Onlayn ictimai-siyasi qəzet
Məşhur rusiyalı müğənni Alsu Bakıda solo konsertlə çıxış edib.
Musavat.com xəbər verir ki, Bakı Konqres Mərkəzində səhnəyə çıxan müğənni konserti öz repertuarının ən romantik mahnılarından biri olan “Свет в твоём окне” ilə açıb.
“Axşamınız xeyir, əziz Bakı!” - deyə səhnəyə çıxan ifaçı sevincini dilə gətirib.
O, Azərbaycanda yenidən çıxış etməkdən böyük məmnunluq duyduğunu qeyd edib:
“Burada sonuncu konsertim hələ 2000-ci illərin əvvəlində olub. Çox uzun zaman keçib və mənim sizə danışacaq çox şeyim var.
Hamınızı bayram münasibətilə təbrik edirəm! Ümid edirəm ki, zalda cütlüklər var və mənimlə birlikdə oxuyacaqlar”, - deyə Alsu pərəstişkarlarına müraciət edib.
İfaçı səmimi salamlamadan sonra repertuarındakı məşhur “Там, где рождается свет” mahnısını səsləndirib.
“Keçmiş həyat yoldaşıma bu gözəl şəhəri – Bakını mənə tanıtdığı üçün minnətdaram. O, həmişə deyirdi ki, burada yaşayan insanlar xüsusi bir enerjiyə malikdirlər. Bu, həqiqətən belədir! Siz elə mehriban və qonaqpərvər insanlarsınız ki, bunu sözlə ifadə etmək çətindir. Dünən restoranda şam yeməyi yeyərkən elə bil illərdir tanış olduğum insanlarla əhatələnmişdim. Məni bu qədər sevgiylə qarşılayan hər kəsə təşəkkür edirəm!”, - deyə Alsu bildirib.
Müğənni “Lunная тропа”, “Весна”, “Вчера”, “Зимний сон” kimi hitlərini, həmçinin məşhur ingilisdilli “Solo”, “Always on my mind”, “Before you love me” və digər mahnılarını ifa edib. Bundan əlavə, o, tamaşaçıları yeni “Я учусь не бояться” mahnısı ilə sevindirib.
Hər bir çıxış canlı orkestrin müşayiəti ilə baş tutub.
“Sizin üçün ən sevdiyim mahnılarımdan birini – “К тебе” ifa etmək istəyirəm. Mən bu mahnını qızım Mikayella ilə birlikdə oxuyuram və ümid edirəm ki, növbəti dəfə Bakıya onunla gələcəyik və birgə çıxış edəcəyik”, - deyə Alsu vurğulayıb.
Müğənni 30 yaşını Bakıda qeyd etdiyini də xatırladıb:
“Ad günümüzdən sonra bütün ailə ilə burada bir ay qalmışıq. Həmişə o günləri sevgi ilə xatırlayıram. Uşaqlar bura heyran qalıb, ona görə də tez-tez gəlməyə çalışacağıq”, - deyə o əlavə edib.
Səhnədən öncə atasının onunla telefonla danışdığını bildirən ifaçı bunları deyib:
“Atam məndən səhnədən mütləq deməyimi istədi ki, o, Azərbaycanı çox sevir”.
Bundan sonra Alsu konsertə müsbət enerji qatan “Все равно” mahnısını ifa edib və ardınca səhnəyə Xalq artisti Emin Ağalarovu dəvət edib.
Emin Alsuya möhtəşəm bir gül buketi təqdim edib və birlikdə tamaşaçıları Sevgililər Günü münasibətilə təbrik ediblər. Ardınca “Разные” və “Вместе навсегда” mahnılarını birgə ifa ediblər.
“Xatırlayıram ki, 2000-ci illərin əvvəlində atamla birlikdə Bakıdakı bir tədbirə gəlmişik. Bu, “Lukoil” şirkətinə həsr olunmuş bir gecə olub və o zaman mənə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevlə tanış olmaq şərəfi nəsib olub. Onun ailəsini böyük hörmətlə xatırlayıram”, - deyə Alsu xatirələrini bölüşüb.
Bundan sonra ifaçı öz bəstələdiyi “Дочь отца” adlı mahnısını bütün atalara həsr etdiyini bildirib.
Gecənin sürprizləri bununla da bitməyib. Müğənni səhnəyə Azərbaycanın Xalq artisti Brilliant Dadaşovanı dəvət edib:
“Biz illərdir tanışıq və mən də sizin kimi bu əfsanəvi Azərbaycan estradasının kraliçasına heyranam. Onunla bir səhnəni paylaşmaq mənim üçün böyük şərəf olub”, - deyə Alsu qeyd edib.
Tamaşaçıları salamlayan Brilliant Dadaşova da Alsunun yaradıcılığını çox sevdiyini bildirib. Onlar birlikdə “Payız gəldi” mahnısını rus dilində ifa ediblər və bu çıxış zal tərəfindən böyük coşğu ilə qarşılanıb.
Konsert nostalji hisslər oyadan “Иногда” mahnısı ilə başa çatıb. Tamaşaçılar ifaçıya uşaqlıqdan əzbərlədikləri mahnının sözləri ilə qoşulublar.
“Qarşınızda dərin hörmətlə baş əyirəm və yeni görüşlərədək! Mən sizi sevirəm!”, - deyə müğənni vida sözlərini səsləndirib.
Könül İbrahim
Musavat.com
21 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ