İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni separatçılardan Putinə təhdid: Moskva və Bakının reaksiyası nə olacaq?

İrəvanda Qarabağdan olan erməni qaçqınları Rusiya və Fransa səfirlikləri qarşısında etiraz aksiyası keçirərək, hazırda Rusiya sülhməramlı kontingentinin nəzarətində olan Azərbaycan ərazilərindəki ermənilərin “təhlükəsizliyini təmin etmək” tələbi ilə çıxış ediblər. Ardınca ABŞ səfirliyi və BMT-nin İrəvan ofisi qarşısında eyni tələbi təkrarlayıblar.

Rusiya səfirliyi önündə keçirilən aksiya zamanı narazılar Qarabağda “ona həvalə edilmiş sülhməramlı missiyanı etibarlı şəkildə yerinə yetirmək” tələbi ilə Moskvaya səsləniblər. Bu harasıdır, erməni KİV-lərinin məlumatına görə, Fransa səfirliyi qarşısına toplaşan etirazçılar bu ölkəni Qarabağa sülhməramlı kontingent göndərməyə çağırıblar.

Hadrutdan Ermənistana qaçan və hazırda “Hadrut adına” ictimai təşkilata rəhbərlik edən Levon Hayriyan bildirib ki, erməni qaçqınlar Fransa tələbləri yerinə yetirənədək oturaq aksiya keçirəcəklər. Aksiyanın digər iştirakçısı, Şuşada qeyri-qanuni məskunlaşmış, lakin 2020-ci ilin payızında Ermənistana qaçan Aşot Arutyunyan deyib ki, onların Minsk Qrupunun həmsədri kimi Fransadan tələbləri Ermənistanla Qarabağ arasında əlaqənin qalması üçün Laçına sülhməramlıların göndərilməsi ilə bağlıdır.

Əlavə edək ki, baş nazir Nikol Paşinyan da Azərbaycan Ordusunun “Qisas” əməliyyatından sonra Rusiya sülhməramlıları ilə bağlı narazılığını bildirmiş, guya onların öz missiyasını layiqincə yerinə yetirmədiyinə və əlavə beynəlxalq sülhməramlı kontingentin cəlb edilməsi mexanizminin hazırlanması zəruriliyinə işarə vurmuşdu. Əlbəttə ki, ilk növbədə Fransa nəzərdə tutulur.

Lakin Bakının razılığı olmadan Qarabağa heç bir əlavə sülhməramlı gətirilə bilməz. İkinci yandan, maraqlıdır, erməni separatçılardan və Paşinyandan Moskvanı əsəbiləşdirən bu davranışa Kremlin cavabı nə olacaq?

Bu da diqqətçəkicidir ki, avqustun 8-də Paşinyan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Telefon söhbəti Paşinyanın təşəbbüsü ilə baş tutub. Tərəflər Qarabağdakı situasiyanı, həmçinin Azərbaycan-Ermənistan sərhədində təhlükəsizliyin təminatı məsələlərini müzakirə ediblər.

Bəs Nikol Putindən konkret nə istəyir?

Əhəd Məmmədli: "2022-ci il Azərbaycanda Xənkəndi ili olmalıdır"

Əhəd Məmmədli: “Düşünmürəm ki, Putin Paşinyanın göz yaşlarına inanır”

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli çox maraqlı məqama toxundu: ““Qisas” əməliyyatı gedən vaxt Paşinyan Fransa və ABŞ-a müraciət edərək bu ölkələrin sülhməramlılarını çağırmışdı. Sonra ermənilər, ruslar qarşısında Paşinyanın bu çıxışını ört-basdır etməyə çalışdılar. İndi də separatçıların tör-töküntülərinin İrəvanda Rusiya səfirliyinə etiraz, Fransa səfirliyindənsə kömək aksiyalarını keçirməsi Azərbaycanın maraqlarına cavab verir. İstər Paşinyan, istərsə də Qarabağ erməniləri olsun, nə qədər Rusiyaya qarşı demarş edəcəklər, bu, Rusiyanın Ermənistana daha da inamını, güvənini azaldacaq. Belə olan halda isə Azərbaycan üçün tez bir zamanda Xankəndi və ətrafını yurisdiksiyasına qaytarmağa imkanlar yaradacaq.

O ki qaldı ermənilərin fransız və amerikalıları köməyə çağırmasına, bu mümkünsüzdür. Çünki birincisi, onları Azərbaycan dəvət etməz, ikincisi, Rusiya buna imkan verməz, üçüncüsü də Türkiyə bunun qarşısına çıxar. Paşinyanın Putindən nə istəməsinə gəldikdə isə, nə istəyəcək, yenə erməni xislətini, hiyləgərliyini işə salıb yalvarmağa başlayıb. Düşünmürəm ki, Putin Paşinyanın göz yaşlarına inanır. Bir də ki, dövlət siyasətində göz yaşları deyil, geostrateji maraqlar və reallıqlar əsas rol oynayır".

Bayden “Ukraynanın yanında olacağıq" bəyanatına sadiq qalmayacaq-

Züriyə Qarayeva: “Ermənistan lazımsız əşya kimi kənara atılmış durumdadır”

Politoloq Züriyə Qarayeva burada verilən mesajlara diqqət çəkdi: “Nikol Paşinyan çox yaxşı anlayır ki, Rusiya Ermənistanı maraqları təmin olunanadək maşa aləti olaraq istifadə etdi. Çünki süni yaradılmış Qarabağ münaqişəsi Moskva üçün region planlarının icrası baxımından rupor rolunu oynayırdı. Bu gün isə regionda geosiyasi konyuktura dəyişib. Türkiyə tam gücü ilə Qafqaz regionuna daxil olub və bu gün Rusiya qardaş ölkəylə Suriyada, Liviyada, İraqda, Mərkəzi Asiyada olduğu kimi, Qafqazda da maraqlarını uzlaşdırmaq məcburiyyətindədir. Bu durumda siyasi, iqtisadi baxımdan heç bir avantajı olmayan Ermənistan lazımsız əşya kimi kənara atılmış durumdadır. Paşinyanın bu cür səyləri isə həm daxili auditoriyaya, həm də beynəlxalq güclərə hesablanıb. Daxili auditoriya inandırılır ki, Rusiya artıq əvvəlki Rusiya deyil, bizə dayaq durmur. Beynəlxalq güclərə isə mesaj verilir ki, meydanı boş buraxmayın, bizim sizə indi daha çox ehtiyacımız var”.

Rusiya açıq şəkildə Qarabağda anti-Azərbaycan siyasətini davam etdirir" - MƏHƏMMƏD  ƏSƏDULLAZADƏ

Məhəmməd Əsədullazadə: “Rusiya İrəvanın yalvarışlarına əhəmiyyət vermir”

MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə isə bunları dedi: “Ermənistan 10 noyabr birgə Bəyannaməsinin şərtlərini tam yerinə yetirsəydi, indiki situasiya yaşanmazdı. Baş verən proseslərin Rusiya əleyhinə işləməsəsində Moskvanın da əməyi var. Çünki Rusiya da üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Silahlı erməni birləşmələri qalmaqdadır. Ümumiyyətlə, “Qisas” hərbi əməliyyatından sonra Paşinyan da Rusiyaya narazılığını bildirib. Xankəndində də ermənilər ruslardan narazıdır. Bu, Azərbaycanın maraqlarına cavab verir. Qarabağdan gedən ermənilərin Fransa səfirliyi önündə etiraz etməsi, Rusiyanın yerinə Fransanın gəlməsinin tələb edilməsi əsasən Paşinyanın təlimatı ilə yaradılan prosesdir. Ermənistanda Rusiya əleyhinə təbliğat yüksək səviyyədə aparılır və hakimiyyət bunu kurasiya edir. Ümumiyyətlə, Paşinyanın Rusiyaya bu kimi ”təzyiqlər" etməsi Moskva tərəfindən diqqətə alınır və ona etimad limitini bitirir.

Paşinyanın Putinə zəng etməsi əsasən silahlı erməni birləşmələrinin çıxarılması ilə bağlı məsələdir və o, Azərbaycanın növbəti hərbi əməliyyatından ehtiyat edir. Rusiyadan bu məsələdə qorunmağı istəyib. Ümumiyyətlə, Rusiya əleyhinə iş aparır, sülhməramlı qüvvələrin Fransa ilə əvəzlənməsini gündəmə gətirir. Üstəlik, Putinə zəng edir. Bunlar paradoksaldı. Məhz buna görə Rusiya İrəvanın yalvarışlarına əhəmiyyət vermir. Hətta Kreml “Sasna Tsrer” partiyasına dəstək verib. Putin əleyhinə təzyiqlərə başlanmasına çalışır. Azərbaycanın isə Ermənistandan tələbi budur ki, öhdəliklərə əməl et. Əgər Ermənistan hakimiyyəti Moskva və Bakı ilə söz oyunu oynayacaqsa, təzyiqlər qaçılmazdır. Bir məsələni qeyd edim ki, Azərbaycan hərbi əməliyyatı Rusiya ilə razılaşdırmır və özü hərəkət edir. Rusiyaya qalarsa, Azərbaycanın hərəkətliliyinə imkan verməz".

Cavanşir ABBASLI
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR