Onlayn ictimai-siyasi qəzet
Fransanın Ermənistana vəd etdiyi silahların əsl məqsədi üzə çıxdı; Azərbaycanı ittiham edən Makron Paşinyanla görüşdə nələri müzakirə edib?
“Tərəfdaşların özünümüdafiə üçün silah və sursatla təmin edilməsi normaldır”. Bunu Fransa prezidenti Emmanuel Makron Londonda azərbaycanlı jurnalistin Ermənistana silah tədarükü ilə bağlı sualını şərh edərkən deyib:
“Silahlanmaq istəyən suveren ölkənin xahişinə cavab vermək ki, başqa dövlətin təcavüzünə məruz qala bilər, - Bu yaxşıdır. Və mən heç vaxt baş nazir Paşinyandan eşitməmişəm ki, onun müharibə və ya təcavüz planı var”, - Fransa lideri bildirib.
Makron deyib ki, son on ildə Azərbaycan Ermənistandan qat-qat yaxşı silahlanıb.
“Baxsanız, son on ildə Azərbaycan Ermənistandan daha yaxşı silahlanmış kimi görünür. Yaddaşım məni aldatmırsa, 2020-ci ildə dəhşətli müharibəyə məhz Azərbaycan başlayıb” deyə, - Fransa prezidenti bildirib.
O vurğulayıb ki, İrəvan və Bakı sülh müqaviləsinin hazırlanmasını başa çatdırsa, Paris bunu dəstəkləyəcək. “Hesab edirəm ki, hərbi baxımdan istənilən ölkə ilə əməkdaşlıq iki suveren dövlətin beynəlxalq həyatında tamamilə normal bir hadisədir. Ermənistanın perspektivi sülh, Fransanın perspektivi sülhdür. Mən həqiqətən ümid edirəm ki, Azərbaycanın da perspektivi sülhdür. Və əgər iki ölkə sülh sazişi üzərində işi başa çatdırsa, biz onu dəstəkləyəcəyik”, - deyə Makron yekunlaşdırıb. Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Londonda Makronla görüşüb. Həmsöhbətlər Ermənistan və Fransa arasında çoxsahəli əməkdaşlıqla bağlı gündəlikdəki məsələləri müzakirə ediblər. Regionda sülhün və sabitliyin təmin edilməsinə yönəlmiş səylər vurğulanıb. Həmsöhbətlər Ermənistan və Avropa İttifaqı arasında əməkdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi aparıblar.
Nikol Paşinyan, Avropa Şurasının rəhbərliyi və Prezident Emmanuel Makronun Londonda Avropa Siyasi Birliyinin sammiti çərçivəsində əldə etdiyi razılaşmalara əsasən, Fransa hərbi texnikasının ən böyük payı Ermənistana yalnız kağız üzərində çatdırılacaq. Axar.az xəbər verir ki, bu barədə “Yerevanskiy nablyudatel” Teleqram kanalı məlumat yayıb. İddia edilib ki, əslində bu silahlar Ukraynaya göndərilmək üçündür:
“128 VAB zirehli transportyoru, 18 SEZAR özüyeriyən artilleriya qurğusu, 24 AMX-10RC yüngül tankı, o cümlədən tank əleyhinə sistemlər, yük maşınları və radar avadanlığı Avropa Sülh Fondu tərəfindən Ermənistan Respublikasının maraqları naminə alınacaq, lakin Fransa ərazisində formalaşdırılmış, təlim keçmiş və Ukraynada döyüşən erməni hərbi birləşmələrinə göndəriləcək”.
“Təəssüf ki, Fransa Prezidenti Emmanuel Makronun Avropa Siyasi İcmasının Zirvə toplantısında Ermənistanın hərbiləşdirmə siyasətinə haqq qazandıran və Azərbaycana qarşı açıq qərəzli mövqe nümayiş etdirən fikirləri Fransanın regionda gərginlik yaratmaq və sülh prosesinə mane olmaq cəhdlərinin daha bir bariz nümunəsidir”. Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.
“Fransa tərəfinə xatırladırıq ki, Azərbaycanın suveren ərazilərində Ermənistanın 30 il davam edən işğalına son qoymaq, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü bərpa etmək üçün apardığımız müharibə ölkəmizin beynəlxalq hüquq çərçivəsində legitim hüququ idi. Azərbaycanın istənilən səyi, o cümlədən hərbi potensialının gücləndirilməsi ədalətli məqsədə yönəlib və yönəlməkdədir. Lakin bunu işğalçı dövlət olan Ermənistana münasibətdə söyləmək olmaz. 30 ilə yaxın Azərbaycan ərazilərini işğal altında saxlayan, bir milyona yaxın azərbaycanlını öz doğma yurd-yuvasından didərgin salmış, kütləvi qırğınlar və insanlığa qarşı cinayətlər törətmiş Ermənistanın Fransa tərəfindən sülhsevər ölkə kimi təqdim etməsi bu ölkənin həm vasitəçilik dövründə, həm də 44 günlük vətən müharibəsindən sonra apardığı siyasətin nə qədər ədalətsiz olduğunu nümayiş etdirir.
Onu da xatırlatmaq istərdik ki, münaqişənin sülh yolu ilə həllinə töhfə verməyən, Ermənistanın Azərbaycan ərazilərinin işğalına son qoymağın qarşısını alan məhz Fransa kimi dövlətlərin Ermənistanın 30 ilə yaxın müddətdə təcavüzünü ört-basdır edən siyasəti olub.
Qeyd olunanları nəzərə alaraq bir daha bildiririk ki, Fransanın sülhə xidmət etməyən və regionda sabitliyi pozan səyləri heç bir nəticə verməyəcək", - A.Hacızadə qeyd edib.
Makronun Azərbaycanla bağlı qərəzli açıqlamalarının bir səbəbi də Londandakı tədbirlə eyni vaxta təsadüf edən Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupundan olan 20-yə yaxın siyasi partiya və müstəqillik hərəkatlarının rəhbər şəxslərinin Bakıda keçirilən birinci Qurultayıdır.
Bəllidir ki, iki gün davam edən qapalı müzakirələrin yekunu kimi Fransa koloniyalarında müstəqillik uğrunda mübarizə aparan siyasi partiya və hərəkatların rəhbər şəxsləri vahid cəbhənin - Fransa Koloniyalarının Beynəlxalq Azadlıq Cəbhəsinin yaradılmasına dair razılığa gəliblər.
Qurultayda iştirak edən 17 Fransa və Niderland koloniyalarının səlahiyyətli rəsmiləri Beynəlxalq Azadlıq Cəbhəsinin yaradılması haqqında yekun Bəyannaməni imzalayıblar. Həmçinin, iştirakçılar cəbhənin Nizamnaməsini təsdiqləyiblər.
Bəyannamədə Azərbaycanın dekolonizasiya prosesindəki vacib rolu, habelə Bakı Təşəbbüs Qrupunun (BTQ) müstəmləkə ərazilərinin azadlığı uğrunda apardığı mübarizəyə verdiyi dəstək və sadiqlik xüsusi vurğulanıb, Azərbaycana minnətdarlıq ifadə olunub.
Sənəddə Fransa kolonializminin irqçi və repressiv siyasəti pislənilib, bu xüsusda, Yeni Kaledoniya və digər müstəmləkə ərazilərində Fransa hökuməti tərəfindən həyata keçirilən cinayətlər kəskin qınanılıb.
Beynəlxalq Azadlıq Cəbhəsinin yaradılması Fransa müstəmləkəçiliyinə qarşı mərkəzləşdirilmiş platformanın - vahid çətirin yaradılması deməkdir. Qurultay iştirakçıları müstəqillik uğrunda mübarizədə daha sıx təşkilatlanma, habelə Fransa kolonializminə qalib gələrək müstəqillik əldə etmək yolunda fəaliyyətlərinin əlaqələndirilməsinə qərar veriblər.
Hazırda müstəmləkə altında yaşayan digər ərazilər üçün üzvlüyə açıq olacaq cəbhə Fransa koloniyalarının dekolonizasiya prosesində səylərini birləşdirmək və öz müqəddəratlarını təyinetmə məsələlərini dünya ictimaiyyətinə dolğun şəkildə çatdırmaq məqsədi daşıyır. Bundan başqa, cəbhənin gələcək fəaliyyətinə müstəmləkəçiliyin aradan qaldırılmasına dair strategiyanın, o cümlədən Fəaliyyət Planının və Gündəliyinin hazırlanması və beynəlxalq təşkilatlara təqdim edilməsi kimi məsələlər daxildir.
Qeyd edək ki, Beynəlxalq Azadlıq Cəbhəsinin saytı da istifadəyə verilib.
Fransa Koloniyalarının Qurultayının keçirilməsi məhz Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə lokomotiv rolunu üzərinə götürərək dekolonizasiya prosesinə verdiyi töhfələr nəticəsində mümkün olub.
Xatırladaq ki, Bakı Təşəbbüs Qrupu Fransa müstəmləkələrinin azadlıq uğrunda ədalətli mübarizəsinə dəstəyini davam etdirir.
Orxan ƏLİYEV,
“Yeni Müsavat”
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ