İnsanlara hürriyət, millətlərə istiqlal!

Elektromobillər haqda mifik iddiaları kim və niyə yayır - mövqe

Nəqliyyat eksperti deyir ki, elektromobil istehsalı nisbətən yeni olduğundan hələlik bəzi texniki çatışmazlıqlar var, amma...

Dünyada, o cümlədən Azərbaycanda elektromobillərə maraq sürətlə artır. Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, bu ilin yanvar-mart aylarında Azərbaycan 361 milyon ABŞ dolları dəyərində 19 571 ədəd müxtəlif təyinatlı avtomobil idxal edib. 

Bu avtomobillərin 3 min 615-nin (117,985 milyon ABŞ dolları dəyərində) daxiliyanma mühərriki ilə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 830-nun (35,309 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriki ilə hərəkətə gətirilən nəqliyyat vasitələrinin olduğu bildirilir.  Bu isə birincinin 18,6 faiz, ikincinin isə iki dəfə artması deməkdir. Elektromobillərin ekologiya və ətraf mühiti digər avtomobillərlə müqayisədə az çirkləndirməsi həm sürücülərin, həm də dövlətlərin marağına uyğun gəlir.  Statistikadan da məlum olduğu kimi, azərbaycanlı sürücülərin də elektromobillərə tələbatı hər il artır. Belə bir fonda Azərbaycan bu avtomobillərin kütləvi istehsalına başlaya, ölkənin istehsalat imkanları bu tələbata cavab verə bilərmi?

Eldəniz Cəfərov: 'Bakının mərkəzində tramvayları bərpa etmək mümkün deyil'

Eldəniz Cəfərov 

Mövzu ilə bağlı Medianews.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, növbəti illərdə elektrik mühərrikli avtomobillərin azərbaycanda istehsalı reallaşa bilər.

Ekspertin sözlərinə görə, bu gün ən çox tələb olunan avtomobillər daxiliyanma mühərrikli avtomobillər, ikinci hibrid, üçüncü isə eloktromobillərdir: “Bu o deməkdir ki, ölkəmizdə sözügedən avtomobil üçün maraq böyük, tələbat isə azdır. Elektromobillərə marağın artması üçün dövlət tərəfindən bir çox stimullaşdırıcı addımlar atılıb. Ötən illər ərzində çıxarılan qərarlara görə, ölkəyə idxal olunan elektroavtomobillər gömrük və digər rüsumlardan azaddır. Azərbaycan Mərkəzi Bankının Kollegiyası "Yaşıl Kart" sistemi çərçivəsində tətbiq ediləcək sığorta haqlarının müəyyən edilməsi barədə qərarında dəyişiklik edib. Bu da sahibkarların onları yerli bazara gətirməsinə imkan verir. Eyni zamanda qiymətlərin yüksək olmaması onları vətəndaşlar üçün də əlçatan edir. Hazırda elektromobillər üzrə yeni strukturun yaradılması, enerjidoldurma məntəqələrinin sayının artırılması istiqamətində işlər görülür. Bu proses sürətlənsə, o zaman sözügedən avtomobillərə də tələb artacaq". 

E.Cəfərovun sözlərinə görə, avtomobil sənayesi qurmaq elə də asan iş deyil: “Böyük məbləğdə investisiya tələb edir. Həmin avtomobillərin satılması üçün bazar lazımdır ki, həm ölkə daxilində, həm də xaricində istehsal olunan məhsulu satmaq mümkün olsun. Hesab edirəm ki, qarşıdan gələn illərdə bu avtomobillər istehsal oluna bilər”. 

Maraqlıdır ki, son vaxtlar elektrikli avtomobillərin tərəfdarları ilə bağlı əleyhdarları da peyda olub. Elektromobil əleyhdarları iddia edir ki, bu tip nəqliyyat vasitələri hərəkətdə olarkən təhlükəli elektromaqnit dalğaları istehsal olunur deyə bu, insan orqanizmi üçün ziyandır, hətta öldürücüdür. Sosial şəbəkələrin Rusiya seqmentində elektromobil sürücüsünün radiasiya səviyyəsini ölçən cihazla videosu yayılıb. Yayılan videoda elektromobilin yanında dayanan şəxs radiasiya səviyyəsinin yüksək olduğunu və insan orqanizminə ziyan verdiyini deyir. 

İki növ elektromaqnit şüalanması var: ionlaşdırıcı və qeyri-ionlaşdırıcı. Radiasiyanın qeyri-ionlaşdırıcı növlərinə istilik, görünən işıq, radio dalğaları və digər zərərsiz radiasiya növləri daxildir. İonlaşdırıcı şüalanma radiasiya adlanır: rentgen şüaları, qamma şüaları və s.

Elektrikli avtomobillər ionlaşdırıcı olmayan şüalar yayır. Soba, mikrodalğalı soba və ya kompüter kimi. Alimlər elektromobillərdə radiasiya səviyyəsini araşdırıb və bunun təhlükəsiz olduğunu müəyyən ediblər. Məsələn, 2020-ci ildə elektrikli avtomobilin salonundakı radiasiyanın məqbul təhlükəsiz standartlardan bir neçə dəfə aşağı olduğunu sübut edən bir araşdırma dərc olundu. 2014-cü ildə 7 ölkədən bir qrup müstəqil alim 7 müxtəlif elektrik avtomobilində, bir hidrogen avtomobilində, iki benzinlə işləyən avtomobildə və bir dizel avtomobilində elektromaqnit şüalanma səviyyəsini ölçdü. Təcrübənin nəticələri göstərdi ki, elektromobilin içərisində insan icazə verilən təhlükəsiz radiasiya dozasının beşdə birini belə qəbul etmir. 

Elməddin Muradlı - Turkic World

Elməddin Muradlı

Nəqliyyat eksperti Elməddin Muradlı “Yeni Müsavat”a deyib ki, iddialar daha çox ehtimallara əsaslanır: “Bu gün dünyada avtomobillərdə neftdən alınan məhsullardan - benzindən, dizel yanacağından istifadə pik həddədir və kimsəyə sirr deyil ki, yanacaq satışından milyardlarla gəlir əldə olunur. Eyni zamanda da elektomobillər də benzinlə bağlı bazara girə bildiyinə görə öz sözlərini deməyə çalışırlar. Elektromobillər çox sürətlə daxiliyanma mühərrikli nəqliyyat vasitələrini bazardan çıxarmaqdadır. Bu da çox ciddi gəlirlərin əldən çıxması deməkdir.  Elektromobillərin elektromaqnit dalğası yayması iddiasını ortaya atanlar mütləq elmi əsasını da göstərməlidirlər. Ümumiyyətlə, bu, yenilikdir. Bizim öyrəşdiyimiz ənənəvi avtomobillər də çox sınaqdan keçib. Hazırda benzinlə sürdüyümüz avtomobil vaxtilə elektrik mühərrikli maşın kimi istehsal olunub. Sonradan hansısa dəyişikliklər baş verib və keçiblər dizel mühərrikinə, neft və benzinə. Elektromobillər də müəyyən bir dövrdən sonra təkmilləşəcək. Su ilə idarə olunan avtomobillər meydana gələcək, fərqli texnologiyalar tətbiq olunacaq. Elektrikli avtomobillər gələcəyimizdir. Müasir dövrün yeni texnologiyasıdır, çox da səmərəlidir. Mümkündür ki, elektromobillərin bəzi modellərində müəyyən problemlər var. Amma bu problemlərin insan orqanizminə ziyanı barədə hər hansı bir elmi araşdırma yoxdur”. 

Nəqliyyat eksperti deyir ki, elektromobil istehsalı nisbətən yeni olduğundan hələlik bəzi texniki çatışmazlıqlar var: “Amma bu texniki çatışmazlıqlar da tədricən aradan qalxacaq. Amerikanın bəzi ştatlarında iqlim şəraiti sərt olduğuna görə elektromobillər gözlənilən etimadı doğrultmur. Problem ondadır ki, həmin maşın 400-500 kilometr məsafə qət etməli olduğu halda elə olur onun yarısı qədər yol qət edir. Hətta alışma kimi bir hal baş verə bilir. Bu yaxınlarda Azərbaycanda da Bakıya qar yağan zaman elektrikli avtomobil idarə edən tanıdığımız insanlar sosial şəbəkələrdə maşının yaxşı nəticə vermədiyini yazırdılar. Yəni bu kimi hallar var. Amma elektromobillərin müsbət tərəfləri mənfi tərəflərindən qat-qat çoxdur”.

Nəqliyyat eksperti daxili yanma mühərrikli avtomobillərin akkumlyatorlarının, elektromobil batareyalarının utilizasiya probleminə də toxunub. Deyib ki, mülahizələrə görə, elektriklə çalışan avtomobillərin batareyalarının tərkibində kimyəvi maddə olan litium ekologiyaya çox zərər vurur: “Əslində daxili yanma mühərrikli avtomobillərin akkumlyatorları da litium tərkiblidir. Həm akkumlyatorların, həm də batareyaların istismar müddəti başa çatdıqdan sonra utilizasiyası problemi var. Hər kəs təhlükəli və istifadəyə yararsız olan batareyaların məişət tullantılarına qarışdırılmasına yol verməməli, tullantıların çeşidlənməsi qaydalarına riayət etməlidir. Bu gün Bakı küçələrində belə tullantılar üçün də qutular var. Amma əksəriyyət batareya tipli tullantılar üçün ayrılan xüsusi qutulardan istifadə etmir. Belə tullantıların təbiətdə öz-özünə əriməsi, yox olması uzun illər çəkir. Bu da ciddi radiasiya yaradır. 5-6 ildən sonra elektrikli maşınların sayı kütləvi şəkildə artacaq. Batareyaların istismar müddəti bitdikdən sonra isə onların təbiətə, insanlara necə zərərli olacağını indidən düşünəndə ciddi narahatlıq yaranır. Bu baxımdan  indidən müvafiq qurumlar tədbirlər görməli, avtomobillərin, elektromobillərin akkumlyatorlar və batareyalarının müvafiq qaydada utilizasiyası təmin olunmalıdır”.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR