İnsanlara hürriyət, millətlərə istiqlal!

Əmlak bazarında “tilov effekti” - FOTO

Yanvar ayından etibarən daşınmaz əmlak bazarında yeni qaydaların tətbiqinə başlanılıb. Əmlak ekspertləri və alqı-satqı edənlərin sözlərinə görə, 20 min manatdan yuxarı əməliyyatlar üçün notariat kontorları tərəfindən yazılı bəyannamə tələb olunur. Yəni daşınmaz əmlak alan şəxs ödədiyi vəsaitin mənbəyini göstərməlidir. Maraqlıdır, bu qaydalar daşınmaz əmlak bazarına necə təsir edib? 

Musavat.com “Kaspi” qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edir:

Məntiqsiz qiymət artımı

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc “Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, bazarla bağlı istənilən dəyişiklik təsirsiz ötüşmür. Sədrin sözlərinə görə, hazırda daşınmaz əmlak bazarından təklif olunan qiymətlər çox yüksəkdir və bu, hər ay artan templə davam edir: “Hazırda bazarda alqı-satqı faktları o qədər də çox deyil. Buna baxmayaraq, öz əmlakını satmaq istəyən vətəndaşlar mövcud iqtisadi durumu, əmlak qiymətlərində baş verə biləcək dəyişiklikləri nəzərə alaraq, əmlaklarını yüksək qiymətlərlə təklif etməkdən çəkinmirlər. Məlumdur ki, qiymət artımı hər hansı iqtisadi prosesin nəticəsi olur. Lakin son vaxtlar bu sahədə xaotiklik müşahidə edilir. Məsələn, bazarın müəyyən bir hissəsində qiymətlər çox yüksək həddədir, digər rayonda qiymət stabilliyi var. Eyni zamanda, bəzi qiymət artımlarını da məntiqi baxımdan izah etməkdə çətinlik çəkirik”.

Digər mənzil sahibləri də qiymətə baxır və... 

Mütəxəssis vurğulayır ki, mənzil bazarında “tilov effekti” hökm sürür: “Bazarda mövcud qiymətlərdən uzaq təkliflərə də rast gəlirik. Yəni bəzi mənzil sahibləri əmlakçıların vədlərinə inanaraq öz əmlaklarını daha yüksək, real olmayan qiymətə təklif edilər. Digər təklif edənlər də qiymətə baxır, düşünür ki, mən niyə ucuz qiymətə satmalıyam. Bu tendensiya belə davam edir. Mən buna “tilov” effekti deyirəm. Yəni bir şəxs bazar üçün əsas yaradır və qiymətlər süni şəkildə qalxır. Təbii ki, bahalaşmanın tək səbəbi bunlar deyil. Amma “tilov effekti” də xüsusi rol oynayır”.

Gəlirləri açıqlamaqdan niyə qorxmalıyıq?

Vətəndaşların ev alarkən gəlirlərini bəyan etmək məsələsinə gəldikdə isə, mütəxəssis vurğulayır ki, bu, ölkənin təhlükəsizliyi ilə bağlı məsələdir və tətbiqi də vacibdir: “Bu, hər bir Azərbaycan vətəndaşı və dövlət üçün çox önəmlidir. Ölkədə əmlak alqı-satqısı üzərindən müxtəlif layihələr gerçəkləşdirilə bilər ki, bu, ölkənin milli maraqlarına uyğun deyil. Təbii ki, ölkənin təhlükəsizliyi üçün müəyyən tədbirlərin görülməsi vacibdir. Bu, həm də sivil dünyanın tələbidir. Hər bir vətəndaş öz gəlir mənbələrini istənilən vaxt açıqlamağa hazır olmalıdır. İnsanlar qazandıqları gəlirləri açıqlamaqdan niyə qorxmalıdırlar?”.

Vətəndaşların alqı-satqı zamanı incidilməsi məsələsinə gəldikdə isə, V.Oruc deyir ki, qeyd edildiyi kimi, burada vətəndaşların incidilməsi, sorğuya çəkilməsi prosesi baş vermir: “Sadəcə, vətəndaşlarla gəlirlərinin haradan gəldiyi ilə bağlı sorğular aparılır və bununla da kifayətlənirlər. Kimsə bu hala görə daşınmaz əmlakın alqı-satqısından imtina etmir, planını dəyişmir. Bu, sadəcə qoruyucu tədbirdir və Azərbaycanın dövlət maraqlarına cavab verən addımdır”. 

Bazarda çaşqınlıq yaradan qərar

Əmlak eksperti Mülkədar Rüstəmov isə deyir ki, yanvardan tətbiq olunan bu qaydalar bazarda kifayət qədər çaşqınlıq yaradıb: “Müştərilərim də bununla bağlı problem yaşadı. Əvvəlki qaydalarda mənzil satılan zaman vergi tutulurdu. Əgər bir vətəndaş üç il ərzində satdığı ünvanda qeydiyyatda olubsa, o, vergidən azad olunurdu. Əks halda 100 kvadratmetrlik mənzili olan vətəndaş 70 kvadratmetrin vergisini ödəyir, 30 kvadratmetrini isə dövlət güzəşt edirdi. Bu, artıq oturuşmuş bir qayda idi və narazılıq yox idi. Amma 2024-cü ilin yanvar ayından tətbiq olunan bəyannamə məsələsi ciddi narazılıq yaratdı”.

Əmlakçı vurğulayır ki, evini satıb ev alanlar müqavilə sənədi ilə gəlirini rahat göstərə bilirlər, lakin xaricdə yaşayan iş adamları ilə bağlı çaşqınlıq yaranır: “Əsasən, biznes fəaliyyəti ilə məşğul olanlar bu pulun mənbəyini göstərməkdə çətinlik çəkirdilər. Xüsusilə, qonşu Rusiya, Türkiyədə hər hansısa bizneslə məşğul olub, gəlirini burada yatırım etmək istəyən insanlarda çaşqınlıq yarandı. Nəticədə bu qərar bir çox alqı-satqı prosesini ləngitdi. Bəzi insanlar gəlirlərini bəyan etməkdən narahat olurdular. Xüsusilə, yanvar ayında mənzil bazarında ciddi səngimə oldu. Bunun hələ tövsiyə xarakterli olduğu deyilir. Ciddi şəkildə tətbiqi əmlak bazarına böyük zərbə vura bilər. Çünki hazırda ciddi bahalaşma var və alıcılar onsuz da küskündürlər. İnsanlar gəlirlərinə görə əmlak ala bilmir, ipoteka məbləğləri real deyil. Hazırda əmlak bazarında durğunluq var. Mənzil alanların əksəriyyəti öz mənzilini satıb başqa mənzil alanlardır, ya da çox imkanlı insanlardır. Aşağı və orta təbəqə incikdir”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR