Onlayn ictimai-siyasi qəzet
İranın xarici işlər naziri Abbas Əraqçi BRİKS sammitindən qayıdarkən Səudiyyə Ərəbistanına gözlənilməz səfər edib.
O, Ciddədə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və xarici işlər naziri Feysəl bin Fərhanla görüşərək, regionda vəziyyəti, İsrailin hücumlarını və İran-ABŞ münasibətlərini müzakirə edib.
İranın rəsmi İRNA agentliyi yazır ki, Əraqçi görüş zamanı Səudiyyənin İsrailin hücumlarını pisləməsini “təqdirəlayiq” adlandırıb və bunu “müsbət siqnal” kimi dəyərləndirib.
Bu görüş İranla Səudiyyə arasında son iki ildə normallaşan münasibətlərin yeni mərhələyə keçdiyini göstərir.
Qeyd edək ki, Tehranla Ər-Riyad arasında vasitəçi rolunu Çin və Oman oynayır. Bu kontekstdə ABŞ-İran danışıqlarının taleyi də Ciddədəki dialoqun mühüm hissəsini təşkil edib.
İranlı nazir “Financial Times” qəzetində dərc olunan məqaləsində bildirib ki, Vaşinqton və Tehran 5 raund nüvə danışıqlarında “tarixi irəliləyiş”ə yaxın idilər: “Lakin danışıqların 6-cı raunduna 2 gün qalmış İsrailin İrana hərbi hücumu bu prosesi məhv etdi”.
Əraqçi ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff və Omanlı vasitəçilərlə 9 həftəlik danışıqlarda “qazan-qazan” formatında razılaşma əldə olunduğunu açıqlayıb. Lakin hücumdan 48 saat öncə İsrailin Oman ərazisinə müdaxiləsi vəziyyəti dəyişib.
İran tərəfi hələ də ABŞ-la dialoqa açıq olduğunu bildirir. İranın XİN sözçüsü İsmail Bəqayi Trampın danışıqların bərpası ilə bağlı açıqlamasına cavab olaraq bildirib ki, rəsmi Tehran görüş üçün heç bir müraciət etməyib. Amma bu, danışıqlara marağın qalmadığı anlamına gəlmir. Xarici işlər nazirinin müavini Məcid Təxt-Rəvançi də “NBC News”a verdiyi açıqlamada vurğulayıb ki, İran yalnız bir şərtlə danışıqlara qayıda bilər – ABŞ hərbi gücdən istifadə etməyəcəyinə zəmanət verməlidir.
“Birləşmiş Ştatlar bizi əmin etməlidir ki, danışıqlar dövründə güc tətbiq etməyəcək. Əks halda, Tehran üçün qərar vermək mümkün olmayacaq”, - deyə Təxt-Rəvançi bildirib.
Siyasi şərhçi Qabil Hüseynli Musavat.com-a açıqlamasında İranın diplomatik jestlərinin görüntü olduğunu deyib:
“İran xarici işlər nazirinin Səudiyyə vəliəhdi ilə görüşü əslində bir neçə məqsədə xidmət edir. Birincisi, bölgədəki diplomatik təcridi yumşaltmaq, ikincisi isə ABŞ-la danışıqlarda mövqe qazanmaq istəyi.
Amma diqqət edin, eyni vaxtda Tehranda parlament Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığı dayandırmaq üçün qanun qəbul edir. İran strategiyası belədir ki, bir əllə sülh mesajı verir, digər əllə şantaj dili ilə danışır”.
Q.Hüseynli hesab edir ki, Tehran ABŞ və Avropa qarşısında “konstruktiv oyunçu” obrazı yaratmağa çalışsa da, reallıqda regionda hegemonluq niyyətindən əl çəkmir:
“Diplomatiya aparmaq istəyən ölkə nüvə obyektlərinə dron yerləşdirməz, alimlərini şəhid elan etməz. Səudiyyə bu oyunu başa düşür və sadəcə İranı beynəlxalq təzyiqin qarşısında ifşa etmək üçün masaya dəvət edir. İran üçün bu görüşlər zaman qazanmaq üsuludur”.
2025-ci ilin iyununda İsrailin İrana hərbi hücumu nəticəsində 12 günlük müharibə baş verib. İran rəsmilərinin açıqlamasına görə, hücumlarda 1060 nəfər, o cümlədən mülki şəxslər həyatını itirib. ABŞ qüvvələri də Fordo, Natanz və İsfahan kimi strateji nüvə obyektlərinə zərbə endirib.
İran bu hücumları “beynəlxalq hüququn pozuntusu” adlandıraraq cavab addımları atacağını bəyan edib. Tehranda qəbul edilən yeni qanun İran hökumətindən tələb edir ki, “nüvə obyektlərinin və alimlərin təhlükəsizliyi” təmin olunana qədər Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlıq dayandırılsın. Bu isə diplomatik prosesi ciddi şəkildə kölgə altına salır.
ABŞ prezidenti Donald Tramp Benyamin Netanyahu ilə görüş zamanı çıxışında bildirib ki, Suriyaya tətbiq edilən sanksiyaların ləğvindən sonra İrana da analoji yanaşma mümkündür.
Tramp deyib:
“İranın böyük potensialı var. Mən çox istərdim ki, sanksiyalar qaldırılsın və bu ölkə yenidən qurulmaq şansı əldə etsin. İran xalqı ağıllı, enerjili və dəyərli resurslara malikdir. Sadəcə “Amerikaya ölüm” ritorikası bitməlidir”.
Ciddədəki görüş və Trampın yumşaq ritorikası ümid versə də, İranın daxili qərarları və BAEA ilə əməkdaşlığı dayandırmaq kursu danışıqların perspektivini şübhə altına salır.
Qabil Hüseynli vurğulayıb ki, Tehran ikili oyun oynamaqdan vaz keçməyib.
Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com
10 Iyul 2025
09 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ