Onlayn ictimai-siyasi qəzet
“Dövlət İmtahan Mərkəzinin imtahan nəticələri təhsilin keyfiyyətinin artması və ya azalması kimi qəbul edilə bilməz. Çünki sualların çətinlik dərəcəsi eyni qalsaydı, bunu meyar kimi qəbul etmək olardı, lakin illər üzrə çətinlik dərəcəsi müxtəlif olur. Bunun əksini düşünənlər ötən ilin buraxılış imtahanının sual kitabçasını və bu ilin buraxılış imtahanının sual kitabçasını yanaşı qoyub fərqi asanlıqla görə bilər. Məhz bunun məntiqi nəticəsidir ki, ötən il bir şagird belə 300 bal toplaya bilməmişdi”.
Bu fikirləri Musavat.com-a iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib.
O əlavə edib ki, bu il 14 nəfər 300 bal toplayıb:
“Nə baş verdi? Bir il ərzində Azərbaycan orta təhsilinin keyfiyyət göstəricisi 1300 faizdən çox yüksəldi? Düzdür, sualların çətin və ya asan olması imtahan verənlərin qəbul olmasına əlavə fürsət yaratmır. Bütün hallarda ən yüksək bal toplayanlar seçilir. Çünki suallar çətin olanda da, asan olanda da savadlı abituriyentlər daha çox bal toplayır və qəbul yerlərini onlar doldurur. Yəni suallar çətin olanda 500 balla kəsilən adam sual asan olanda 550 balla da kəsilir. Amma sualların asan-çətin faktoru sonda abituriyentə ciddi təsir edir. Çünki təhsilin müxtəlif pillələrində və dövlət proqramlarında iştirak edən zaman qəbul balı vacib rol oynayır. Məsələn, xaricdə təhsil proqramına (DP) müraciət etmək üçün qəbul balı 500-dən yüksək olmalıdır. Ötən il nisbətən çətin suallarla 490 bal toplayan tələbə 4 il sonra DP-yə müraciət etmək şansını itirib. Amma onunla eyni savadda olan başqa abituriyent bu il asan suallar olduğu üçün rahatlıqla 500-dən yüksək bal toplayacaq və vaxtı çatanda DP-yə müraciət edəcək. Bu, insanlar üçün qeyri-bərabər şəraitin yaradılması deməkdir”.
Ekspert bildirib ki, oxşar mövzu müəllimlərin işə qəbulu (MİQ) imtahanlarında da baş verib:
“Sualların çətinlik dərəcəsi bəzi illərdə kəskin fərqli olduğundan müəllimlər növbəti illərdə yerdəyişmə üçün müraciət etdiyi zaman ədalətli rəqabət mühiti yaradılması mümkün olmur. Məsələn, biri nisbətən çətin suallarla 56 bal toplayaraq müəllim kimi qəbul olub, digəri sonrakı ildə asan suallarla 59 bal toplayıb qəbul olur. 3 il sonra onlar yerdəyişmə üçün müraciət edən zaman asan suallarla qəbul olan müəllim qeyri-bərabər şəraitdə qalib gəlir, digəri uduzur. Bu qeyd etdiklərim saysız-hesabsız hallardan sadəcə ikisidir. Buna görə də imtahan suallarının çətinlik dərəcələrinin nisbi bərabərliyinə ciddi önəm verilməlidir. Yeniliklər mütləqdir. Biz də bunun tərəfdarıyıq. Amma yenilik adı ilə hər il sual kitabları “tədqiqat laboratoriyasına” çevrilməməlidir. Buraxılış imtahanlarında olan bu yanaşma qrup imtahanlarında da tətbiq edilsə, qəbul balları ötən illə müqayisədə 30-50 bal yüksələcək. Valideynlər yer seçimləri zamanı bu faktoru mütləq nəzərə alsınlar”.
Qeyd edək ki, tam (11 illik) orta təhsil səviyyəsi üzrə 3 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.
Buraxılış imtahanında şagirdlərə tədris dili fənnindən 10 yazılı cavab tələb edən açıq və 20 qapalı, riyaziyyat fənnindən 7 yazılı cavab tələb edən açıq, 5 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 7 yazılı cavab tələb edən açıq və 23 qapalı tipli tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunur. Bu mərhələdə fənlərin hər biri üzrə toplanıla biləcək maksimal bal 100 olmaqla ümumilikdə 300 baldır. Bu imtahanlarda iştirakı nəzərdə tutulan 52 267 nəfərdən 474 nəfər imtahana gəlməyib. İmtahan qaydalarını pozduğu üçün 16 nəfərin nəticəsi ləğv olunub. İmtahan iştirakçıları arasında 14 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.
Afaq Mirayiq,
Musavat.com
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ