İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərəb ölkələrinin Afrika gedişi: Kremlin oyunbazlığına son qoyulurmu...

Rusiyanın öz neftini satmaq üçün ən ağlagəlməz yollara əl atacağı şübhəsizdir

Dünya bazarında neft qiymətləri 5 dollara qədər bahalaşıb. İyunun 5-də Brent neftinin qiyməti 77 dolları, WTI neftinin qiyməti isə 73 dolları keçib. Buna səbəb OPEK+ ölkələri nazirlərinin iyunun 4-də Vyanada keçirilən iclasında qəbul edilən qərardır. Belə ki, çox gərgin və uzun sürən müzakirələrdən sonra nazirlər 2024-cü ildə gündəlik neft hasilatını daha 1,4 milyon barel azaltmaq barədə qərar qəbul ediblər. Bundan əlavə, bu ilin may ayından hasilatı könüllü olaraq 1,66 milyon barel azaltmaq öhdəliyi götürən ölkələr azalma müddətini 2024-cü ilin sonunadək uzadıblar. Nəticədə gələn il razılaşma iştirakçılarının ümumi gündəlik hasilatı 40,46 milyon barel olacaq.

Səudiyyə Ərəbistanı isə daha irəli gedərək, iyul ayında gündəlik hasilatı 1 aylıq dövrdə 1 milyon barel azaldacağını elan edib.

Qeyd edək ki, analitik mərkəzlər nazirlərin hasilatın azaldılması kvotasını dəyişməyəcəyini proqnozlaşdırmışdılar. Lakin müzakirələrin gedişində məlumat yayıldı ki, hasilatın əlavə azaldılmasına baxılır. Əldə olunan razılaşmaya əsasən, 2023-cü il üzrə hasilat həcmlərində dəyişiklik olmayacaq: 2022-ci ilin oktyabrı ilə müqayisədə 2 milyon barel, həmçinin may ayından tətbiq olunan azalma qüvvədə qalır. Könüllü azalma üçün 4 iyunda razılaşdırılan, lakin açıqlanmayan yeni hasilat səviyyəsi müəyyənləşdirilir. Yalnız iyulda Səudiyyə Ərəbistanı gündəlik 1 milyon barel az - 9 milyon barel hasil edəcək. Ölkənin energetika naziri Əbdüləziz ibn Salman bildirib ki, bu azalma bazarda qiyməti tənzimləmək məqsədi daşıyır.

Yayılan press-relizdən aydın olur ki, gələn il razılaşma iştirakçılarından OPEK ölkələri gündə 24,99 milyon barel, qeyri-OPEK ölkələri isə 15,47 milyon barel neft hasil edəcəklər. Bu il üçün hasilat həcmləri isə müvafiq olarfaq 41,856 milyon barel, 25,4 milyon barel və 16,44 milyon bareldir. Əksər analitiklərə görə, builki və gələn ilki hasilat öhdəlikləri artıq formal xarakter daşıyır. Çünki elə indinin özündə OPEK+ ölkələrinin əksəriyyəti hasilat kvotalarından daha az neft hasil edə bilirlər.

OPEC's share in global oil output down in April 2023

2024-cü ildə Səudiyyə Ərəbistanı 10,5 milyon barel, Rusiya isə 9,8 milyon barel neft hasil edəcək.

Onu da qeyd edək ki, nazirlər iclası bir çox hadisələrlə yaddaqalan olub. Əvvəla, nazirlərin rəsmi görüşü nəzərdə tutulan vaxtdan 6 saat gec başlayıb. Buna səbəb qərarların razılaşdırılması üçün qeyri-rəsmi müzakirələrin gərgin keçməsi və uzun müddət davam etməsi olub. Daha bir maraqlı məqam OPEK+ nazirləri iclasına Rusiyanın hasilatı azaltmadığına dair məlumat yayan üç böyük media resursunun nümayəndələrinin buraxılmamasıdır. Bunlar "The Wall Street Journal" qəzeti, "Bloomberg" və "Reuters" agentlikləridir. Onların jurnalistlərinə razılaşmanın qərargahı yerləşən binaya giriş qadağan olunub. İclasdan sonra bununla bağlı jurnalistlərin suallarını Əbdüləziz ibn Salman yayındırıcı cavablandıraraq, onlara məlumat üçün alyansın katibliyinə üz tutmağı məsləhət görüb.

Alyansın press-relizində qeyd olunur ki, Rusiyanın hasilat həcmi fevral ayında 9,828 milyon barel təşkil edib. Lakin bu rəqəm ikinci dərəcəli mənbələrin orta göstəricisi əsasında dəyərləndirilib və 2023-cü ilin iyununda ona yenidən baxılacaq. Hazırda Rusiyanın OPEK+ razılaşması əsasında hasilat kvotası gündəlik 10,5 milyon bareldir. 

Fevral ayında Rusiya martdan etibarən hasilatı gündəlik 500 min barel azaldacağını elan edib. Baş nazirin müavini Aleksandr Novak nazirlər iclasından sonra bəyan edib ki, 2024-cü ildə ölkəsinin hasilat kvotası 9,8 milyon barel müəyyənləşdirilsə də, onlar könüllü azaltmanı qüvvədə saxlamaqla 9,3 milyon barel hasil edəcəklər.

Novak jurnalistlərə bildirib ki, hasilatla bağlı Səudiyyə Ərəbistanı ilə Rusiya arasında hər hansı fikir müxtəlifliyi yoxdur. Əbdüləziz ibn Salman isə deyib ki, Rusiya öz hasilat səviyyəsini müstəqil mənbələrlə müzakirə edir və onun dəqiq həcmi iyunda müəyyən olunacaq. Səudiyyəli nazir həmçinin qeyd edib ki, Rusiya özünün hasilatı könüllü azaltmaq öhdəliyinə əməl olunacağını vəd edib: “Rusiya bəyan edib ki, fevral üzrə baza göstəricisinin dəyişib-dəyişməməsindən asılı olmayaraq, hasilatın azaldılmasına dair könüllü öhdəliyinə əməl edəcək. Mənə onlara inanmaqdan başqa yol qalmır, çünki biz onların öz vədlərinə əməl etdiklərini gördük”.

Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Süheyl Əl Məzuri isə bildirib ki, hasilat həcmləri barədə Rusiyanın özünün və özəl mənbələrin rəqəmləri arasında fərqlər müşahidə olunur və OPEK+ bunun səbəbini tapmağa çalışır: “Müstəqil mənbələrə irad bildirmədən, eyni zamanda Rusiya tərəfini nəzərə almaqla biz göstəricilərin fərqlənmə səbəbini öyrənməliyik. Biz göstəricilərin siyasətə qarışmasını istəmirik”.

OPEC üyesi ülkeler petrol üretimini belli bir seviyede tutacaklar

İyunun 4-də əldə edilmiş razılaşmaya əsasən 2024-cü il üçün Səudiyyə Ərəbistanı, İraq, Küveyt, Əlcəzair, Qazaxıstan, Oman, Meksika və Cənubi Sudanın hasilat kvotası dəyişmir. Rusiyada gündəlik hasilat 650 min barel, Anqolada 175 min barel, Konqoda 34 min barel, Nigeriyada 362 min barel, Azərbaycanda 133 min barel azaldılmalıdır. BƏƏ hasilatı 200 min barel artıra bilər. Bu artım Afrika ölkələri üzrə hasilat kvotasının azaldılması hesabına mümkün olacaq. Belə ki, Afrika ölkələri uzun müddətdir hasilat kvotalarına əməl edə bilmirlər: hasilat azalır.

Afrika ölkələri - Anqola, Konqo və Nigeriyanın hasilat göstəriciləri 2023-cü ilin sonunadək 3 müstəqil mənbənin (IHS, Wood Mackenzie və Rystad Energy) məlumatları əsasında yenidən qiymətləndiriləcək və 2024-cü il üçün orta hasilat kvotası müəyyən olunacaq. Maraqlıdır ki, Anqola və Qabonun energetika nazirləri iclası yarımçıq tərk ediblər. Bu zaman onlar jurnalistlərin suallarını cavabsız buraxıblar.

İyunun 4-də əldə edilən daha bir razılaşmaya əsasən, 3 müstəqil mənbə - IHS, Wood Mackenzie, Rystad Energy bütün OPEK+ ölkələrinin real istehsal güclərinin ekspertizasını həyata keçirəcək. 2024-cü ilin iyununa qədər başa çatacaq ekspertizadan əldə olunan nəticələr əsasında hasilatın hesablanması üçün yeni baza göstəriciləri müəyyən olunacaq.

Faktiki olaraq, OPEK+ ölkələri hasilat üzrə kvotalarına əməl etməkdə çətinlik çəkirlər. Aprel ayında alyansın gündəlik hasilatı kvotada nəzərdə tutulandan 2,5 milyon barel az olub. Buna görə də iyunun 4-də qəbul edilən qərarları əksər analitik mərkəzlər deklarativ xarakterli kimi qiymətləndirirlər. Bu qərarların neft bazarında qiymətlərə qısamüddətli müsbət təsirinin olacağı gözlənilir. Bu, sıra informativ təsir olacaq, çünki bazardakı real təklif və tələblə bağlılığı yoxdur.

Bazarın reallığı isə budur ki, may ayında razılaşılan 1,6 milyon barel əvəzində OPEK+ ölkələri tərəfindən bazardan cəmi 540 min barel çıxarılıb. Bu zaman Nigeriya və Anqola gözlənilmədən hasilatı və ixracı kəskin artırıblar. Halbuki OPEK+ razılaşması əldə olunan 2019-cu ildən bəri hər iki ölkə hasilat kvotasından xeyli az neft hasil və ixrac edib. İndi birdən-birə ixracın artması haqlı olaraq tərəfdaşlarda suallar yaradır ki, burada da Rusiya amili önəmli rol oynayır. Belə ki, son aylarda Rusiya neftinin dənizdə tankerdən tankerə boşaldılaraq başqa ölkələrin məhsulu kimi satıldığına dair çoxsaylı məlumatlar yayılmaqdadır. Eyni dövrdə Rusiyanın Afrika ölkələrinə “marağı” da şübhəli şəkildə artıb, rəsmi səfərlər ard-arda reallaşdırılır. Tərəflərin bütün inkar cəhdlərinə rəğmən, belə görünür ki, reallıq OPEK+un digər tərəfdaşlarına da məlumdur. Buna görə də Afrika ölkələri üçün hasilat kvotasını azaldıb, BƏƏ üçün artırmaq məsələsi gündəmə gətirilib. Anqola və Qaban nazirlərinin iclasdan yarımçıq çıxmalarının səbəbini də bu qərarda axtarmaq yerinə düşər.

OPEC is considering cutting oil output by 1 million barrels a day | Fortune

Rusiya bu halda ərəb ölkələrinin şübhəsinə əsas verməmək üçün Afrika ölkələrini açıq müdafiə edə bilməzdi. Lakin Moskvanın hasilatı və ixracı real olaraq azaldacağı da inandırıcı deyil. Belə ki, ölkənin müharibə xərcləri gün-gündən artdığı bir zamanda neft-qaz gəlirləri sürətlə azalır. Rusiya Maliyyə Nazirliyinin məlumatına əsasən, dövlət büdcəsinə neft-qaz sektorundan daxilolmalar may ayında aprellə müqayisədə 11,9 faiz azalmaqla 570,7 milyard rubl təşkil edib. Ötən ilin mayı ilə müqayisədə isə gəlirlər 1,55 dəfə azalıb. Bu ilin 5 ayında Rusiya büdcəsinə ötənilki 5,658 trilyon rubl neft-qaz gəliri qarşılığında cəmi 2,854 trilyon rubl gəlir daxil olub. Bu vəziyyətdə Rusiyanın öz neftini satmaq üçün ən ağlagəlməz yollara əl atacağı şübhəsizdir.

Onu da bildirək ki, OPEK+ nazirlər iclasında Azərbaycanın energetika naziri Pərviz Şahbazov da iştirak edib. "OPEC plus"un yeni qərarını şərh edən energetika naziri bildirib ki, “Əməkdaşlıq Bəyannaməsi” iştirakçıları üçün əsas məqsəd neft bazarında ümumi mənafeyə xidmət edən balansa nail olmaq və neft sektorunun inkişafına mənfi təsir göstərən volatilliyin qarşısını almaqdır: “Hesab edirəm ki, OPEC və qeyri-OPEC ölkələrinin bu qərarı da neft bazarına zəruri dəstəyi təmin edəcək.”

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR