bildirib ki, bu bədnam absurd layihənin təşkilatçılarının da, onlara dəstək verənlərin də kimliyini Azərbaycan bilir. Həmin şəxslər daim erməni lobbisinin təsiri altında fəaliyyət göstərən, erməni lobbisinin pullarından qidalanan konqresmenlərdir. Cəmi 21 nəfər konqresmen bu qanun layihəsinin təqdim edilməsinə qoşulub: “Nəzərə alsaq ki, Konqresin üzvlərinin sayı bu rəqəmdən təxminən 30 dəfə çoxdur, o baxımdan hesab edirəm, həmin qanun layihəsinin Konqresdə keçməsi o qədər də, rahat olmayacaq. Əgər hətta Konqres səs verib onu qəbul edəcəksə, növbəti mərhələdə ABŞ prezidentinə təqdim olunacaq və qanuna görə 180 gün müddətində prezident qanun layihəsini ya imzalamalıdır, ya da imzalamaqdan imtina etməlidir. Mən hesab və ümid edirəm ki, qanun layihəsi Konqres tərəfindən dəstəklənməyəcək və heç prezidentə qədər gedib çıxmayacaq”.
Hüquq müdafiəçisi xatırlatdı ki, layihədə adı qeyd olunan Azərbaycanın vəzifəli şəxslərinin bir qrupu Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsində şücaət göstərmiş, üzərilərinə düşən vəzifəni çox yüksək səviyyədə yerinə yetirmiş, rəhbərlik etdikləri qurumların fəaliyyətini hərbi əməliyyatlar dövründə çox yüksək səviyyədə təmin etmiş şəxslərdir:
“Azərbaycan ictimaiyyəti onlarla qürur duyur. Onlar torpaqlarımızın işğaldan azad edilməsi kimi müqəddəs işdə Prezidentin yanında olublar və onlar bizim üçün qəhrəmandırlar. Ona görə də dünya erməniçiliyi, erməni lobbisi həmin qəhrəman azərbaycanlıları hədəfə alıb. Bu adamların adlarının qeyd olunduğu bir layihə quraşdırıb Konqresə qəbul üçün təqdim edilməsi absurddur. Vəzifəsindən irəli gələn fəaliyyəti həyata keçirən, heç bir beynəlxalq və yerli qanunları pozmayan şəxslərə qarşı sanksiya tətbiq olunması tələbinin irəli sürülməsi absurddur və heç bir fakta, hüquqa söykənmir. Ona görə də özünə hörmət edən, qanunlara hörmət edən heç bir qurum, o cümlədən Konqres o cür absurd iddiaların əksini tapdığı layihəni qanun kimi qəbul etməz”.
Etibar Seyidağa,
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ