Onlayn ictimai-siyasi qəzet
Onun şəhərdəki üç mənzilində, Moskva ətrafındakı iki bağ evində axtarış apararkən istintaq qrupunun üzvləri çətinliyə düşüblər. Boqdan Kobulovun var- dövlətini, evində aşkar edilən qızıl külçələri, zinət əşyalarını, xarici valyutaları, xaricdə istehsal olunan avadanlıqları, rəsm əsərlərini, avtomobilləri qiymətləndirmək, protokolda rəsmiləşdirmək istintaq qrupunun üzvləri üçün problemə çevrilib. Məhz elə bu səbəbdən də qrupun rəhbəri polkovnik Yefremov istintaqı şəxsi nəzarətində saxlayan Nikita Xruşşova rəsmi müraciət etmək məcburiyyətində qalıb. Polkovnik öz müraciətində sovet liderindən qrup üzvlərinin sayının artırılmasını, 2-3 nəfər mühasibin qrupa cəlb edilməsini xahiş edib, vurğulayıb ki, Kabulovun var-dövlətini hesablamaq üçün mühasiblərin istintaq qrupuna daxil edilməsi vacibdir.
Bəli, milliyətcə erməni olan Boqdan Kabulov bəlkə də öz dövründə SSRİ-nin ən zəngin şəxslərindən biri olub.
Maraqlıdır, erməni general bu qədər zənginliyi, var-dövləti necə əldə edib?
Qeyd edək ki, 1904-cü ildə Tiflisdə anadan olan Kobulov 1923-cü ildən Gürcüstanda “CK”-da (fövqəladə komissiyada) xidmətə başlayıb. O, qısa bir zamanda əvvəlcə Gürcüstana, daha sonra Zaqafqaziyaya rəhbərlik edən Lavrenti Beriya ilə yaxın dostluq münasibətləri qurmağı bacarıb və bu dostluq sayəsində vəzifə pillələrində sürətlə irəliləyib.
Beriya Stalinin təşəbbüs və göstərişi ilə Moskvaya, “NKVD”-yə təyinat aldıqdan sonra o, özü ilə Kobulovu da Moskvaya aparıb. Kobulov “NKVD”-də yüksək vəzifələrə sahib olub, o, öz cəllad xisləti ilə Beriyanın etimadını doğrulda bilib.
Beriya ilə Kobulovun yaxınlığı o həddə olub ki, “NKVD” şefi onu Stalinlə də tanış edib. Hiyləgərliyi ilə birincilirən etibarını qazanan Kobulov əksər hallarda birbaşa Stalindən aldığı, yaxud Stalinin Beriya vasitəsi ilə ona çatdırıldığı tapşırıqları yerinə yetirib. Rəhbərlik ona güvənib, etibar edib, gücünə və xüsusilə də çəlladlığına bələd olub.
SSRİ-də “Böyük terror”un əsas icraçı fiqurlarından biri olan Kobulov çeçen və inquşların köçürülməsində, Krımın “təmizlənməsi” işində, kütləvi repressiyaların həyata keçirilməsində ən “yüksək” göstəricilərə nail olub. Bu “gərgin” fəaliyyətinə görə Boqdan Kobulov yeni yaradılmış SSRİ dövlət təhlükəsizliyi nazirinin birinci müavini vəzifəsinə təyin olunub. Kobulov bu vəzifədə kəşfiyyat və əks-kəşfiyyata nəzarət edib və tabeçiliyində olan qurumların fəaliyyəti ilə bağlı məruzələri nazirə deyil, birbaşa Stalinə edib. Struktur dəyişikliyindən sonra Kobulov daxili işlər nazirinin birinci müavini vəzifəsində fəaliyyətini davam etdirib.
Vəzifə səlahiyyətlərindən geninə-boluna istifadə edən Kobulov nazir müavini ranqında olsa da, özünü ölkənin birincilərindən biri kimi aparıb. Dövlət büdcəsindən nazirliyə vəsaitin ayrılmasında, mənzil və bağ evlərinin, şəxsi avtomobillərin bölgüsündə erməni general əsas söz sahiblərindən birinə çevrilib. Hətta bəzi hallarda o, ayrı-ayrı dövlət qurumlarının rəhbərləri ilə Stalinin adından danışıb, “birincinin göstərişidir” deyərək istədiyinə nail olub. Mövcud dövrdə bütün dövlət məmurları Kobulovun zəngin həyatından xəbərdar olublar. Amma heç kim cürət edib bu zənginliyin haradan qaynaqlandığını soruşa bilməyib. Çünki Kobulovla konfliktə girməyin nə ilə nəticələnəcəyini də onlar yaxşı anlayıblar.
Kobulov təkcə özünə deyil Tiflisdəki yaxınlarına da lazımi şərait yaradıb. Heç bir təhsili olmayan qardaşı Amayakı isə general rütbəsinə qədər yüksəldib. Cəmisi 5 siniflik təhsili olan Amayak Kobulov 1934-cü ildə Gürcüstanda “NKVD” orqanlarında xidmətə qəbul edilib. Beş ildən sonra isə kəşfiyyat sahəsində heç bir peşəkarlığı və təcrübəsi olmayan Amayak Kobulob “NKVD”-nin Almaniyadakı rezidenti təyin edilib. Elə ilk günlərdən Amayak Kobulov ona göstərilən etimadı alt-üst edib. Belə ki, diplomatların şərəfinə verilən ziyafətdə Kobulov sərxoş olaraq heç bir səbəb olmadan xarici həmkarları ilə yumruq davasına çıxıb. Almaniya xüsusi xidmət orqanlarının əməkdaşları Kobulovun bu zəif damarını tutaraq ondan yetərincə “bəhrələniblər”.
1941-ci ildə Kobulov geri çağırılıb. Qardaşının fərasətinə bələd olan Boqdan Kobulov onu Özbəkistan “NKVD”-yə rəhbər təyin etdirib. Ağır müharibə illərini Özbəkistanda rahat və təhlükəsiz keçirən Amayak Kobulov 1945-ci ildə Moskvaya qayıdıb, “NKVD”-də şöbə rəisi vəzifəsinə təyinat alıb.
Beriyanın himayəsi altında “çiçəklənən” erməni qardaşlarının hökmranlığı uzun sürməyib. Beriya həbs olunduqdan sonra əvvəlcə Boqdan Kabulov dəmir barmaqlıqlar arasına salınıb. Məhkəmə prosesində Kobulov erməni həyasızlığını nümayiş etdirsə də sonda bütün cinayət əməllərini etiraf edib. Şəxsi əmlakı müsadirə olunmaqla, rütbə və dövlət təltifləri geri alınmaqla Boqdan Kobulov ən ağır cəzaya, güllələnməyə məhkum olunub.
Növbə digər qardaşa da çatıb. Həmin dövrdə Amayak Kobulov Almaniyada xidməti ezamiyyətdə olub. Daxili işlər naziri Kruqlovun göstərişinə əsasən o, xüsusi təyyarə ilə Moskvaya gətirilib. Bir il davam edən istintaqdan sonra Amayak Kobulov Ali Məhkəmənin çıxardığı hökmlə güllələnmə cəzasına məhkum edilib.
Beləliklə də Stalin dövrünün cəllad erməni qardaşlarının, Beriyanın ən çox güvəndiyi iki generalın həm vəzifə karyeralarına, həm də həyatlarına son qoyulub...
İlham Cəmiloğlu, Musavat.com
28 Noyabr 2024
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ