Onlayn ictimai-siyasi qəzet
Dekabrın 13-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında iclası keçirilib.
Musavat.com bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən bildirir.
İclası açan komitə sədri Musa Quliyev bildirib ki, gündəliyə ikinci oxunuşda “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihələri daxil edilib.
Milli Məclisin plenar iclasında ikinci oxunuşda baxılmaq üçün komitənin müzakirəsinə çıxarılan qanun layihələri barədə ətraflı məlumat verən Musa Quliyev qeyd edib ki, Məcəllənin 5 maddəsinə ümumilikdə 10 dəyişiklik nəzərdə tutulub. Bildirilib ki, dəyişikliklər həm mahiyyət və həm də dəqiqləşdirici xarakter daşıyır, dəyişikliklərin hər biri qadınların əmək şəraitinin yaxşılaşdırılması, həmçinin onların iş imkanlarının genişləndirilməsini nəzərdə tutur. “İşsizlikdən sığorta haqqında” qanuna təklif olunan dəyişikliklərlə bağlı komitə sədri deyib ki, işsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, o cümlədən sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya olunması və işsizliyin yaranması hallarının qarşısının alınması Azərbaycan hökumətinin daim diqqət mərkəzindədir. Qanun layihəsinin mühüm tərəflərinə toxunan komitə sədri, işsizlikdən sığorta hadisəsinin baş verməsinə görə sığorta ödənişi təyin olunmasının müddətinin 30 aydan 24 ayadək azaldılmasını mütərəqqi hal kimi dəyərləndirib.
Onlayn iclasda çıxış edən deputatlar Vüqar Bayramov, Jalə Əliyeva və Aqil Məmmədov Əmək Məcəlləsinə və “İşsizlikdən sığorta haqqında” qanuna təklif olunan dəyişiklikləri müsbət dəyərləndirərək, düzəlişlərin əmək qanunvericiliyinin təkmilləşdirilməsi işinə töhfə verəcəyini bildiriblər. Millət vəkilləri hamilə, 14 yaşınadək uşağı olan, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş qadınların əmək hüquqlarının müdafiəsinin gücləndirilməsini, onlara münasibətdə qayğının artırılmasını nəzərdə tutan dəyişiklikləri təqdir ediblər. Məsələlərin əhəmiyyətini qeyd edən çıxışçılar əmək bazarında riskin ötürülməsinə əsaslanan münasibətlərin və yeni maliyyələşmə mexanizmlərinin yaradılması barədə də fikirlərini səsləndiriblər.
Müzakirələrin sonunda komitə üzvləri “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə“ qanun layihələrini ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə ediblər.
Onlayn iclasda komitə üzvləri Səttar Möhbalıyev, Ilham Məmmədov, Soltan Məmmədov, Sevinc Hüseynova, Rauf Əliyev, Arzu Nağıyev və Milli Məclis Aparatının müvafiq şöbələrinin əməkdaşları da iştirak ediblər.
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ