Onlayn ictimai-siyasi qəzet
Nyu-Yorkun Cənub Dairəsi Nyu-Cersi ştatının keçmiş ermənipərəst senatoru Robert Menendezi 11 il müddətinə azadlıqdan məhrum edib.
Ona korrupsiya, Misir və Qətər üçün qeydiyyatsız xarici agent kimi işləmək ittihamları ilə hökm oxunub.
70 yaşlı senator rüşvətxorluq, qəsb, fırıldaqçılıq, xarici agent kimi fəaliyyət göstərmək də daxil olmaqla 16 maddə üzrə təqsirli bilinib.
Menendezin şərikləri Nyu-Cersidə tərtibatçı Fred Deybs və Amerika vətəndaşı olan misirli iş adamı Vael Hana müvafiq olaraq 7 və 8 il müddətinə azadlıqdan məhrum ediliblər.
Senatın Xarici Əlaqələr Komitəsinə rəhbərlik etmiş qatı ermənipərəst Menendez uzun illər ABŞ-dəki erməni lobbisinin əsas simalarından biri olub. O, uzun illər Ermənistanı və erməni maraqlarını dəstəkləyən bir sıra qanun layihələrini və qərarları müdafiə edib. Məhz bu səbəbdən onun həbs olunması erməni diasporasında böyük narahatlıq doğurub, çünki erməni lobbisi ən güclü müdafiəçilərindən birini itirdi.
Cinayətkar Menendez o senatorlardan idi ki, maddi maraqlarının təmin olunması müqabilində erməni lobbisinin sifarişlərini böyük canfəşanlıqla yerinə yetirirdi. Onun erməni sevgisi 2020-ci ildə ikinci evliliyinin erməni əsilli Nadine Arslanyanla baş tutmasına səbəb olub. Arslanyan Livan əsilli ermənidir. Bu evlilik Bob Menendezin yalnız şəxsi həyatını deyil, həm də düşüncələrini dəyişib. Bob Menendez Nadine Arslanyanla evləndikdən sonra türklərə düşmən kəsilib. Nadine Arslanyanın Menendezi Senatda “erməni soyqırımı”nın tanınması üçün səy göstərməyə təşviq etdiyinə dair açıq etirafları yayılıb.
İkinci arvadının təsiri altında Qərbdəki anti-Türkiyə düşərgəsində yer alan Bob Menendez eyni zamanda Azərbaycan əleyhinə kampaniyaların fəal iştirakçısı olub.
Menendez ABŞ Senatında erməni diasporasının dəstəklədiyi qanun layihələrinin əsas tərəfdarlarından biri olub.
O, Osmanlı imperiyasında baş verən 1915-ci il hadisələrini "erməni soyqırımı" kimi tanıyan qətnamələrin qəbul edilməsinə çalışıb. Dırnaqarası “Erməni soyqırımının rəsmi olaraq tanınması”nı nəzərdə tutan qərar layihəsinin ümumi iclasında səsə qoyulmasını tələb edib.
Lakin onun erməni sevdası bununla bitməyib. Zamanla bu “sevdanın” müxtəlif təzahür formalarını ortaya qoyan Menendez İkinci Qarabağ müharibəsi və Azərbaycanın Qarabağda reallaşdırdığı uğurlu lokal antiterror tədbirlərindən sonra daha da qıcıqlanaraq “irəli gedib”.
Beləki o, həyasızcasına “ermənilərin Azərbaycanın təcavüzündən qorunması haqqında” qanun layihəsini hazırlamağı qərara almışdı. Bu işdə Menendez tək deyildi, başına Bill Kessidini, Kris Van Holleni, Aleks Padilyanı, Şeldon Uay¬thausu və Heri Pitersi yığmışdı. Bu adamlar güman edirdi ki, Menendez Birləşmiş Ştatlardakı erməni lobbi və diaspor təşkilatlarından aldığı vəsaiti onlarla da bölüşəcək.
Menendez 2023-cü ildə rəhbərlik etdiyi komitədə “Dağlıq Qarabağda böhranın qiymətləndirilməsi” mövzusunda dinləmələr keçirmişdi.
Türk düşməni kimi tanınan senator bildirmişdi ki, Azərbaycan Laçın dəhlizinə girişi bağlayıb, “acından ölən Qarabağ ermənilərinə”, hətta humanitar yardımın çatdırılmasına da imkan vermir. Hətta demişdi ki, Ermənistan Cənubi Qafqazda Rusiyaya qarşı mübarizənin qalasıdır və onun müdafiəsinə ehtiyac var. Lakin əvvəlki cəfəng iddiaları kimi, onun bu sənədi də qəbul edilməmişdi.
O, Amerika hökumətini Azərbaycana göstərdiyi illik hərbi yardımı (100-120 milyon dollar civarında) dayandırmağa çağırışlar edirdi. Onun ən böyük arzusu 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən “Azadlığa Dəstək” Aktına qəbul edilən 907-ci düzəlişin yenidən qüvvəyə minməsi ilə bağlı idi. Cinayətkar senator bildirirdi ki, həmin maddəni yenidən işə salmaqla, Azərbaycana yardımı aradan qaldırmağa ehtiyac var. Ən əsası isə sənəd Ermənistanın hərbi məqsədlər naminə Vaşinqton tərəfindən maliyyələşdirilməsinin qanuniləşməsini nəzərdə tutur.
907-ci düzəliş 2001-ci il 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə Amerikaya dəstəyini təmin etmək məqsədilə oğul Corc Buş tərəfindən dondurulmuşdu.
Maraqlıdır ki, 907-ci düzəliş ata Corc Buş dönəmində qüvvəyə minmişdi.
Cinayətkar senator Türkiyəni HƏMAS-a dəstək verməkdə ittiham edərək, Vaşinqtonda gizli brifinq çağırışı da etmişdi. O, NATO üzvü olan Türkiyənin “şəffaflıq və hesabatlılıq prinsiplərinə uyğun davranmadığını” iddia edirdi.
“HƏMAS liderlərinin Türkiyəyə köçürülməsi ilə bağlı xəbərlər dərin narahatlıq doğurur. NATO üzvü kimi Türkiyə ən yüksək şəffaflıq və hesabatlılıq standartlarına uyğun olmalıdır. Buna görə də həmkarlarımla birlikdə gizli brifinq çağırdım ki, baş verənləri araşdıraq”,- Menendezin bu açıqlaması Türkiyəni beynəlxalq arenada hədəfə çevirmək cəhdindən başqa bir şey deyildi.
Məlumatlara görə, Menendezin rəhbərlik etdiyi bu kampaniyada həm demokrat, həm də respublikaçı qanunvericilər iştirak edirdi. Onlar sabiq prezident Co Baydenin administrasiyasına müraciət edərək, Türkiyənin HƏMAS-a dəstək iddialarını araşdırmaq üçün gizli brifinq keçirilməsini tələb edirdilər. Bu məqsədlə dövlət katibi Entoni Blinken və Milli Kəşfiyyat direktoru Evril Heynsə məktublar ünvanlanmışdı.
Türkiyə tərəfi Menendezin bu iddialarını qərəzli və siyasi motivli olaraq qiymətləndirdi.
Ömrü boyu ermənilərin çaldığı havaya oynayan qoca Menendez sabiq prezident Co Baydenə əfv üçün müraciət edib, rədd cavabı alıb. O, indi bütün ümidini Donald Trampa bağlayıb. Azərbaycan ümid edir ki, Tramp ermənipərəst siyasət yürüdən Bayden administrasiyasından fərqli siyasət sərgiləyəcək və erməni lobbisinin boyunduruğu olmayacaq.
Şahanə Rəhimli
Musavat.com
31 Yanvar 2025
30 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ