Onlayn ictimai-siyasi qəzet
Psixoloq: “Hər insan əslində potensial cinayətkara çevrilə bilər, o halda ki... ”
Bakının Sabunçu rayonunda ər arvadının üzünə bıçaqla xəsarət yetirib, qulağını kəsib. Hadisə Bilgəh qəsəbəsində baş verib. 1995-ci il təvəllüdlü Zəhra Ramiz qızı Bayramova yaşadığı evdə həyat yoldaşı ilə mübahisə edib.
Mübahisəyə səbəb isə qadının boşanmaq istəyi olub. Bundan hiddətlənən əri Z.Bayramovanın əvvəlcə qulağını kəsib, daha sonra onun üzünə bıçaqla xəsarətlər yetirib. Ər (artıq saxlanılıb) qadının kəsilmiş qulağını onun cibinə qoyub.
Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, 1995-ci il təvəllüdlü şəxs (qadın cinsli) Sabunçu Tibb Mərkəzinin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub: “Qulağın kəsilmiş-deşilmiş yarası diaqnozu ilə pasiyentə zəruri tibbi yardımlar göstərilib. Vəziyyəti stabil qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb”.
Faktla bağlı araşdırma aparılır.
Əfsus ki, bu, ilk belə hal deyil. Bəs Azərbaycan ailələrində xüsusən də qadın tərəfindən boşanma cəhdləri niyə bir çox hallarda faciə ilə bitir, qadına qarşı zorakılıq, vəhşilik törədilir? Azərbaycanlı kişi (ər) niyə aqressiv olur? Bu, daha çox mentalitetlə bağlıdır, yoxsa? Yaxud ailədə uşağın olub-olmaması nə dərəcədə qəddarlığa rəvac verən amildir?
Mövzu ilə bağlı tanınmış psixoloq Vəfa Rəşidova “Yeni Müsavat”a danışıb: “Bu məsələ çox dərin və həssasdır. Əvvəla, bu aqressiyanın kökündə çox zaman maddi çatışmazlıqlar dayanır. İnsan istədiyi həyatı yaşaya bilmir, ən sadə ehtiyaclarını belə ödəyə bilmir. Təhsilsizdir, zamanında özünü inkişaf etdirmək imkanı olmayıb. Gəldiyi mühit sağlam deyil, bəlkə də özü zorakılıqla dolu bir ailədə böyüyüb. Bəli, hər bir insanda müəyyən dərəcədə aqressiya ola bilər. Bu, bəzən situativ olaraq üzə çıxır və sonra da sakitləşir. Amma mütəmadi şəkildə davam edən aqressiya artıq nevrotik pozuntuların əlamətidir. Bu hal psixopatiya və ya ağır nevrozlarla müşahidə oluna bilər. Burada artıq söhbət təkcə aqressiv davranışdan deyil, konkret psixoloji diaqnoz və müalicə tələb edən problemlərdən gedir”.
Vəfa Rəşidova
Psixoloq qeyd edir ki, bununla yanaşı, məsələnin mentalitetlə bağlı tərəfi də böyük rol oynayır: “Təəssüf ki, bizim cəmiyyətdə gülmək, fərqli olmaq, seçilmək və ya həyat tərzində dəyişiklik etmək dərhal qınaq və alçaldılma ilə qarşılanır. "Arvadından boşandısa, demək, kişi deyil", “xaraktersizdir” kimi cümlələr hələ də yaşayır və təsir gücünü itirməyib. İnsanlar gündəlik bu cür stereotiplərlə üz-üzə qalır. Beləliklə, kişi həyat yoldaşı boşanmaq istədikdə, onun hisslərini yox, ətrafdakıların nə deyəcəyini düşünür. Düşünür ki, cəmiyyət onun haqqında “bacarmadı, ailəsini qoruya bilmədi, kişi deyil” deyəcək. Bu qorxu onu o yerə gətirib çıxarır ki, “ya o qadın ölməlidir, ya da bu evlilik ölməməlidir” kimi dəhşətli düşüncələr yaranır. Onun üçün boşanmaq yox, ölüm daha məqbul görünür.
Əslində isə insan ailə qurmağı bacardığı kimi, boşanmağı da bacarmalıdır. Bəzi hallarda boşanmaq bir nicat, bir xilas forması, hətta Allahın bir lütfüdür. Cinayətlərin, fəlakətlərin qarşısını almaq üçün boşanma vacib şərtə çevrilə bilər. Amma bizim cəmiyyət hələ də bu düşüncəni qəbul etməyə hazır deyil. Boşanmış insanlar qınanır, damğalanır, cəmiyyətdən kənara itələnir. Onlara az qala “ikinci dərəcəli insan” kimi baxılır. İnsan təkcə evindən deyil, bəzən öz insanlığından da məhrum edilir.
Əlbəttə ki, həyat yoldaşını bıçaqlayan insana bəraət qazandırmaq olmaz, bu mümkün deyil. Amma bu cinayətin arxasında bəzən sadəcə bir şəxsi deyil, bütöv bir cəmiyyətin təzyiqini, köhnəlmiş düşüncə tərzlərini və psixoloji baxımdan yorğun insanları görmək olur. Beyinlərə daş kimi oturmuş, dəyişmək istəməyən düşüncələr bəzən insanları ən qorxulu addımlara sövq edir.
Unutmayaq: mühit, qohumlar, qonşular, sosial şərhlər - bunların hər biri insanın psixikasına təsir edir. Bəzən insan o qədər sıxışdırılır, o qədər təcrid olunur ki, bir çıxış yolu kimi cinayətə əl atır. Hər bir insan əslində potensial olaraq cinayətkara çevrilə bilər. Əgər biz birini damğalayır, ona “sən artıq bitmisən” deyiriksə, onu cəmiyyətin kənarına atırıqsa, o insan da bir anda özünü itirə, törətdiyi cinayəti “çoxdan məhkum olunmuş” biri kimi görə bilər.
Cinayətin arxasında təkcə bıçaq vuran bir əl yox, çox zaman görünməyən yüzlərlə səs, qınaq, lağ, damğa dayanır..."
Xalidə GƏRAY,
“Yeni Müsavat”
17 Aprel 2025
16 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ