Onlayn ictimai-siyasi qəzet
“Qlobal iqtisadiyyat indi bir neçə il əvvəl, koronavirus pandemiyasından əvvəl olduğundan çox fərqlidir. Hazırda qlobal iqtisadiyyatı və qlobal maliyyəni dəyişdirən əsas struktur dəyişiklikləri baş verir. Bu dəyişikliklər 5 əsas qüvvənin – “5D”nin: deqloballaşma (de-globalization), karbonsuzlaşma (de-carbonization), borc (debt), rəqəmsallaşma (digitalization) və demoqrafiyanın (demographics) eyni vaxtda təsiri ilə reallaşır”.
Musavat.com-un məlumatına görə, bunu deputat Tahir Mirkişili bildirib.
Sözügedən mövzudan bəhs edən iqtisadçı deputat deqloballaşma faktoruna diqqət çəkib:
“Qloballaşmadan geri çəkilmə sürətlənir, çünki ticarət gərginliyi, geosiyasi rəqabətlər və təchizat zəncirindəki zəifliklərin yenidən qiymətləndirilməsi iqtisadi millətçiliyin canlanmasını və ticarətin regionallaşdırılmasını gücləndirir. Dünyada hər il tətbiq edilən ticarət məhdudiyyətlərinin sayı 2019-cu ildə təxminən 1000-ə yaxın idisə, 2023-cü ildə 3000-i keçib. Tramp administrasiyasının ABŞ tariflərini artırmaqla bağlı elan etdiyi siyasəti nəzərə alsaq, bu rəqəm daha da artacaq.
Deqloballaşma iqtisadi artım üçün əhəmiyyətli problemlər yaradır və inflyasiyanın yüksəlməsi risklərini əhəmiyyətli dərəcədə artırır. Ticarətin parçalanması ixtisaslaşma və rəqabətin faydalarını azaldır, iqtisadiyyatın moqyas effektini məhdudlaşdırır. Eyni zamanda, maliyyə parçalanması transsərhəd kapital axınını məhdudlaşdırır və makromaliyyə dəyişkənliyini sürətləndirir”.
Tahir Mirkişilin qənaətincə, təhlillər göstərir ki, deqloballaşmanın iqtisadiyyata təsirləri müxtəlif olacaq:
“İnkişaf etməkdə olan iqtisadiyyatların birbaşa xarici investisiyalardan asılılığı və enerji və əmtəə təchizatı risklərinə məruz qalması səbəbindən inkişaf etmiş iqtisadiyyatlarla müqayisədə qeyri-mütənasib şəkildə təsirlənəcək.
Nəzərə almaq lazımdır ki, deqloballaşma iqlim dəyişikliyi kimi qlobal problemlərin həlli səylərinə də mane ola bilər. Eyni zamanda, bəzi ölkələr və ya regionlar artıq qurulmuş ticarət əlaqələrinin pozulmasından və yenilərinin formalaşmasından faydalana bilər. Məsələn, Çinin ABŞ ilə ticarət əlaqələri zəiflədikcə Cənub-Şərqi Asiyada yeni ticarət əlaqələri yaranır”.
MM üzvü dekarbonizasiya faktoruna da diqqət çəkib:
“Tanınmış iqlimşünas Ramanathan xəbərdarlıq edir ki, qlobal istiləşmə gözlənildiyindən daha sürətli baş verəcək və emissiyalara nəzarət edilməzsə, 2030-cu ilə qədər iqlim dəyişikliyi hamı tərəfindən hiss olunacaq – “COVID-19 kimi hər evə daxil olacaq”. İqlim dəyişikliyinin ekstremal hava hadisələri şəklində təsirləri artıq acı reallıqdır: yağışlar, daşqınlar, yanğınlar, qasırğalar adı hal almağa başlayıb.
İqtisadi tərəfdən baxanda bu reallıqlar inflyasiyaya meyllidir: iqlim dəyişikliyinə uyğunlaşmaq üçün fiskal dəstək tələb olunur, lakin bu dəstək məhsuldarlığın artması və ya vergi bazasında artım hesabına təmin oluna bilmir. Yaşıl istiqrazlar və davamlı kreditlər artsa da, onlar hələ bu problemləri həll etmək üçün kifayət qədər yetərli deyillər”.
Bütün bunlarla yanaşı, Tahir Mirkişili demoqrafik amillə bağlı da vacib amillərə toxunub:
“Əhalinin yaşlanması işçi qüvvəsinin azalmasına səbəb olur. Gözlənilən ömür uzunluğunun artması və məhsuldarlığın azalması yaşlanmış əhali üçün səhiyyə və pensiya müavinətləri xərclərinin artması səbəbindən fiskal yükü daha da artırır”.
T.Mirkişilin fikrincə, burada borc faktoru mühüm məsələdir:
“Qlobal miqyasda dövlət xərclərinin artması artıq rekord həddə çatan dövlət öhdəliklərinin artmasına səbəb olur. Dünya İqtisadi Forumunun məlumatına görə, qlobal borc əsasən inkişaf etmiş ölkələrin hesabına rekord həddə - 307 trilyon dollara çatıb. Təkcə koronavirus pandemiyası zamanı dəstək təsbirləri inkişaf etmiş ölkələrin dövlət borcunu 50 trilyon dollar artırıb.
Son iki onillikdə olduğundan daha yüksək faiz dərəcələri ilə birlikdə dövlət borcunun bu artımı, çox güman ki, əlavə borcların alınması üçün daha yüksək risklərin yaranmasına və borclara xidmət xərclərinin daha da artmasına səbəb olacaq.
Məsələn, 2025-ci ildə ABŞ-da dövlət borcun ödənilməsi xərcləri büdcənin müdafiə xərclərini keçəcəkdir. Təqdirəlayiq haldır ki, Azərbaycanda bunun əksi baş verir. Belə ki, borca xidmətlə bağlı xərclər dövlət büdcəsini müdafiə xərclərindən bir neçə dəfə azdır. Artan borc hökumətin infrastruktura, təhsilə və tədqiqata - uzunmüddətli iqtisadi artım üçün əsas olan sahələrə investisiya qoymaq imkanlarını məhdudlaşdırır. Davamlı dövlət borclanması özəl sektor üçün də kapitalın dəyərini artırarsa və bu, faiz dərəcələrinin artmasına səbəb olarsa, bu, sıxışdırıcı təsir daha da güclənə bilər”.
Rəqəmsallaşma faktordan da bəhs edən T.Mirkişili hesab edir ki, qlobal iqtisadi artım üçün yuxarıda göstərilən bütün əhəmiyyətli çətinliklərdən tamamilə fərqli olaraq, rəqəmsallaşmaya doğru tendensiyalara daha çox əls təsir göstərir:
“Rəqəmsallaşma, süni intellekt (AI) və texnoloji innovasiyalar iqtisadi artımı ləngidən amillərə qarşı tarazlıq təmin etməyi vəd edir. Məsələn, sənaye üzrə generativ süni intellektin (GenAI) geniş tətbiqi zamanı əmək məhsuldarlığının ildə təxminən 1,5% artması və ümumi iqtisadi faydanın idə 2,6 trilyon dollardan 4,4 trilyon dollara qədər olacağı təxmin edilir.
Bütün bu "5D" faktorları arasındakı qarşılıqlı əlaqə olduqca mürəkkəbdir, tariflərin artırılması iqtisadi fəallığın azalmasına və nəticədə vergi daxilolmalarının azalmasına, büdcə kəsirinin pisləşməsinə gətirib çıxarır.
Eyni zamanda dekarbonizasiya və demoqrafik dəyişikliklərlə əlaqədar sosial sahənin maliyyələşdirilməsi çətinləşəcək. Eyni zamanda, dekarbonizasiya ilə bağlı xərclər inflyasiya xarakteri daşıyır və pul siyasətinin effektivliyini məhdudlaşdırır. Digər tərəfdən, rəqəmsal texnologiyaların inkişafı enerji istehlakını optimallaşdırmağa və yaşıl texnologiyalardan inkişafı sürətləndirməyə kömək edə bilər. Texnologiyaların geniş tətbiqi potensial olaraq istənilən inflyasiya təsirini azalda və daha geniş mənada məhsuldarlığın artımını təmin edə bilər.
Azərbaycan iqtisadiyyatınln sabit inkişafı həm bu faktorların təsiri altında baş verir. İqtisadi gəlirlərimizin artması, iqtisadiyyatın çeşidlənməsi, sosial dəstəyin güclənməsi, rəqəmsallaşmanın sürətlənməsi gələcəkdə yarana biləcək bir çox risklərin indidən neytrallaşmasına imkan verəcək”.
E.Paşasoy,
Musavat.com
09 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ