İnsanlara hürriyət, millətlərə istiqlal!

Erkən nikahlarla mübarizədə həbs çıxış yoludurmu - rəylər

“Sərt hüquqi tədbirlər insanları bu cür davranışlardan çəkindirə biləcək”

Xəbər verildiyi kimi, Sabirabadda 12 yaşlı qızını nikaha məcbur edən ata polis tərəfindən həbs edilib. Rayonun Məmişli kəndində yaşayan 1979-cu il təvəllüdlü Quliyev Mübariz Musa oğlu cinayət məsuliyyətinə cəlb edilib.

Onun barəsində Cinayət Məcəlləsinin nikah yaşına çatmayan şəxsi nikaha daxil olmağa məcbur etmə maddəsi ilə polis şöbəsində cinayət işi qaldırılmaqla məhkəmə qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Rayon polis şöbəsində istintaq hərəkətləri davam etdirilir.

“Daxili İşlər Nazirliyi ölkədə yüzlərlə nişanın ləğvinə səbəb olan möhtəşəm addım atdı”.

Oxu.az - Kəmalə Ağazadə: Donmamaq üçün elektrik şitinin içində ölən uşaqdan  sonra sığınacaq yaratdım - MÜSAHİBƏ

 Kəmalə Ağazadə

Bu sözləri Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə deyib. O, ölkədə ilk dəfə kiçik yaşlı qızın nikaha cəlb edilməsinə qarşı sərt tədbir görüldüyünü vurğulayıb: “Azyaşlı övladını məcburi ərə verməyə çalışan atanın həbsi dönüş yaratdı. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi bu dəfə elə böyük iş gördü ki, artıq yüzlərlə nişan ləğv edilib, geri qaytarılıb. Şamaxı, Ağsu, Sabirabad, Lənkəran, Kürdəmir və digər rayonlardan gələn xəbərlər möhtəşəmdir”.

Birliyin sədri bildirib ki, DİN profilaktik tədbirlərlə erkən yaşda nişanın qarşısını almağın mümkünsüzlüyünü gördükdən sonra sözügedən addımı atıb: “DİN-in bir dəfə "yetər" deməsi kifayət elədi ki, insanlar ayılsın. Çox çalışdıq. İctimai qınağın da faydası olmadı. Həbs - ağır cəza olmalı idi. Biz bacardıq".

K.Ağazadə DİN Mətbuat Xidmətinin rəhbəri Elşad Hacıyevə bu məlumatları daim diqqətdə saxladığına görə təşəkkür edib.

Doğrudan da erkən nikahla bağlı ölkədə ilk dəfədir ki, belə sərt tədbir görülür. Bəs bunun nə dərəcədə tərbiyəvi əhəmiyyəti olacaq? 

Xatırladaq ki, Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2022-ci ildə Azərbaycanda 122 min 846 uşaq dünyaya gəlib. 2 min 11 nəfərin - bütün doğulanların 2 faizə yaxınının anası yetkinlik yaşına çatmamış 15-17 yaşlı qızlardır. Azərbaycan qanunlarına görə, ölkədə nikah yaşı 18-dir. Ancaq Ailə Məcəlləsində belə istisna da var: “Üzrlü səbəblər olduqda nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər”. 

Bu baxımdan, 2022-ci ildə 18 yaşını tamamlamayan 270 nəfərin rəsmi nikahı qeydə alınıb. Bir məqam da diqqət çəkir: 2022-ci ildə 15-17 yaş arası ana olanlardan 120 nəfər ikinci dəfə uşaq doğub. Bu yaşlarda daha 11 nəfərsə artıq üçüncü dəfə ana olub. Erkən yaşda ana olanların 32 faizi şəhərlərdə, 68 faizi kəndlərdə yaşayır.

Erkən nikahla bağlı sərt tədbirin görülməsinin hansı nəticələrə səbəb ola biləcəyi ilə bağlı sosiologiya üzrə fəlsəfə doktoru Üzeyir Şəfiyev “Yeni Müsavat”a danışıb. Sosioloq bu cür sərt addımın atılmasını təqdir etdiyini deyib: “Ümumiyyətlə, çox təəssüflər olsun ki, erkən nikah məsələsi təkcə Azərbaycanda deyil, dünyanın bir çox, xüsusən də Şərq ölkələrində ən aktual məsələlərdən biridir. Doğrudur, bəzi Avropa ölkələrində də belə hallar var.

Azərbaycana gəldikdə, bu cür hallar xüsusən əyalətlərdə, kəndlərdə daha müşahidə olunur. Hadisələr hətta o səviyyəyə gəlib çatıb ki, artıq 12 yaşlı uşağı özündən çox-çox yaşlı bir insana nişanlayır, ad edirlər. Əlbəttə, bu, tamamilə yolverilməz, arzuedilməz hadisədir. Bu məsələ ilə bağlı həm hüquqi, həm də sosial müstəvidə mübarizə aparmaq lazımdır. 

Xatırladım ki, Azərbaycan 30 il əvvəl -1992-ci ilin iyulun 21-də BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasına qoşulub. Bu konvensiyada qeyd olunur ki, nikah yaşı 18 yaş müəyyənləşdirilir. Doğrudur, istisna halı kimi, 17 yaş da nikah yaşı kimi nəzərə alına bilir. Amma ölkədə bəzi valideynlər bu halda sui-istifadə etməyə çalışır, yerli icra strukturları ilə razılaşır və övladını erkən nikaha cəlb edir. Bu baxımdan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilir ki, Azərbaycanda qanuni nikah yaşı (18 yaş) ilə bağlı bütün istisnalar aradan qaldırıla bilər. Mən də bu məsələnin tərəfdarıyam. Qeyd etdiyim kimi, əksər hallarda nikah yaşı ilə bağlı istisnadan sui-istifadə edilir. Belə olmasaydı 2 mindən çox uşaq 17 yaşa qədər olan analar tərəfindən dünyaya gətirilməzdi. Bu o deməkdir ki, qızlar 17 yaşa qədər erkən nikaha cəlb olunub, ərə verilib.

Təsadüfi deyil ki, ana ölümlərinin böyük əksəriyyəti məhz erkən nikaha cəlb olunmuş qızların payına düşür. Bu o deməkdir ki, bunun həm fizioloji, həm də sosioloji fəsadları var. 

Başqa bir məsələ, valideynlər 18 yaşa çatmamış qızlarını nişanlayır, adaxlayırlar. Yaxşı olardı ki, nişanlanma da evlənmə ilə eyniləşdirilsin və qızlarını 18 yaşa çatmamış nişanlanmağa məcbur edən valideynlər məsuliyyətə cəlb olunsun. 

Çox təəssüf ki, bununla xəbərdarlıqlar, danışıqlar heç bir nəticə vermir. Bu baxımdan, sərt tədbirlərin görülməsi vacibdir. Hesab edirəm ki, sərt hüquqi tədbirlər insanları bu cür davranışlardan çəkindirə biləcək. 

Həmçinin arzuolunandır ki, bölgələrdə, regionlarda yerli strukturların, eləcə də Ailə, Qadın və Uşaq Komitəsinin nəzdində sosial işçi ştat vahidləri olsun. Onlar bölgələrdə, regionlarda oxşar hadisələri qeydə alıb, erkən nikaha cəlb olunmanı, nişanlanmanı qeydə alıb, operativ şəkildə hüquq-mühafizə orqanlarına məlumat çatdırsınlar. 

Hesab edirəm ki, sərt tədbirlər görülərsə, qısa zaman kəsiyində Azərbaycanda erkən nikah halları aradan qalxar. Lakin qeyd etdiyim kimi, bu tədbirlər kampaniya xarakteri daşımamalı, mütəmadi olaraq həyata keçirilməlidir. 

Daha bir məsələ, əgər 8-9-cu sinif şagirdi məktəbdən yayınırsa, bu təhsil qurumları üçün də bir məsuliyyət yaradır. Əgər kənddə hansısa uşağın nişanlanması ilə bağlı məlumat olarsa, məktəb rəhbərliyi, müəllimlər məsələdən duyuq düşüb, dərhal ölçü götürməli, müvafiq qurumlarla hərəkətə keçməlidir. Həmçinin kənd ağsaqqalları, ziyalıları bu məsələlərə həssas yanaşmalı, öz mövqelərinin bildirməlidirlər".

Qeyd edək ki, Cinayət Məcəlləsinin 176.1.2-ci maddəsinə əsasən nikah yaşına çatmayan şəxsi məcburi erkən nikaha cəlb etmə üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Xalidə GƏRAY,
“Yeni Müsavatr”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR