İnsanlara hürriyət, millətlərə istiqlal!

Erkən nikahların günahı axundların üzərinə qoyuldu

Ekspert komitə sədrinin səsləndirdiyi fikirləri absurd hesab edir,  çünki... 

“Bu gün erkən nikahların əksəriyyətini axundlar həyata keçirir”. Bu sözləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlamentdə “Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

“Selektiv abortlara görə dünyada lider olmağımız ürəkağrıdıcı bir faktdır. Erkən nikahların qırmızı xətt olduğunu deyirsiniz. Bu gün erkən nikahların əksəriyyətini də axundlar həyata keçirir. İndiyə qədər bununla bağlı bir nəfərin cəzalandırıldığını və ya bu istiqamətdə iş görüldüyünü eşitməmişik”, - komitə sədri bildirib.

Mövzu ilə bağlı hüquq müdafiəçisi və Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu “Yeni Müsavat”a danışıb: “Öncə qeyd edim ki, erkən nikahlarla bağlı məsələni Azərbaycanda ilk dəfə bizim təşkilat qaldırıb. Belə ki, erkən nikahlarla bağlı seminarlar keçirirdik. Və bir gün Şamaxının kəndlərinin birində bir qadın dedi ki, "mənim gəlinim 12 yaşında ərə gəlib, öz toyunda yatmışdı". Bunu eşidəndə dəhşətə gəlmişdik. Seminarlar keçirəndə həm polis, həm bələdiyyə işçilərini, həm də imamları çağırırıq ki, onlar mütləq iştirak etsinlər. Qanunda da var ki, erkən nikahların cavabdehləri bələdiyyə, polis və imamlardır. 

Erkən nikahla bağlı şikayət edilərsə, axund və yaxud digər şəxslər məsuliyyətə cəlb oluna bilərlər. O ki qaldı bu günə qədər kiminsə bu məsələ ilə bağlı məsuliyyətə cəlb olunmamasına, qeyd edim ki, bu gün anaların əksəriyyəti özü qızlarını tez ərə verməyə, ondan qurtulmağa çalışır. Cəmiyyət də bu gün bu cür məsələlərə biganədir. İnsanlar görürük ki, uşağı verirlər, görüb susurlar. Nəinki insanlar, məktəblər də buna susurlar. 

Siyasi İslamın 50 illik dövrü - Kənan Rövşənoğlu

Kənan Rövşənoğlu

Dini məsələlər üzrə ekspert Kənan Rövşənoğlu isə hesab edir ki, erkən nikahlar və selektiv abortlara görə yalnız axundları qınamaq belə bir ağrılı mövzuya bəsit yanaşmadır: “Əvvəla, ölkəmizdə artıq axund vəzifəsi yoxdur, bu rəsmi olaraq ləğv edilib, məscid imamları və digər din xadimləri vəzifələri mövcuddur. Konkret mövzuya gəlincə, bu məsələ artıq uzun illər əvvəldən, necə deyərlər, həllini tapıb. Bildiyim qədər rəsmi göstəriş var, heç bir din xadimi dövlət qurumundan verilən nikah kağızı olmayan şəxslər dini kəbin kəsmir. Əlbəttə, ola bilər ki, hansısa din xadimi erkən nikah kəssin. Amma bu rəsmi, yəni dövlət komitəsi tərəfindən təyin olunan imam ola bilməz. Çünki axund, yəni imamlar dövlət orqanları tərəfindən imtahanla seçilib təyin olunan şəxslərdir, qaydaları pozmazlar. Ən azı kütləvi şəkildə. Çünki buna görə məsuliyyət daşıyırlar, cəzalandırıla bilərlər”.

İlahiyyatçı Emil Rahiloğlu isə komitə sədrinin axundlarla bağlı səsləndirdiyi fikri tamamilə absurd adlandırıb: “Bu, tamamilə yanlış fikirdir. Əvvəla, əgər söhbət əqd oxumaqdan gedirsə, bunu axundsuz da yerinə yetirmək mümkündür. Əqd oxumaq üçün axund olmaq lazım deyil. Hər bir cütlük özləri üçün bunu oxuya bilər. Əqdin oxunması üçün axunda müraciət etmək vacib deyil. 

İkincisi isə axund oxuyan əqdə valideynlərin razılığı və ən əsası xəbəri olur. Əlbəttə, cütlüklər özləri oxuyan əqddə də atanın, ata yoxdursa, atanın atasının icazəsi əqdin düzgünlüyü üçün əsas şərtdir. Yəni axund oxuyan əqdi burada aborta və ya boşanmamaya əsas səbəb kimi göstərmək olmaz. 

Ölkəmizdə abortun səbəbləri müxtəlifdir. Mən əsas iki səbəb göstərə bilərəm ki, ağlım kəsəndən bunu səbəb kimi görmüşəm. Biri uşağın çoxluğudur. Halbuki Quranda  bu əməli şiddətli qınayır və buyurur ki, “Yoxsulluq qorxusundan uşaqlarınızı öldürməyin. Axı onların da, sizin də ruzinizi biz veririk. Onları öldürmək, həqiqətən də böyük günahdır”. (İsra, 17/31.) Yəni fəqirlik qorxusundan olunan abort, digəri isə oğlu olan qız, qızı olan da oğlan axtarır. Daha bilmirlər ki,  övladın salehi və salehəsi yaxşıdır. Abortun qarşısını almaq istəyiriksə və həqiqətən bu məsələ aidiyyəti qurumları narahat edirsə, ilk növbədə uşaq pulu verilməlidir. Təəssüf ki, uzun illərin müzakirə predmeti olmasına baxmayaraq hələ də bu barədə addım atılmayıb".

Qeyd edək ki, səslənən iradlarla bağlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəyini öyrənməyə çalışsaq da, zənglərimiz cavabsız qaldı.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR