Onlayn ictimai-siyasi qəzet
“ASAN xidmət indeksi” üzrə 2023-cü il qiymətləndirmə nəticələrinə dair təqdimat keçirilib.
Musavat.com xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, icra hakimiyyəti orqanlarının nümayəndələri və müxtəlif qurumların rəhbər vəzifəli şəxsləri və digər qonaqlar iştirak ediblər.
Bildirilib ki, “Dövlət Xidmətlərinin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 sentyabr tarixli 262 nömrəli Fərmanı ilə verilmiş tapşırığa əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən “ASAN xidmət indeksi”ni təşkil edən parametrlər rəhbər tutulmaqla dövlət xidmətlərinin qiymətləndirilməsi tapşırığının icrası 2023-cü ildə də davam etdirilib.
Əsas məqsəd dövlət xidmətləri haqqında məlumatların vahid mənbədə toplanması və sistemləşdirilməsi, xidmətlərin göstərilməsində təkrarlığın aradan qaldırılması və yeni növ xidmətlərin yaradılması yolu ilə bu sahədə idarəetmənin çevikliyinin təmin edilməsi, xidmətlər üzrə təhlil və proqnozlaşdırma imkanlarının artırılmasıdır.
Bu tapşırığın yerinə yetirilməsi məqsədilə 2023-cü ildə Dövlət Agentliyi tərəfindən 23 mərkəzi icra hakimiyyəti orqanının 208 xidməti, 15 yerli icra hakimiyyəti orqanının 170 xidməti və 9 hüquqi şəxsin 60 xidməti daxil olmaqla, ümumilikdə 438 xidmət qiymətləndirilib.
Tədbirin birinci hissəsində 2023-cü ildə “ASAN xidmət indeksi” üzrə qiymətləndirmə ilə bağlı qısa təqdimat keçirilib və nəticələr açıqlanıb. Sonra mərkəzi icra hakimiyyəti, yerli icra hakimiyyəti və hüquqi şəxslər üzrə 2023-cü ildə ən yüksək göstəriciləri olan qurumlar mükafatlandırılıb.
Mərkəzi icra hakimiyyəti orqanları arasında ən yüksək göstəriciləri olan qurumlar bunlardır:
1-ci yer: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
2-ci yer: Dövlət Miqrasiya Xidməti
3-cü yer: Ədliyyə Nazirliyi
Yerli icra hakimiyyəti orqanları arasında ən yüksək göstəriciləri olan qurumlar:
1-ci yer: Pirallahı Rayon İcra Hakimiyyəti
2-ci yer: Binəqədi Rayon İcra Hakimiyyəti
3-cü yer: Yasamal Rayon İcra Hakimiyyəti
Hüquqi şəxslər arasında ən yüksək göstəriciləri olan qurumlar:
1-ci yer: “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti
2-ci yer: “Azərsu” Açıq Səhmdar Cəmiyyəti
3-cü yer: “Azəriqaz” İstehsalat Birliyi
İkinci hissədə dövlət qurumlarının nümayəndələri üçün qiymətləndirmənin nəticələrinin geniş və interaktiv şəkildə təqdimatı keçirilib.
Tədbir sual-cavab hissəsi ilə davam edib.
Nigar HƏSƏNLİ,
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ