Onlayn ictimai-siyasi qəzet
Yanvarın 28-dən etibarən Egey dənizində intensivləşən zəlzələlərin sayı 400-ü ötüb.
Musavat.com xəbər verir ki, AFAD-ın məlumatına görə, son zəlzələ yerli vaxtla saat 11.38-də 4,8 bal gücündə qeydə alınıb.
Santorini adasında seysmik aktivliyin artması səbəbindən çox sayda insan bölgəni tərk edib. Ehtiyat tədbiri olaraq 4 adada təhsil bir günlük dayandırılıb.
Bəs zəlzələlərin Santorinidəki yanardağla (vulkan) əlaqəsi varmı? Egeydə zəlzələ fırtınası nə vaxt bitəcək? Bu, Amorgos fay xəttini yerindən oynada bilərmi?
Yunanıstanın "Kathimerini" qəzetində yer alan xəbərə görə, Geodinamika İnstitutunun Tədqiqat direktoru Atanasios Qanas 1956-cı ildə böyük zəlzələyə səbəb olan Amorgos fayının aktivləşmə riskinin olmadığını bildirib. Qanas bildirib ki, Santorininin şimal-şərqində əhəmiyyətli seysmik aktivlik müşahidə olunub.
Yunan mətbuatında yer alan xəbərə görə, mütəxəssislər mövcud məlumatlar əsasında zəlzələlərin sualtı qırılma xətlərindən qaynaqlandığı və vulkanik fəaliyyətlərlə bağlı olmadığı qənaətindədirlər.
Ekspertlər 5,5 bal gücündə zəlzələnin Santorini üçün böyük problem yaratmayacağını düşündüklərini vurğulayır. Digər tərəfdən, vətəndaşların hər ehtimala qarşı qapalı ərazilərə toplaşmaqdan çəkinmələri, tərk edilmiş binalara yaxınlaşmamaları tövsiyə edilir.
Ehtiyat tədbiri olaraq Santoriniyə axtarış-xilasetmə qrupu və pilotsuz uçuş aparatları göndərilib, adada axtarış-xilasetmə qrupları üçün çadırlar qurulub.
Digər tərəfdən, mümkün zəlzələ zamanı strukturların zədələnməsinin qarşısını almaq üçün hovuzların boşaldılması tələb olunub.
Musavat.com
03 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ