Onlayn ictimai-siyasi qəzet
Parlamentin bu gün keçirilən iclasında çıxış edən deputat Elnur Allahverdiyev Lüksemburqun Deputatlar Palatasının sədrinin anti-Azərbaycan mövqeyinə etirazını bildirdi.
Musavat.com-un məlumatına görə deputat qeyd etdi ki, Lüksemburqun Deputatlar Palatasının sədri Klod Vislerin İrəvanda Ermənistan parlamentində səsləndirdiyi təxribatçı bəyanatla hər birimiz tanışıq: “Milli Məclis bu bəyanata artıq rəsmi münasibətini bildirib, onun qərəzli və absurd fikirləri pislənilib və tutarlı arqumentlərlə cavablandırılıb. Lüksemburq parlamentinin sədrinin söylədiyi fikirlər təxribatçı və qərəzli, bölücü mahiyyəti ilə yanaşı həm də siyasi cəhətdən savadsız, geosiyasi situasiyanın diqtə etdiyi reallığa və Ermənistanla Azərbaycan arasında davam edən sülh gündəminin hazırki durumuna ziddir. Klod Visler bu bəyanatı ilə mövcud reallıqdan nə qədər uzaq və məlumatsız olduğunu biruzə verməklə, əslində özü-özünü yumşaq desək biabır edib.
Əlbəttə, biz Azərbaycanda Lüksemburq kimi dünya siyasətində heç bir rolu olmayan bir dövlətin rəsmilərinin ölkəmizə qarşı qərəzinin haradan, daha doğrusu, hansı digər dövlətdən qaynaqlandığını yaxşı bilirik və Klod Visler kimilərinin həyəcanını başa düşürük. 2020-ci ilin 44 günlük müharibəsində və ötənilki antiterror əməliyyatındakı hərbi qələbələrimizdən sonra onlarla Vislerəbənzər Qərbli, avropalı, əsasən də fransalı siyasət adamlarının Ermənistana gəlib özlərini gülünc vəziyyətə qoyduqlarının şahidi olmuşuq. Onlar nəyə təsir edə biliblər ki, Klod Visler də bu “uğur”u təkrarlaya bilsin?”
E.Allahverdiyevin sözlərinə görə, bununla belə, yaxşı olardı ki, Lüksemburqun parlament sədri belə məsuliyyətsiz çıxışlar etmədən öncə ona verilən konspektlərdəki məlumatları dəqiqləşdirsin: “Məsələn, Azərbaycan tərəfindən həbs edilən canilərin kimliklərinə dair ətraflı və obyektiv informasiya almağa çalışsın, onların insanlığa və bəşəriyyətə qarşı cinayət əməlləri barədə məlumatlı olsun. Cənab Vislerin bilməsi yaxşı olar ki, o şəxslərin 30 il öncə qətl edikləri azərbaycanlı qadın, uşaq, yaşlı insanların qalıqlarını biz indi tapıb üzə çıxarır, onillərdir gözü yaşlı qalmış ailələrinə təhvil veririk ki, dinimizə uyğun dəfn edilsinlər. Bu, həmin ailələr üçün böyük təzadlıqdır ki, doğmalarının heç olmasa məzarlarının yerlərini biləcəklər. Görəsən, Klod Vislerin təmsil etdiyi ölkənin vətəndaşlarına qarşı belə amanıszlıqlar etmiş canilərə münasibəti necə olar? Başqa bir dövlətin rəsmisi onlara “azadlıq” tələb edəndə bu, Vislerin ürəyincə olarmı?
Belə çıxır ki, Ermənistan dövləti və rəsmiləri sözügedən canilərin mahiyyətinə bələddir deyə, onlarla bağlı bir kəlmə belə danışmır, ancaq uzaq və kiçik Lüksemburqun parlament sədri Qukasyanın, Saakyanın, Babayanın və başqalarının taleyindən narahatdır”.
Deputat çıxışını “Lüksemburq parlamentində təmsil olunan Visler və onun kimi şəxslərin əsil ədalətin nə olduğundan xəbərləri varmı?”, sualı ilə bitirdi.
E.Paşasoy,
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ