Onlayn ictimai-siyasi qəzet
Paşinyan Ermənistanın orduya müharibə aləti kimi baxmadığını desə də, müdafiə naziri avropalı generalla görüşür, ölkəsi sülh ritorikası fonunda altdan-altdan silahlanır
Mayın 29-da Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyədə işgüzar səfərdə olub. Qardaş ölkənin milli müdafiə naziri Yaşar Gülerlə görüşüb. Müdafiə Nazirliyindən “Yeni Müsavat”a verilən məlumata görə, görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.
Maraqlıdır ki, eyni gündə Ermənistan müdafiə naziri Suren Papikyan da Brüsseldə Avropa Birliyi Hərbi Komitəsinin sədri general Robert Briqerlə görüş keçirib. Ermənistan Müdafiə Nazirliyinin bununla bağlı yaydığı məlumatda deyilir: “Görüşdə qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı razılıq əldə olunub. Müdafiə naziri Ermənistan silahlı qüvvələrinin islahatlarının gedişini təqdim edib. Həmçinin regional təhlükəsizliklə bağlı məsələlər müzakirə edilib”.
Aydındır ki, əsas müzakirə mövzusu Ermənistanın silahlandırılması olub. Bu arada bəlli olub ki, ABŞ Ermənistan, Ukrayna, Moldova və Balkan ölkələrinin Müdafiə nazirliklərinə xüsusi müşavirlər göndərib. Xarici medianın məlumatında deyilir ki, məqsəd həmin ölkələrin ordusunu Amerika qüvvələrinə uyğunlaşdırmaq və Rusiya modelindən uzaqlaşdırmaqdır.
“Yeni Müsavat” xatırladır ki, 2024-cü il aprelin 5-də Brüsseldə üçtərəfli formatda keçirilmiş Blinken-Paşinyan-Leyen (ABŞ-Ermənistan-AB) görüşündə əsas diqqət mərkəzində kapitulyant ölkəyə hərbi dəstəyin verilməsi olub - rəsmən bəyan edilməsə də. Görünür, İrəvana silah tədarükü praktik müstəviyə keçməkdədir. Fakt Ermənistan sülh ritorikası fonunda altdan-altdan silahlanır.
“Ordu haqqında təsəvvürümüzün dəyişməsi ilə bağlı açıqlama vermək istəyirəm. Ermənistanın orduya müharibə aləti kimi deyil, bütün digər dövlət qurumları kimi, sülh aləti kimi ehtiyacı var”. Mayın 29-da Ermənistan parlamentindəki çıxışında Baş nazir Nikol Paşinyan belə deyib. Amma bu açıqlama ilə Papikyanın səfəri ziddiyyət təşkil edir. Mayın 28-də yayılan xəbərə görə, Ermənistan bu yaxınlarda “Thales”dən üç GM200 radarının alınması üçün müqavilə imzalayıb və MISTRAL-3 zenit-raket komplekslərinin tədarükü ilə bağlı danışıqlar aparılır. Bu barədə Fransa Senatının hesabatında deyilir. “Fransanın ”Arquus" şirkətinin istehsalı olan 24 “Bastion” zirehli transportyoru Ermənistana göndərilib. Bundan əlavə, hazırda istehsal olunan eyni tipli daha 26 zirehli avtomobil Ermənistana tədarük edilməlidir", - hesabatda vurğulanıb. Qeyd olunub ki, Fransa hakimiyyəti Ermənistana müdafiə silahlarının verilməsi təşəbbüsü ilə çıxış edib: Səhvləri təkrar etməyək və əvvəldən lazım olan avadanlıqların çatdırılmasını gecikdirməyək. Ona görə də biz Ermənistan hakimiyyətinin bütün müraciətlərinə, xüsusən də onların artilleriyaya ehtiyacı ilə bağlı dərhal cavab verməliyik". Hesabatda 2024-cü ildə “Nexter”in yeni istehsal gücünü (istehsal ayda 2-dən 6-ya qədər qaldırılır) nəzərə alaraq, “Sezar” özüyeriyən artilleriya qurğularının mümkün qədər tez tədarükü imkanlarının araşdırılması tövsiyə edilib. Mayın 8-də Prezident İlham Əliyev Şuşaya köçmüş ilk sakinlərlə görüşdə deyib ki, Ermənistanda revanşist qüvvələr yenə baş qaldırsa və Fransanın bu ölkəyə verdiyi öldürücü silahlar kritik həddə çatsa, onda bizdən heç kim inciməsin.
Şair Ramaldanov
Polkovnik Şair Ramaldanovun “Yeni Müsavat”a bildirdiyinə görə, burada təəccüblü heç nə yoxdur: “Hər bir dövlətin siyasəti fərqlidir. Ordunun quruluşu, silahlanma və müdafiə nazirini hara göndərməklə bağlı siyasət isə bütün ölkələrdə necədir, Ermənistanda da elədir. Biz deyə bilmərik ki, Ermənistan silahlanmasın. Hətta sülh müqaviləsi olanda belə müharibə baş verir və saziş pozulur. Amma təbii ki, Ermənistan Fransa, Avropanın sülh dəstəyi proqramından yararlanır və bu adda silahlar alır. Bundan kim imtina edər?”
Polkovnik sülh sənədi ilə silahlanmanı bir-birinə bağlamağın tərəfdarı deyil: “Sülh sazişi siyasi məsələdir. Ona qalsa, Azərbaycan da yeni silahlar alır, amma bizim başqalarının torpağında gözümüz yoxdur. Amma cənab Prezidentin sözlərini xəbərdarlıq kimi qəbul etməliyik. Dövlət başçısı qeyd edir ki, Ermənistanın silahlanmasını izləyirik və bu prosesdə ”qırmızı xətlər" keçilsə, Azərbaycan təhlükəsizliyini təmin etmək üçün addımlar atacaq. Ona görə də Fransa konserv qablarına oxşayan hərbi texnikalar verəcəksə, bundan niyə narahat olaq, yaxud köhnə hava hücumundan müdafiə sistemləri bizi nə üçün qorxutmalıdır? Ermənistanda generalitet baş komandana müraciət edib ki, alaylarda, diviziyalarda silahlar olmalıdır, islahatlar getməlidir. Ona görə İrəvanı kimin silahlandırmasına baxmalıyıq. Əgər Fransa verəcəksə, Ermənistan siyasi addımlarını ona doğru atacaq, Rusiya tədarük edəcəksə, onda Moskvaya meyillənəcək".
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ