Onlayn ictimai-siyasi qəzet
İndiki qocalar qəbul edə bilmirlər, amma müasir cavanların həyata, gələcəyə, ailə qurulmasına, filan-bəsməkana münasibəti fərqlidir. Həm də çox fərqlidir.
Vaxt gələcək, bundan sonrakı nəsillər də bunların baxışlarını bəyənməyəcəklər, gerilikçi sayacaqlar və öz standartlarını tətbiq edəcəklər.
Beləcə, hər nəsil özündən əvvəlkiyə nisbətən bir addım qabağa gedəcək. Ta bilmirəm, bu addım-addım qabağa getmənin sonu nə olacaq: kamilləşmə, yoxsa tam deqradasiya?
Adi bir şeyi götürək – gənclərin sevgi etirafları xeyli dəyişib. Belə şeylər bundan irəliki vaxtlarda da vardı və bir neçə variantda təzahür edirdi.
Birinci beləydi, bir kollektivdə oxuyan, işləyən gənclər bir-birinə mehr salırdılar, bir gün oğlan cəsarətini toplayıb deyrirdi ki, fikrim ciddidir, “gəl, ol anam gəlini”.
İkinci variantda oğlanın bacısı qardaşının istədiyi qızı yanlayır, deyirdi ki, bəs belə-belə, qaqamın niyyəti budur, səni yağ içində böyrək kimi bəsləyəcək.
Üçüncü variantda oğlanın atası öz dostuna deyirdi ki, istəyirəm təkcə dost olmayaq, həm də quda olaq və gənclər atalarının quda olmasına razılıq verirdilər.
Dördüncü varianda gənclərin anaları açılışır, anlaşırdılar, daha sonra evlənəcək cütlüyü ayrı-ayrılıqda “bişirmə” prosesi başlayırdı.
Başqa variantlar da vardı və onların heç birində dizi yerə atmaq söhbəti yox idi.
İndi internet resirslarında, sosial şəbəkələrdə videolara rast oluruq: sevən gənclərin dizinin biri yerdədir. Həm də mütləq ictimai yerdə. Oğlanın sağ əlində üzük, qızın hər iki əli üzündə. Alacalanmış gözlər. Qız gözləmirmiş. Bu cür evlilik təklifi onun üçün sürpriz olub. Şokdadır.
Bu, əlbəttə, şoudur. Özünü başqalarına göstərməkdir. Köhnə adamlar hesab edir ki, belə bir intim məsələ gənclərin ikisinin arasında olmalıdır.
Üstəlik, aydın məsələdir ki, qız əvvəlcədən bu duruma hazırdır və aylar öncədən razılığını verib. Oğlanın qızın “hə” deyəcəyindən beli bağlı olmasa, ictimai yerdə, tutaq ki, 5 mərtəbəli mollun adam çox olan mərtəbəsində belə bir riskə gedərmi?
Heç kim getməz. İndiki cavanlar bilməz, köhnə vaxtlarda o qədər təvazökar şəkildə ürəyini açan oğlana qızlar “get anqır, tayını tap” deyirdilər ki. Kim istəyər ki, dizinin bir yerdə olduğu halda qız əlinin dalıyla üzük qutusunu geri itələsin və desin: “Get...”. (Hərçənd indi müvafiq leksikon bir az da tərbiyəsizləşmiş olar).
Demək, hər şey öncədən düzülüb-qoşulmuş, ssenariləşdirilmiş olur. Amma tamaşa düzəltməyə də ehtiyac yoxdur. Tanımadığınız adamlar barənizdə “ah, bunlar necə də romantik gənclərdir” desələr nə olacaq, deməsələr, nə? Hələ “bu, düşüklükdür, görməmişlikdir, avropalıları yamsılmaqdır” deyə düşünənlər, əl-əlbət, daha çox olacaq.
Bu günlərdə Rusiyanın vaxtaşırı bir favorit-sevgili dəyişən həşəri çariçası Yekaterinanın (II) adını daşıyan şəhərdə bu xanədən ekstremal hadisə baş verib. Bir romantik gənc öz dostları ilə birlikdə düşünb ki, öz sevgilisinə unikal bir evlilik təklifi etsin.
Bu məqsədlə o, sevgilisi və onun rəfiqəsi ilə birlikdə şəhər kənarına gediblər. Maşında yolun kənarında durduqları yerdə birdən onlara iki avtomobil yaxınlaşıb. Avtomobillərdən maskalı və silahı adamlar çıxıb, bunlara yaxınlaşıblar, tapançadan (pnevmatik olub) atəş aça-aça sevgililəri maşından dartıb yerə salıblar, asfalta uzadıblar. Qız və onun rəfiqəsi elə bilib ki, bu, quldurların basqınıdır, indicə bunları güllələyəcəklər. Rəfiqə qışqırıb, bağırıb, şoka girib, bayılıb, ayılıb. Bu dəmdə basqınçılar üzlərindəki maskanı, romantik gənc isə cibindəki üzük qutusunu çıxarıb və deyiblər: “Sürpriiiiiz!”
Oğlan dizinin birini yerə atıb, daha doğrusu, üzüquylu olduğundan qəddini dikəldib və dizini birini yerdən qaldıraraq deyib: “Mənimlə evlənərsənmi?” Qız da “hə” deyib. Amma bu barədə xəbərdə bayılıb-ayılmış rəfiqənin nə dediyi məlum deyil. Ola bilər, o acıqlanıb və “idite vse na yuq” deyə aralanıb gedib.
Yəni bu cür meyllər get-gedə ekstremal şəkil alır. Sevgi etirafı edərkən silahlı basqın təşkil etməyə, akvalanq geyərək okeanın dibinə enməyə, paraşütlə tullanmağa, həyat üçün təhlükəli başqa şeylərə baş vurmağa nə ehtiyac var? Zatən, yekə bir riskə gedirsən, zalım oğlu...
O gün Braziliyada toyxanaya helikopterlə uçan gənc cütlük qəzaya düşüb öldü. Halbuki onlar da hamı kimi limuzində də gedə bilərdilər. Yox, bular romantik gənclərdir, hamıdan seçilməlidir.
Bütün bunlara, bu əttökən kaprizlərə, şıltaqlıqlara, şoulara, ədalara təhəmmül etmək olar – bir şərtlə ki, oynanılan oyun yandırılan şamlara dəysin. Statistika göstərir ki, ailə qurulmasına bu cür yanaşan gənclər bir-iki ildən sonra ailənin sökülməsinə barmaqarası baxırlar.
Yenə də özləri bilərlər. Kimsə gedib sevgi etirafını Eyfel qülləsinin başında anqıraraq etməyi düşünürsə, onun qarşısını kimsə ala bilməz.
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ