İnsanlara hürriyət, millətlərə istiqlal!

Əli Əsədov MDB-nin o sənədinə niyə imza atmadı?

Ekspert: “Rusiya istədiyi vaxt istədiyi sənədin icrasını dayandıra bilirsə”...

Ukraynada apardığı işğalçı müharibəyə görə Qərbin ağır sanksiyalarına məruz qalan Rusiya postsovet məkanına diqqətini qat-qat artırıb. Məqsəd isə bir neçədir: Sanksiyalara görə Qərbdən birbaşa ala bilmədiyi məhsulları həmin ölkələrin vasitəsilə dolayı yolla almaq; Qərbə sata bilmədiyi məhsul və xidmətləri satmaq üçün bazar imkanlarını genişləndirmək; Ən əsası isə Ukraynadan mümkün qədər çox torpaq  qopartmaqla müharibəni sonlandırandan dərhal sonra digər postsovet ölkələrini “udmaq” üçün zəmin hazırlamaq: bu zaman hədəfdə olan dövlətlərin Moskvanın orbitindən uzaqlaşmasının qarşısının alınması ön plana çıxarılır...

Bu məqsədlərə çatmaq üçün Moskva çoxsaylı alətlərdən istifadə edir. Bunlar Avrasiya İqtisadi İttifaqı(AİB), Müstəqil Dövlətlər Birliyi, enerji əməkdaşlığı, nəqliyyat dəhlizləri çərçivəsində əməkdaşlıqlar və sairdir. Rusiyanın MDB və AİB çərçivəsində təşəbbüskarlığını qat-qat artırması, bu birliklər çərçivəsində görüşlərin, təmasların intensivləşdirməsinin arxasında məhz yuxarıda qeyd olunan məqsədlər dayanır. Son aylarda bu iki birlik çərçivəsində müxtəlif səviyyələrdə keçirilən görüşlərin sayı-hesabı bilinmir.

Belə görüşlərdən biri bugünlərdə Soçidə Müstəqil Dövlətlər Birliyinin (MDB) hökumət başçıları  arasında keçirilib. Görüşün yekununda hökumət başçıları 11 illik danışıqlardan sonra xidmət və investisiyaların azad ticarəti haqqında razılığa gəliblər. Sazişi baş nazirlər - Mixail Mişustin (Rusiya), Nikol Paşinyan (Ermənistan), Roman Qolovçenko (Belarus), Əlixan Smaylov (Qazaxıstan), Akılbek Japarov (Qırğızıstan), Koxir Rəsulzoda (Tacikistan), Özbəkistanın Rusiyadakı fövqəladə və səlahiyyətli nümayəndəsi Botirjon Əsədov imzalayıblar. Toplantıda iştirak edən Azəbaycan və Türkmənistan sənədi imzalamayıblar.

Rusiya iqtisadiyyatının yeni şərtlərə uyğunlaşlması gözlənildiyindən  sürətlə gedir - Nazir - 27.10.2022, Sputnik Azərbaycan

İclasda Rusiya iqtisadi inkişaf naziri Maksim Reşetnikovun verdiyi məlumata görə, birlik üzvlərinin azad əmtəə ticarətinə dair 12 il əvvəl imzaladıqları saziş öz effektivliyini sübut edib: indiyədək Ümumdünya Ticarət Təşkilatı qaydaları əsasında ölkələrarası  ticarətin rüsumsuz həyata keçirilməsini təmin edib. Sazişin qüvvədə olduğu müddətdə Rusiyanın onu imzalayan ölkələrlə qarşılıqlı ticarət həcmi 30 faiz artmaqla 2022-ci ildə 7,3 trilyon rubla çatıb: “İndiki razılaşma əmtəə ticarətini tamamlamaqla ölkələr arasında ticarətin həcminin artmasına təkan verəcək. Bir tərəfdən sənəd birbaşa xidmətlərin ticarətini tənzimləyir, digər tərəfdən isə iqtisadiyyatın iki vacib sektorunun - sənaye və kənd təsərrüfatının inkişafına təkan verir. Belə tənzimləmə qarşılıqlı investisiyaların artmasına, istehsal əlaqələrinin inkişafına, əlavə dəyərin yeni zəncirinin formalaşmasına səbəb olacaq”.

Saziş ona qoşulan ölkələr üçün bir-birinin maliyyə, nəqliyyat, tikinti, turizm, təhsil və digər xidmət sektorlarında aydın qaydalar əsasında sərbəst iştirakına şərait yaradır. M.Reşetnikov saziş çərçivəsində xidmət ticarəti şərtlərinin təkmilləşdirilməsi imkanlarının olduğunu deyir: “Belə bir imkan sənəddə nəzərə alınıb. Sənaye və kənd təsərrüfatına yanaşmada ölkələr bir sıra üstünlüklər əldə edirlər. Belə ki, saziş iştirakçısı ölkələrin investorları üçün şərtlər bu sektorlarda yerli investorlardan pis olmayacaq. Lakin bununla yanaşı, biz üzv ölkələr üçün həssas olan sektorlar müəyyənləşdirmişik ki, onlarda xarici investorların iştirakını müvafiq ölkə məhdudlaşdıra bilər”.

Nazirin sözlərinə görə, məsələn, Rusiya strateji şirkətlərə xarici investisiyalara münasibətdə məhdudiyyət tətbiq edə biləcək. Tacikistan analoji məhdudiyyətləri dağ-mədən sektorunda, Özbəkistan elektrik enerjisi, atom enerjisi, maşınqayırma və sair sektorlarda xarici investorların iştirakına tətbiq edə biləcək.

Ekspertlərə görə, yeni saziş MDB dövlətləri arasında ticarət dövriyyəsinin həcmini qısamüddətli dövrdə 1 faiz artırmaqla 81,3 milyard rubla, bilavasitə saziş iştirakçıları arasında qarşılıqlı ticarəti isə 8 faiz artırmaqla 78,8 milyard rubla çatdırmağa imkan verəcək.

Saziş digər ölkələrin də qoşulması üçün açıqdır. Bu zaman söhbət yalnız MDB üzvü olan deyil, kənar dövlətlərdən də gedir. Saziş onu imzalayan ölkələrdən 3-nün ratifikasiyasından 1 ay sonra qüvvəyə minəcək. Ümumi prosedurun 1 ilə tamamlanacağı gözlənilir.

Rusiya iqtisadiyyatı 2021-ci ildə 4,6%, dekabrda 4,3% artıb | marja.az

Sazişin aktiv tərəfdarlarından olan Belarusun iqtisadiyyat nazirinin müavini Alesya Abramenko sənədin ən qısa müddətdə qüvvəyə minməsinin tərəfdarı olduqlarını deyir: “Biz bunda son dərəcə maraqlıyıq. Bizim ticarət dövriyyəmizin 65 faizi, xarici xidmət ticarətimizin isə 48 faizi MDB dövlətləri ilə həyata keçirilir. Biz Avrasiya İqtisadi İttifaqı daxilindəki hüquqi qaydaların bəzilərini də sazişə daxil etmişik. Sənəd ittifaqa daxil olmayan Tacikistan və Özbəkistanla əməkdaşlıqda xüsusilə böyük əhəmiyyət kəsb edir. Gözləntilərimizə görə, sazişin icrası nəticəsində məhz bu ölkələrlə münasibətlərdə ciddi irəliləyiş əldə edəcəyik”.

Rusiyalı ekspertlər bildirirlər ki, saziş reallıqda postsovet məkanından Rusiyaya ixracı deyil, Rusiyanın ixracını artıracaq. Onların dediyinə görə, onsuz da Rusiya həmişə MDB ölkələrinə daha çox ixrac edir, nəinki idxal. Məsələn, 2021-ci ildə Rusiyanın MDB ölkələrinə xidmət ixracının həcmi 8 milyard dollara bərabər olub. MDB-dən eyni xarakterli idxal isə 6 milyard dollar təşkil edib və nəticədə bu  sahədə 2 milyard dollarlıq müsbət saldo yaranıb.

Rusiyalı ekspertlərin hesablamalarına əsasən saziş Rusiyaya xidmət ixracını 5 faizədək artırmaq imkanı yaradacaq: iştirakçı ölkələrin xidmət bazarı üstün keyfiyyət və texnologiyalara malik Rusiya şirkətlərinin üzünə tam açılacaq. Bu isə xidmətin ardınca əmtəələrin  də ixracı üçün əlverişli zəmin yaradacaq.

Qeyd edək ki, Rusiya AİB üzvü olan ölkələrdən Qərbin ona satışını qadağan etdiyi məhsulları rahatlıqla əldə edir. Rəsmi statistikaya əsasən, ittifaq daxilində qarşılıqlı ticarətin həcmi 2022-ci ildə 10,3 faiz artaraq 80,6 milyard dollara çatıb. Bu zaman Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan ittifaqa daxil olan ölkələrə ixracı 1,9 faiz, yaxud 9,8 milyard dollar artırıblar. Bu artımın 9,5 milyard dolları məhz Rusiyaya ixracın payına düşür. Ermənistan ittifaq üzvlərinə ixracı 1,6 milyard dollar (2,8 dəfə artım), Belarus 5,6 milyard dollar (1,3 dəfə arım), Qazaxıstan 1,9 milyard dollar (1,2 dəfə artım), Qırğızıstan 646 milyon dollar (1,8 dəfə artım) artırıb. Nəticədə İttifaq üzvlərinə ixrac Ermənistanın ümumi ixracının 46,8 faizinə, Qırğızıstanın ixracının isə 65,8 faizinə çatıb.

2023-cü ilin birinci rübündə ittifaq üzvlərinin qarşılıqlı ticarətində ötən ilin eyni dövrü ilə müqayisədə 20 faiz artım qeydə alınıb.

Artıq ABŞ və Avropa İttifaqından Qazaxıstan, Qırğızıstan və Ermənistana çox ciddi xəbərdarlıqlar səslənməkdədir. Avropa İttifaqı bu ölkələrə Rusiyaya satışı qadağan olunan malların satışını məhdudlaşdırmağa hazırlaşır. ABŞ isə 2 Ermənistan şirkətini qara siyahıya salıb, Qazaxıstan və Qırğızıstan şirkətlərinə qarşı da analoji addımların atılacağı gözlənilir.

Digər tərəfdən, Avropa İttifaqı Rusiya ərazisindən tranzit daşımaları tamamilə dayandırmağa hazırlaşır. Bu isə Rusiyanın nəqliyyat-logistika sahəsində çalışan minlərlə şirkətin fəaliyyətinin minimuma düşməsinə gətirib çıxaracaq. Avropanın Rusiyadankənar ərazilərlə yükdaşımaları həyata keçirməsi üçün əsas marşrutlardan biri MDB üzvləri ərazisindən keçən Orta dəhlizdir. Rusiyanın Soçidə imzalanan sazişdən bu dəhlizlə yükdaşımalarda dolayı yollarla iştirak etməyə çalışması tam realdır.

Türkmənistanın Soçidə imzalanan sazişə qoşulmaması onun heç bir regional və beynəlxalq ittifaqlara qoşulmamaq siyasətinin nəticəsi kimi qiymətləndirilir. Azərbaycanın saziş iştirakçısı olmamasının səbəbinə gəlincə, MDB-nin indiyədək qəbul olunmuş onlarla sənədi var ki, icra olunmur: “Belə sənədlər çoxdur. Onların işləyib-işləməməsi daha çox Rusiyanın əhvalına bağlıdır: Moskva istədiyi vaxt istədiyi sazişin bəndlərinin icrasını dayandırır. Məsələn, istənilən zaman hansısa MDB ölkəsindən xəstəlikləri bəhanə edib kənd təsərrüfatı məhsullarının idxalını dayandırır. Soçidə imzalanan saziş xidmətlərin ixracının asanlaşdırılmasını nəzərdə tutur. Burada söhbət bank, mobil, nəqliyyat və sair xidmətlərdən gedir. Eyni zamanda tranzit əməliyyatlarına xidmət də bura daxil ola bilər”.

Ekspertə görə, Azərbaycanın sazişə qoşulmaması öz maraqlarından irəli gələn addımdır: “Rusiya ilə münasibətlər kifayət qədər aktivdir, çoxplatformalıdır. Əlavə əməkdaşlıq platformasına ehtiyac yoxdur. Üstəlik, Azərbaycanın özü regional xidmət mərkəzinə çevrilmək, xidmət ixracını genişləndirməkdə maraqlıdır. Bu sektora xarici oyunçuların daxil olması ölkənin maraqları baxımından əlverişli olmaya bilər”.

Qeyd edək ki, Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi  2022-ci ildə 3,7 milyard dollar təşkil edib. Bunun 975 milyon 456,33 min dolları Azərbaycanın ixracının, 2 milyard 734 milyon 783,08 min dolları isə idxalının payına düşür. İxrac 2021-ci illə(920 milyon 819,53 min dollar) müqayisədə 6 faiz, idxal isə(2 milyard 74 milyon 311,78 min dollar) 31,8 faiz artb.

2023-cü ilin yanvar-aprel aylarında Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 1 milyard 387 milyon 220.4 min dollar təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 55.3 faiz çoxdur. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, hesabat dövründə Rusiyadan Azərbaycana idxalın həcmi 2022-ci ilin ilk 4 ayı ilə müqayisədə 49.4 faiz artaraq 1 milyard 37.7 milyon dollara bərabər olub. Eyni dövrdə Azərbaycandan Rusiyaya ixracın həcmi isə 75.7 faiz artaraq 349 milyon 476.34 min dollar təşkil edib.

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR