İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ermənilər Qarabağa qayıdacaqsa, azərbaycanlılar da Zəngəzura qayıtmalıdır”

Tanınmış litvalı hərbi jurnalist Riçardas Lapaitis: “Azərbaycanlılar bir əsr ərzində təkcə Qarabağdan deyil, Qərbi Azərbaycandan da qovuldular”

“Mən azərbaycanlıların məcburi deportasiyasını, ermənilər tərəfindən soyqırıma məruz qalmasını öz gözlərimlə görmüşəm. Şahid olduqlarımı fotolentə almışam. 90-cı illərdə həqiqətləri dünyaya çatdırmaq çox çətin idi. Bu gün isə bu barədə açıq danışmaq, bütün dünyaya baş verənləri açıq şəkildə çatdırmaq imkanı var. 1 milyondan çox azərbaycanlı qaçqının olması həddən artıq ciddi məsələdir”. 

Bu fikirləri hərbi ekspert, Xocalı həqiqətlərinin öyrənilməsində əvəzsiz rol oynamış litvalı jurnalist Riçardas Lapaitis “Yeni Müsavat”a açıqlamasında bildirib. Ekspert Qarabağ müharibəsi zamanı şahidi olduqlarını bu gün hələ də ürək ağrısı ilə xatırlayır: “İnsanlar dəqiqələr ərzində yaxınlarını, əmlaklarını itiriblər. Azərbaycanlılar doğma yurdlarını tərk edərkən yolboyu meyitlər, qan  var idi. Ermənilərin nifrəti ağlasığmaz idi. Bu gün Bakıda qərbi azərbaycanlıların təhlükəsiz geridönüşü ilə bağlı beynəlxalq konfrans keçirilir. 1980-ci illərin sonu-90-cı illərin əvvəlində kim düşünə bilərdi ki, illər sonra Bakıda dünyanın müxtəlif ölkələrindən gəlmiş ekspertlərin, professorların iştirakı ilə bağlı toplantı keçiriləcək?! Bu gün azərbaycanlılar öz yaraları, qorxuları barədə açıq danışırlar. Gözünün önündə kiçik yaşlı uşaqların, yaşlıların öldürülməsi... Biz bütün cinayətləri sənədləşdirmişik. Bu barədə Avropaya car çəkmişik. Məcburi köçkünlər, qaçqınlar yol kənarında çadırlarda yaşamağa məcbur olmuşdular. Azərbaycanlılar 1 əsr ərzində təkcə Qarabağdan deyil, Qərbi Azərbaycandan da qovuldular. Onlar taleyin ümidinə buraxılmış, qarət edilmiş vəziyyətdə beynəlxalq təşkilatlardan kömək gözləyiblər. Azərbaycan kimi kiçik ölkə üçün 1 milyon qaçqın və məcburi köçkün həddən artıq böyük rəqəmdir. Beynəlxalq Qırmızı Xaç Komitəsindən başqa bütün beynəlxalq təşkilatlar müəyyən dərəcədə yardım göstərməyə çalışırdılar, lakin nəticə göz önündə idi”.

Azərbaycan Silahlı Qüvvələrinin şücaəti sayəsində əldə edilən tarixi qələbəni, Qarabağın işğaldan azad edilməsini xatırlayan litvalı ekspert azərbaycanlıların doğma yurdlarına qayıtmasını sevinc hissi ilə qarşılayır: “Bir zamanlar işğalın bitməyəcəyini düşünənlər var idi. Azərbaycanlıların Ağdama, Laçına, Kəlbəcərə, Xankəndinə və digər bölgələrə dönəcəyinə inanmayanlar az deyildi. Lakin reallığı hər kəs görür. Azərbaycan dövləti qarabağlıların geridönüşü üçün mümkün olan hər addımı atır. Paralel aparsaq, qərbi azərbaycanlıların dönüşünə də skeptik yanaşanlar var. Lakin onların hüquqlarının bərpası üçün proses artıq başlayıb. Beynəlxalq təşkilatlar Azərbaycanın sülhpərvər addımlarını dəyərləndirməlidir. İlk növbədə də Ermənistan ayılmalıdır. Ermənistan yanlış siyasətin, yağ-bal içində xarici ölkələrdə yaşayan, qəsdən aranı qızışdıran diasporun fəaliyyətindən nə qazandı? 21-ci əsrdə qonşu dövlətlər arasında münasibətlərin soyuq olması təəssüf doğurur. Azərbaycan Prezidenti dəfələrlə kommunikasiyaların açılması ilə bağlı çağırışlar edib. Prezident sülhə əsaslanan gələcəyin mümkünlüyü barədə açıqlamalar verib. Hesab edirəm ki, yaxın gələcək üçün bu haqda danışmaq hələ tezdir. İlk mərhələdə azərbaycanlılar üçün psixoloji cəhətdən çətinlik çox olacaq. Müharibənin ağrı-acısını yaşayan nəsil üçün birgəyaşayışı təsəvvür etmək asan deyil. Yeni nəsil isə əksinə, münaqişəsonrası münasibətlərə başqa cür yanaşır. Prosesin necə davam edəcəyi Ermənistan tərəfindən asılıdır. Azərbaycanlıların heç olmasa, yaxınlarının məzarlarını ziyarət etmək imkanı olmalıdır”.

Riçardas Lapaitis ermənilərin bir qisminin Qarabağa geri qayıdacağını düşünür. Onun fikrincə, belə olan halda qərbi azərbaycanılıların da doğma yurdlarına qayıtmaq şansı olmalıdır: “Madam ki, təhlükəsiz yaşayış üçün şərait var, ermənilər bundan istifadə edə bilərlər. Lakin eyni qaydada azərbaycanlılar da İrəvana, Zəngəzura qayıtmalıdır. Bunun üçün uzun zaman lazımdır. İllərlə davam edən işğal faktını nəzərə alsaq, azərbaycanlıların geri qayıtması üçün də xeyli zaman lazımdır. Dünyada hazırda bu problemi yaşayan xalqlar var. Hətta deyə bilərik ki, Ukrayna da bir gün rusların geridönüşünü müzakirə edəcək. Tarixə nəzərə salsaq, İkinci Dünya müharibəsindən sonra Almaniya üzr istədi, yeni səhifə açdı, geridönüş üçün şərait yaratdı. Son illər üçün isə belə nümunə tapmaq çətindir. Mən ümid edirəm ki, qərbi azərbaycanlıların geridönüşü dünya üçün nümunə olacaq”.  

Yazını hazırladı:  Nigar HƏSƏNLİ

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR