Onlayn ictimai-siyasi qəzet
SSRİ artıq 33 ildir dağılıb. 13 keçmiş müttəfiq respublika, o sırada hətta kasıb Tacikistan pis-yaxşı öz dövlətini qurub. Bircə Ermənistandan savayı.
Gerçək budur ki, bu adda dövlət bir qərinədir sırf simvolik anlamda mövcuddur. “Çünki qərbçi” Paşinyanın belə vurnuxmasına, cəhdlərinə rəğmən, Ermənistan de-fakto Moskvanın vassalı, ucqar quberniyası, hərbi forpostu olaraq qalır.
Hazırda Ermənistan Respublikasının suverenliyi müttəfiq Ermənistan SSR-in suverenliyindən də aşağıdır. Onun Türkiyə və İranla sərhədlərini sovet dönəmindəki kimi yenə rus hərbçilər qoruyur. Moskva öz təbii qazını ona əhalisinə satdığı daxili qiymətə - yəni su qiymətinə satır, SSRİ vaxtı rusun hərbi bazaları harada idisə, orada da qalır və s.
Ermənilər niyə bu gündədir, dövlət qura, öz iradələrinə sahib çıxa, özlərinə hörmət qoya bilmirlər?
Şübhəsiz, ağla ilk olaraq onların “İlanı Seyid Əhməd əli ilə tutmaq” şakəri gəlir. Tarix pıçıldayır ki, bu saxtakar, son dərəcə təkəbbürlü və eqoist millət özünün irili-xırdalı problemlərini, mifik arzularını daima başqa xalqlar hesabına reallaşdırmağı, özü isə kənarda qalmağı üstün tutub. Sanki bütün bəşəriyyət haylara borcludur, onların kaprizlərinə dözməlidir.
Yaşadıqları bəlaların bir kökü burda: heç vaxt, heç nədə özlərini suçlu saymazlar...
Orta nəsil bilir. Sovet dönəmində Ermənistan mərkəzdən ən çox dotasiya alan respublika olub. Sovet İttifaqının süqutundan sonra da erməni parazitliyi bitməyib. Elə hey Moskvadan nəsə umur, bunca yaxşılığın, güzəştin, dotasiyanın qarşılığında ondan narazılıq edirlər. “Rusiya Ermənistanı, artsaxı satdı”, “Moskva bizi Türkdən qorumadı” kimi sırtıq iddialar səsləndirirlər.
İndi də yeni ağa axtarışına çıxıblar. Rusu atıb “Sem dayı”nı, Amerikanı, Avropanı tutmaq istəyirlər. Təxminən ötən əsrin əvvəllərindəki kimi.
Elə bil tarix təkrarlanır. Fəqət, zaman-zaman haqq elədiyi zərbələri alan erməni ağıllanmır ki, ağıllanmır. Az sonra təzədən köhnə, məkrli planlarına qayıdır. Düşdüyü bataqlığa təkrar-təkrar can atır...
Niyə belə olur? Nədən bu tayfa normal millətlər təki özünü abırlı aparıb da ağıllı-başlı, normal bir dövlət qurmağı bacarmır, həmişə müdafiəsiz, yazıq cildinə girib isti qucaq axtarır?
Türkiyədə yaşayan azərbaycanlı politoloq Toğrul İsmayıl deyir: “Qərb Ermənistanı öz tərəfinə çəkib Rusiyaya qarşı istifadə etmək məqsədi güdür. Başqa yandan gözümüzün önündə yaxın tarix var. Ermənilər uzun müddət Osmanlı imperiyasında mühüm vəzifələr tutdular, amma ilk fürsətdə onu satdılar. İndi eyni addımı Rusiyaya qarşı atırlar. Yəni bu təcrübə Rusiya üçün ən azından dərs olmalı idi. Həm Çar imperiyası, həm SSRİ, həm də 1991-ci ildən sonrakı dövrdə Rusiya erməniləri hər zaman azərbaycanlılardan üstün tutub və müxtəlif vaxtlarda bizə qarşı istifadə edib. Fikrimcə, rəsmi Moskva hazırda apardığı yanlış siyasətin cəzasını çəkir” (Axar.az-a müsahibəsindən).
Rusiyanın yanlışları öz yerində. Amma aydındır ki, bu səbəb deyil, nəticədir. Ona qalsa, Moskva Qafqaz coğrafiyasında başqa xalqlardan da yararlanmalı idi. Misal üçün, xristian gürcülərdən. Amma gürcülər erməni kimi maşa olmağa razılaşmadılar. Ona görə ki, qürurları var...
Sual da budur ki, nə üçün hər cür namərdliyin, nadürüstlüyün, alçaq əməlin altından həmişə erməni çıxır? Əslində cavab çoxdan var: gendən gələn, qanla ötürülən, xain mentalitetdən qaynaqlanan NANKORLUQ!
Yer üzündə yaxşılığı pisliklə cavablandıran ikinci belə nankor toplum yoxdur. Olmayacaq. Üstəlik, bu bir milli kimlik pasportu...
Z.SƏFƏROĞLU
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ