İnsanlara hürriyət, millətlərə istiqlal!

Elm və Təhsil Nazirliyi AÇIQLAMA YAYDI

Elm və Təhsil Nazirliyi tədrisi digər dillərdə aparılan siniflərdə “Azərbaycan tarixi” fənninin tədrisinə dair açıqlama yayıb.

Musavat.com nazirliyə istinadən xəbər verir ki, son günlərdə sosial mediada tədris digər dillərdə aparılan məktəblərdə Azərbaycan tarixi fənninin düzgün tədris edilməməsi ilə bağlı fikirlər yer almaqdadır.

"Məlumat üçün bildiririk ki, son illərdə Azərbaycan dilinin tədrisinə və onun öyrənilməsinin keyfiyyət və kəmiyyətcə yaxşılaşdırılmasına xüsusi önəm verilir. Belə ki, tədris digər dillərdə aparılan siniflərdə Azərbaycan dili (dövlət dili) fənninə ayrılan saatların miqdarı artırılaraq həftədə 2 saatdan 3 saata çatdırılıb. Həmin siniflərdə “Zəfər tarixi” və “Ortaq türk tarixi” kursları, çağırışaqədərki hazırlıq fənni artıq dördüncü ildir ki, Azərbaycan dilində tədris olunur.

Azərbaycan dilinin milli dövlətçiliyin başlıca rəmzlərindən biri kimi istifadəsi və tətbiqi imkanlarının genişləndirilməsi, digər dillərdə təhsil alanların dövlət dili kimi Azərbaycan dilinə, Azərbaycanın tarixinə, milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunmasını təmin etmək məqsədilə Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, 2022-2023-cü tədris ilində pilot qaydada 20 ümumi təhsil müəssisəsinin tədris digər dillərdə aparılan bölmələrinin V siniflərindən başlayaraq Azərbaycan tarixi fənni Azərbaycan dilində tədris olunub. Təhsil İnstitutu tərəfindən layihənin tətbiqi ilə bağlı təhsil müəssisələrinə müvafiq metodiki köməklik göstərilib. 2022-2023-cü tədris ilinin sonunda layihənin tətbiqinin nəticələri qeyd olunan qurum tərəfindən öyrənilib və 2023-2024-cü tədris ilində tədris digər dillərdə aparılan V siniflərdə Azərbaycan tarixi fənninin pilot qaydada dövlət dilində tədris edilən məktəblərin sayının ölkə üzrə 100-ə çatdırılması, 20 məktəbin V siniflərində başlanmış layihənin VI siniflərdə də davam etdirilməsi tövsiyə olunub və pilot layihə davam etdirilib.

Layihənin nəticələri tədris ilinin sonunda təhlil edilərək azərbaycanlı ailələrindən olan şagirdlərin fənni Azərbaycan dilində mənimsəməsinin yaxşı olduğu, rus ailələrindən olan şagirdlərin (onların sayı hər sinifdə 2-3 nəfərdir) fənni Azərbaycan dilində öyrənməkdə müəyyən çətinlik çəkdikləri, həmçinin dərsliyin mövzularının yenidən işlənməsinə, sadələşdirilməsinə ehtiyac olduğu vurğulanıb. Ümumilikdə fənnin tədrisində müəyyən çətinliklər (azlıq təşkil edir) olmasına baxmayaraq, layihənin nəticələri əsasən müsbət qiymətləndirilib.

Təhlilin nəticələrində göstərilən qeydlər nəzərə alınmaqla sözügedən fənn üzrə yeni 5-ci siniflər üzrə “Azərbaycan tarixi” dərsliyi hazırlanıb və şagird sayının 105%-i həcmində çap olunaraq bütün dövlət ümumi təhsil müəssisələrinə təqdim edilib. Elm və Təhsil Nazirliyinin 14 iyun 2024-cü il tarixli əmrinə əsasən, cari tədris ilində tədris digər dillərdə aparılan V siniflərdə Azərbaycan tarixi fənni dövlət dilində - Azərbaycan dilində tədris olunmağa başlanılıb.

Yuxarıda qeyd edilənlərin həyata keçirilməsində müxtəlif fənlərin fərqli dillərdə tədrisinə dair bir sıra ölkələrdə mövcud olan mütərəqqi təcrübə də nəzərə alınıb.

Həmçinin bildiririk ki, mütəxəssislər tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində ədəbiyyat fənni üzrə dərsliklərdə Azərbaycan ədəbiyyatı nümunələrinin də orijinalın dilində - dövlət dilində keçirilməsini təklif edir. Məsələ müzakirə mərhələsindədir".

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Yanvar 2025

23 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR