Onlayn ictimai-siyasi qəzet
Son vaxtlar elektron siqaretdən istifadə edənlərin sayı artıb. Əvvəllər mağaza piştaxtalarında az görünən bu tip siqaretlərə indi qəzet köşklərində, market və hətta aksesuar satılan dükanlarda belə rast gəlinir.
Lakin bəzi ölkələr elektron siqaretlərin idxalını və satışını qadağan edib. Azərbaycanda da ötən ay qanunverici orqanda bu məsələ müzakirə olunub, deputatlar elektron siqaretlərin ölkədə istifadəsinin qadağan edilməsinin tərəfdarı olduqlarını bildiriblər.
Bəzi deputatlar isə adi siqaretin elektron siqaretdən daha çox zərər verdiyini bildiriblər.
Bəs elektron siqaretlər haqqında deyilənlərin hansı doğrudur? Ənənəvi, yoxsa elektron siqaretlər daha çox zərərlidir?
Mövzu ilə bağlı Bizim.media-ya danışan professor Adil Qeybulla deyib ki, elektron siqaret insanı tütün asılılığından azad eləmir:
“Elektron siqaret ideyası keçən əsrin 70-ci illərində ortaya çıxdı. Uzun müddət müzakirə mövzusu oldu, yalnız keçən əsrin sonunda kütləvi istehsala buraxıldı. Elektron siqaretlərdə istifadə olunan nikotinin miqdarı ilə adi siqaretdəki nikotinin miqdarı, demək olar ki, bir-birinə bərabərdir.
Siqaret asılılığını yaradan nikotindir. Ona görə də elektron siqaret qətiyyən siqaret asılılığını həll etmir. Elektron siqaretdə istifadə olunan aromatik maddələrə gəldikdə isə həmin maddələrin özlərinin də kanserogen təsiri var. Yəni elektron siqaretlər faktiki olaraq adi siqaretlərdən öz zərərinə görə elə də geri qalmırlar”.
Həkim hesab edir ki, insanları maarifləndirmə ilə bundan çəkindirmək mümkündür:
“Elektron siqaretlərin bu gün kifayət qədər geniş yayılması, onun insan orqanizminə zərəri ilə bağlı maarifləndirici tədbirlər aparılmalıdır. Hansısa administrativ tədbirlər nəticə vermir, insanlar onda gizli yolla bunu əldə edirlər. Ancaq siqaretlərin üzərində aparılan tədqiqatların nəticələrini əhaliyə elan etdikcə, maarifləndirmə apardıqca onlar ona daha çox diqqət edib, nəticə çıxararlar”
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ