Onlayn ictimai-siyasi qəzet
“Baxıram ki, bəzi dövlət qurumları, onların tabeliyində olan media qurumları yenə də dayanmadan dövlət xidmətləri əldə etmək üçün vətəndaşlardan hansısa kağız sənədlərin, onların surətlərinin vacibliyini təbliğ edirlər.
Kənardan baxanda elə təsəvvür yaranır ki, sanki ölkədə rəqəmsallaşmanın əsər-əlaməti yoxdur. Hansı ki, artıq ölkədə hətta nikah, doğum şəhadətnaməsi bir anda “myGov”da rəqəmsal formada reallaşır. Amma digər dövlət qurumu isə hələ də bu xidmətlər üçün min cür sənəd və onun kopyasının tələb olunduğu haqqında bilgilər paylaşır. Bu, doğru bir yanaşma deyil. Gərək dövlət qurumları ölkədə gedən rəqəmsal transformasiyaya adekvat addımlar atsın”.
Musavat.com xəbər verir ki, bunu İKT üzrə ekspert Osman Gündüz bildirib.
O qeyd edib ki, artıq onlarla, yüzlərlə sənəd var ki, onlar tam rəqəmsaldır.
“Çox sayda xidmətlər rəqəmsallaşıb və “myGov”da əlçatandır. Yəni hansısa sənədi, onun surətini fiziki olaraq təqdim etmək əvəzinə elə “myGov”dan həmin sənəd haqqında məlumatı təqdim etmək, yaxud xidməti tam olaraq əldə etmək imkanı var. “myGov”dakı məlumat sadəcə məlumat deyil, artıq rəsmi sənəddir.
Aşağıdakı sənədlərin rəqəmsal versiyaları artıq tam hüquqi status əldə edib:
Şəxsiyyət vəsiqəsi;
Doğum haqqında şəhadətnamə;
Ölüm haqqında şəhadətnamə;
Nikah haqqında şəhadətnamə;
Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması haqqında qərar;
Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi;
İş icazəsi;
Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi;
Qaçqın vəsiqəsi;
İşçinin vəzifəsi (peşəsi), müvafiq dövr ərzində qazancı barədə arayış, arxiv məlumatları, şəxsi sənədlərinin təsdiq edilmiş surətləri, habelə onun peşəkarlıq, işgüzarlıq səviyyəsi və digər şəxsi xüsusiyyətlərini xarakterizə edən xasiyyətnamə;
Şəxsin işsiz və ya işaxtaran kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması, qeydiyyatının ləğv edilməsi barədə qərarlar, fərdi məşğulluq proqramı və fərdi məşğulluq vərəqi;
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi halları ilə bağlı Annuitet və icbari sığorta müqavilələri;
Təhsil haqqında dövlət sənədi;
Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada verilən arayış;
Sürücülük vəsiqəsi;
Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi;
Nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talon;
Ünvanlı dövlət sosial yardımının təyin olunması və təyin olunmasından imtina edilməsi barədə qərarlar;
Müavinətlərin təyin edilməsi və təyin olunmasından imtina barədə qərarlar;
Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, təyin edilməsindən imtina olunması, bərpası, dayandırılması və əmək pensiyalarının bir növdən başqa növə keçirilməsi barədə qərarlar;
Şəxsin əlilliyinin müəyyən olunmasına və imtinaya dair qərarlar;
Vətəndaşın sağlamlığının vəziyyətini əks etdirən tibbi sənədlər;
İcbari sığortaolunanların xidmətlər zərfi çərçivəsində stasionar tibbi xidmətlərdən istifadəsi üçün təcili və təxirəsalınmaz tibbi yardım xidməti göstərən tibb müəssisəsinin, habelə ambulator-poliklinika müəssisəsinin göndərişi;
Könüllü və icbari sığorta şəhadətnamələri;
Hüquqi şəxsin, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış, nizamnamə və ya nizamnaməyə dəyişiklik;
Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış;
Lisenziya və icazələr”, - deyə ekspert əlavə edib.
Nigar HƏSƏNLİ,
Musavat.com
12 Mart 2025
11 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ