Onlayn ictimai-siyasi qəzet
"Rusiya Təhlükəsizlik Xidmətinin Yekaterinburqda yaşayan azərbaycanlılara qarşı keçirdiyi işgəncələrlə, qeyri-insani rəftarla və hüquqa zidd münasibətlə sərgilənən, azərbaycanlıların qətli ilə nəticələnən əməliyyat heç bir halda istintaq tədbirləri kimi təqdim edilə, qiymətləndirilə bilməz. Bu, birmənalı olaraq sifariş əsasında azərbaycanlıların qətlə yetirilməsi və digər azərbaycanlıların, eləcə də Rusiyada yaşayan digər xalqların nümayəndələrinin qorxudulması prosesidir".
Bunu Musavat.com-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib.
O bildirib ki, Yekaterinburqda baş verənlər rus şovinizminin növbəti təzahürüdür:
"Rusiya uzun müddətdir ki, özünün şovinist siyasətini gizlətmir, açıq şəkildə təqdim edir. Zamanında qeyri-dövlət orqanları tərəfindən sərgilənən bu mövqe artıq rəsmi dövlət qurumları tərəfindən sərgilənir və bunun başında Rusiyanın ali rəhbərliyi dayanır.
Azərbaycana qarşı bu cür münasibət uzun illərdir ki, davam edib. Biz bir çox məsələlərə göz yummuşuq, qonşuluq münasibətlərinin davam etməsində maraqlı olmuşuq. Lakin biz onun da fərqindəyik ki, Qarabağın işğalının kökündə Rusiya amili olub. 30 il işğalda saxlanılmasında da Rusiya rol oynayıb. İndi Rusiya ərazi bütövlüyümüzü bərpa etməyimizi həzm edə bilmir.
Azərbaycanın sərnişin təyyarəsinin ötən ilin dekabrında Rusiya səmasında vurulması və beynəlxalq hüquqa zidd münasibət sərgilənməsi, Azərbaycandan üzr istənilməməsi, təzminat ödənilməməsi Rusiya rəhbərliyinin özbaşınalığıdır.
Yekaterinburqda azərbaycanlılara qarşı edilənlər cinayətdir. Bu cinayətin başında duranlar cinayət məsuliyyətinə cəlb edilməlidir. Vladimir Putin məsələ ilə bağlı mövqe bildirməlidir. Əgər mövqe bildirilməyəcəksə və cinayətkarlar cəzalanmayacaqsa, bu, birbaşa Putin tərəfindən idarə olunan siyasi sifariş kimi qəbul olunacaq. Əgər Rusiya rəhbərliyi bunu etməsə, biz bunun qarşılığını verməyin yolunu bilirik. Bu, dövlət səviyyəsində cinayət əməlidir.
Rusiya nəzərə alsın ki, Azərbaycanda yaşayan ruslara münasibət digər millətlərə münasibətlə bərabər olub".
Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin (FSB) azərbaycanlı Səfərovlar ailəsinin yaşadıqları müxtəlif ünvanlara keçirdiyi əməliyyat nəticəsində iki nəfər qətlə yetirilib, 9 nəfər saxlanılıb. Əməliyyat zamanı qətlə yetirilən iki qardaşdan biri - Hüseyn Səfərov Azərbaycan, Ziyəddin Səfərov isə Rusiya vətəndaşıdır.
Yekaterinburq şəhərində OMON-çular tərəfindən 5 nəfər (Hüseyn Səfərov, Ziyəddin Səfərov, Ayaz Səfərov, Məzahir Səfərov və Kamal Səfərov) amansızcasına qətlə yetirilib.
Azərbaycan Xarici İşlər Nazirliyi də iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb.
Bundan başqa, Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib.
Şahanə Rəhimli
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ