Onlayn ictimai-siyasi qəzet
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iki aydır ölkə gündəmini zəbt edən yeniyetmənin qətli ilə bağlı onun ailəsi ilə əlaqə saxlayıb.
Ərdoğan Kadıköydə bıçaqlı hücumda həyatını itirən 15 yaşlı Mattia Ahmet Minguzzinin anası Yasemin Akıncılar Minguzziyə telefonla zəng edib.
Ölkə başçısı Y. Minguzziyə cinayətkarların layiq olduqları cəzanı alması üçün prosesi yaxından izləyəcəyini bildirib: “Allah səbir versin, Ahmetin məkanı cənnət olsun. Bayramdan sonra daha münasib vaxtda görüşərək dərdinizi paylaşmaq istəyirəm”.
Yasemin Minguzzi prezidentə təşəkkür edib, həmçinin hadisəni törədənlərin yetişkin kimi mühakimə olunmasını istədiyini bildirib.
Qeyd edək ki, 15 yaşlı A.Minguzzi bu ilin yanvarın 24-ü İstanbulun Kadıköy səmtində öz həmyaşıdı tərəfindən 5 dəfə bıçaqlanıb. Bu hadisə Türkiyədə gənclərin zorakılığı ilə bağlı gərgin ictimai müzakirələrə səbəb olub. Hadisədən sonra Türkiyə mətbuatında mümkün cəzaların nə ola biləcəyi ilə bağlı geniş müzakirələr aparılıb. Mövzu ilə bağlı ekspertlər şübhəlilərin 18 yaşından kiçik olmalarının ala biləcəkləri cəzanın şiddətinə təsir edəcəyini bildiriblər. Vəkillər 18 yaşından kiçik hər kəsin qanuni olaraq uşaq sayıldığını və Türkiyə qanunlarına görə cəzanın azaldılmasının məcburi olduğunu bildirib. Bu isə birmənalı qarşılanmayaraq sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub./Qafqazinfo.az/
31 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ