İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni politoloqlar Qarabağdakı sülhməramlı missiyanın gələcəyi barədə bunları düşünür- FAKT  

 

Onlara görə bu dəfə işin içində Ankara da olacaq

Xəbər verildiyi kimi Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağda yerləşdirilən rus sülhməramlılarının mandatının 20-30 il uzadılmasını təklif edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bununla bağlı Ermənistanda da müxtəlif rəylər səsləndirilir.

Məsələn, siyasi müşahidəçi Akop Badalyan hesab edir ki, Bakının Rusiya sülhməramlılarının Dağlıq Qarabağdan çıxarılması tələbi dünyadakı ümumi vəziyyətdən asılıdır və bu səbəbdən prosesin necə cərəyan edəcəyini proqnozlaşdırmaq çətindir. “Bu gün Azərbaycanın Rusiyaya belə tələblər irəli sürməsi üçün heç bir ilkin şərt görünmür, çünki hazırkı anda bu, Moskva ilə ciddi münaqişəyə gətirib çıxara bilər. Lakin gələcəkdə vəziyyət Rusiyanın hansı mövqedə dayanacağından və hansı mövqelərdən çıxış edə biləcəyindən asılıdır”,-deyə Akop Badalyan “Kavkazskiy uzel” saytına müsahibəsində bildirib.

Erməni politoloqun iddiasına görə, Bakı bu məsələdə razılaşsa belə, bunun üçün tələbi böyük olacaq.

O, Türkiyənin Azərbaycana verdiyi güclü dəstəyi nəzərə alaraq, Ankaranın da bu məsələyə qarışacağını söyləyib. “İşin nəticəsi Rusiyanın həmin vaxta qədər Qarabağdakı mandatını uzatmaqda maraqlı olub-olmamasından asılıdır”,- deyə o qeyd edib.

“Əgər Rusiya indi Qarabağdakı sülhməramlı missiyasının mandatının uzadılmasında maraqlıdırsa, Moskva bu məsələni İrəvanla müzakirə etməyəcək”,- deyə “lragir.am” saytının rus versiyasının redaktoru, siyasi müşahidəçi Naira Ayrumyan söyləyib.

"2020-ci il noyabrın 10-da üçtərəfli bəyanatın imzalanmasından bu yana Paşinyanın siyasəti iki il ərzində Ermənistanın Qarabağdan kritik şəkildə uzaqlaşmasına gətirib çıxarıb. İş o yerə çatıb ki, Rusiya sülhməramlılarının qalıb-qalmaması məsələsini artıq Ermənistan həll etmir”, - deyə o bildirib.

Ayrumyanın sözlərinə görə, Soçidəki görüşdə Ermənistanın baş nazirinə sülhməramlıların mandatının uzadılması məsələsinin onsuz həll olunacağı deyilib və ideyanın özü də rədd edilməyib. "Bu, Ermənistan siyasətinin böyük uğursuzluğudur və Paşinyanın təklifi onu deməyə əsas verir ki, o, səhvini başa düşür və düzəltməyə çalışır. Amma bunu düzəltməyin yalnız bir yolu var - üçtərəfli bəyanatı nəzərə alaraq və “Ermənistan-Qarabağ” (sülhməramlıların nəzarət etdiyi ərazidə qondarma, oyuncaq rejim nəzərdə tutulur-red.) rəsmi formatını bərpa etmək”, - deyə erməni ekspert söyləyib.

Ayrumyan yaxın gələcəkdə Rusiya sülhməramlılarının yerini beynəlxalq qüvvələrin tutacağını da istisna etmədiyini qeyd edib. Çünki onun fikrincə, Rusiya artıq BMT Təhlükəsizlik Şurasında bu məsələ ilə bağlı müzakirələri bir dəfə pozmağa nail olub və növbəti dəfə bu, alınmaya bilər.

Ermənistanın “Modus Vivendi” araşdırma mərkəzinin rəhbəri Ara Papyana görə, Rusiya Dağlıq Qarabağdakı öz qoşunlarının mandatının uzadılmasında daha çox maraqlıdır, lakin sadəcə indi Moskvanın Türkiyənin dəstəklədiyi Azərbaycana təzyiq etmək üçün kifayət qədər imkanları yoxdur.

Onun qənaətinə əsasən, Türkiyə Rusiyanın Cənubi Qafqazda mövcudluğunda maraqlı deyil və onu regiondan sıxışdırıb çıxarmağa çalışır. "Yaxın vaxtlarda Rusiya ilə Türkiyə arasında sövdələşmə başlayacaq. Amma bizim (ermənilər-red.) üçün vacib olan Türkiyənin bunun müqabilində nəyi alacağıdır”, - deyə o bildirib.

Papyanın fikrincə, Rusiya Qarabağda mövcudluğunu Ermənistanın maraqlarına toxunacaq güzəştlər müqabilində uzada bilər. Bunlardan biri də Zəngəzur dəhlizi ilə bağlıdır.

Erməni ekspertə görə, Ermənistan tərəfi Qarabağ probleminin həlli üçün ATƏT-in Minsk Qrupunun formatını yenidən yaratmağa çalışmalıdır və belə bir ehtimal da var. “Çünki hazırda Rusiyaya sülhməramlı qüvvələr məsələsində təzyiqlər artır. Fransa fəallığını artırır. Üstəlik Rusiya qoşunlarının beynəlxalq mandatı da yoxdur. Bu, sadəcə Rusiya qoşunlarının məhdud kontingentidir", - deyə Ara Papyan danışıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR