Onlayn ictimai-siyasi qəzet
“Əsas məsələ ölkədə normal seçkilərin keçirilməsi idi. Biz nümunəvi seçkilər keçirə bildik. İlham Əliyev yenidən prezident seçildi, artıq komandanı formalaşdırmaq onun səlahiyyətidir”.
Bu fikirləri Musavat.com-a açıqlamasında prezidentliyə namizəd olmuş, Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev bildirib.
O, seçki dövründə müxtəlif mövqelərdən çıxış etdiyini nəzərə çatdırıb:
“Misal üçün, institusional islahatlarla bağlı çıxış etmişik. Ölkə iqtisadiyyatının idarə olunması, iqtisadi inkişafa nail olmaqla bağlı öz mövqeyimizi ortaya qoymuşuq. Azərbaycanın milli təhlükəsizliyi ilə bağlı konsepsiyasını ortaya qoymuşuq. Ona görə bu seçim, hakimiyyəti formalaşdırmaq prezidentin səlahiyyətindədir. Bizə hər hansı təklif olunmayıb, olunsa, dəyərləndirərik. Bununla bağlı müzakirə açmaq da doğru olmaz”.
Qeyd edək ki, bir müddət əvvəl prezidentliyə namizəd olmuş Fuad Əliyev deyib ki, təhsil, səhiyyə sahəsində çalışmaq istəyir:
“Adətən, seçilmiş prezident yeni hökuməti formalaşdıran zaman seçkilərdə iştirak etmiş namizədlərə vəzifələr təklif edir. Bizə hansısa təklif olunsa, sözsüz ki, dəyərləndirəcəyik, amma hansı sahəyə aid olması təklifdən asılıdır. Əgər məndən soruşsalar ki, özünüzü hansı sahələrdə görürsünüz, təhsil, səhiyyə kimi sahələrdə fəaliyyət göstərib, xalqımıza layiqli töhfə verə bilərik”.
Afaq Mirayiq,
Musavat.com
28 Noyabr 2024
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ