Onlayn ictimai-siyasi qəzet
“Bu gün bazar iqtisadiyyatı dövrüdür. Xanəndələr istəmirlər özlərini əziyyətə salsınlar. Muğama səs potensialı, istək lazımdır. Hər insan, hər xanəndə muğamın ağırlığını daşımağı bacarmır. Bir yandan xanəndələri qınayıramsa, digər bir tərəfdən efirləri qınayıram. Bugünkü gündə də efirlərimiz görün nə gündədir! Hamıya deyirlər ki, oynaq mahnılar ifa edin, onlar da pozitiv mahnılar oxuyurlar. Lirikaya tələbat yoxdur. Televiziya kanallarının əksəriyyətində məkan yoxdur ki, xanəndə özünü göstərsin. Onlar da deyirlər ki, qoy elə mahnı oxuyaq toylarımız artsın”.
Bunu Medianews.az-a açıqlamasında Xalq artisti Nəzakət Teymurova deyib.
Sənətkar qeyd edib ki, hər zaman söz-söhbətdən uzaq olmağa çalışıb: “Mən sənətə gəldiyim ilk gündən başımı aşağı salıb işimlə məşğul olmuşam. Danışıqlar, dedi-qodular mənim üçün maraqlı olmayıb. Sənətə xidmət etmişəm. İstəmişəm ki, hər yerdə öz professionallığımı göstərim. Meydan var, şərait var, onlar da yaxşı olar ki, ifa etsinlər”.
Xalq artisti bildirib ki, illər öncə baş verən hadisələri bu gün efirlərdə tamaşaçı qarşısında danışmaq olmaz: “Həyatda qismət deyilən bir şey var. Kimlərsə vaxtında Leylini oxumayıblar. Şərait, istək olmayıb. Bəzən deyirlər ki, hansısa rolu oynamağa mənə mane oldular. Gərək həmin adamdan soruşasan ki, səni kim, niyə Leyli oynamağa qoymayıb? Opera səhnəsində bu gün 3-4 nəfər Leyli var. Vaxtında bəlkə də mane olanlar ola bilərdi, amma bu gün kimin səs potensialı varsa oxuyur. Keçmişdə olan şeyləri açıb-ağartmaq istəmirəm. Bu sahə bir az çətindir. Olub-keçənlər haqqında danışmaq doğru olmaz. Məni rollarımla, obrazlarımla seviblər. Tamaşaçıma da hər zaman hörmətlə yanaşmışam. Neqativləri tamaşaçılara göstərməməliyik”.
Nəzakət Teymurova deyib ki, gənclər müdafiə edib: “Yaxşı şeyə pis deyən adamın dili qurumalıdır. Gəncliyin özü gözəllikdir. Onlara təşəkkür etməliyik ki, bu sahəni seçiblər. Bəzən yaxşıya pis deyən həmkarlarım da olur. Bu zaman həmin tələbələri mən özüm müdafiə edirəm. Neqativ axtaranın axırda özü elə neqativə rast gəlir. Hər şeyi bəyənməyən adamlar çoxdur. Gənclərə irad tutan adamlar görəsən özləri bu sənət üçün nə ediblər? Bu sənətdə ad qazanmaq çox çətindir. Kim nə edirsə özü üçün edir. Bu sahə elə bir sahədir ki, pislər ələnir, qalmır. Muğamatın qədrini bilməliyik. Mən indiyə qədər 7 rol oynamışam. Bildiyiniz kimi teatrımız hazırda təmirdədir. Bəzi operalarımız səhnəyə qoyulmur. Muğam, teatr fəaliyyətimlə yanaşı, çox az hallarda olsa belə, toylara da gedirəm. Allah bütün hər kəsə toy nəsib etsin. Dzüdür, daim toyları üstün tutmamışam. Səhnə mənim üçün əsas olub. Lakin yaxın adamların toylarında iştirak edirəm. Bugünkü gün dəvət olanda da gedirəm”.
Nəzakət xanım ustadı, Xalq artisti Arif Babayevdən də danışıb: “Tez-tez görüşə bilməsəm də Arif müəllimlə müntəzəm olaraq əlaqə saxlayıram. Arif müəllimin səsi sehrdir. Onun mahnıları insanların yaddaşına yazılıb. Ən böyük arzum odur ki, rayonumuz yenidən qurulsun, mən də Arif müəllimlə birlikdə oraya gedim. O bizim həyətdə, evimizdə bir böyük kimi qonaq olsun. Pedaqoji fəaliyyətimi və bundan sonrakı həyatımı doğulduğum Ağdam torpağında gənc ifaçılara dərs deməklə keçirmək istəyirəm”.
05 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ