Onlayn ictimai-siyasi qəzet
Cəmiyyətlər, ümumi olaraq inanclıdır.
İnsan cəmiyyətləri tarix boyu inanca əsaslanıb və bu inanc yalnız fərdi deyil, həm də kollektiv sistemlərdə əks olunub.
İnkişaf etmiş ölkələrdəki dövlət sistemi də, nə qədər dünyəvi struktura malik olsa da, inanc ənənəsi üzərindən inkişaf etdirilib.
Müasir dünyəvi dövlətlərin belə, bir çox struktur və qanunları dini ənənələrdən qaynaqlanaraq formalaşıb. Dünyəvi idarəçilik modeli, dinin təsirindən tamamilə ayrılmasa da, zamanla daha sekulyar çərçivəyə salınıb və inkişaf etdirilib.
Məsələn, bugünkü hüquq və məhkəmə sistemi, hansısa inancsızın ortaya çıxardığı, kəşf etdiyi mexanizm olmamaqla yanaşı, sadəcə dünyəvi ideyaların məhsulu deyil, min illərlə var olan, dini ənənələrin içindəki hüquq və ədalət anlayışının təzahürüdür.
Məhz bugünkü qanunvericilik sisteminin əsası da, tarix boyu müxtəlif dinlər və inanclar kölgəsində formalaşan hüquq və ədalət prinsiplərinə dayanmaqdadır. Məsələn, islam şəriəti, xristian hüququ və yəhudi qanunları kimi dini sistemlər, cəmiyyətlərdə nizam və qanun anlayışının formalaşmasına mühüm töhfə verib.
Roma hüququ, qərb dünyasında hüquqi sistemlərin əsasını qoysa da, xristianlığın əxlaqi prinsipləri də bu prosesdə mühüm rol oynayıb. Məhkəmə, cəza və mülkiyyət anlayışları, əslində, dini dəyərlər üzərində qurulmuş və zamanla dünyəvi formaya salınmış qaydalardır.
Bu gün, dünyəvi dövlət anlayışının geniş yayıldığı inkişaf etmiş Qərbin və qərb dövlətlərinin keçmişinə nəzər salsaq, onların çoxunun teokratik rejimlərdən çıxdığını və teokratik dövlət ənənəsinə bağlılıqlarını görmüş olarıq. Dünyəvi sistemdə, dini sistemin ortaya qoyduğu strukturlar saxlanılıb və fərqli çərçivədə inkişaf etdirilib.
Orta əsrlərdə Avropada kilsə və dövlət ayrılığı yox idi, hüquq sistemləri, idarəetmə prinsipləri və hətta kral hakimiyyətinin legitimliyi dini əsaslara söykənirdi.
Məsələn, İngiltərədə kral hakimiyyəti "Tanrının lütfü" kimi qiymətləndirilirdi. Eyni zamanda Fransada XIII və XIV əsrlərdə kral hakimiyyəti kilsənin dəstəyi ilə güclənirdi. Dünyəvilik prinsipləri tədricən inkişaf etsə də, mövcud dövlət strukturlarının formalaşmasında dini ənənələrin böyük rolu olub.
Bu baxımdan, inanc anlayışının yalnız dini aspektdən ibarət olmadığı və cəmiyyətlərdə kollektiv normalara və qaydalara olan etimadı formaşdıran əsas faktorlardan biri olduğu inkaredilməzdir. Qanunlar, konstitusiya və digər hüquqi çərçivələr kimi, insanların toplu şəkildə qəbul etdiyi sosial qaydaların formalaşması prosesi, birmənalı olaraq dini normalar və əxlaqi dəyərlərlə sıx bağlı olub.
Fərdi olaraq heç bir şeyə inanmayan və ya ateist mövqeyi tutan şəxslər belə, kollektiv sosial qaydalara tabedir. Onlar da dini ənənələrdən qismən gələn hüquq sisteminin bir parçasıdırlar və bu sistem çərçivəsində yaşayırlar. Bu, inancın fərdi və kollektiv səviyyədə fərqli mövcudluğunu göstərir.
Dövlətin formalaşmasında iki əsas institut mühüm rol oynayıb: din və ailə. Ailə, cəmiyyətin ən kiçik idarəetmə vahidi kimi sosial qaydaların və dövlətçiliyin əsasını təşkil edib. Din isə ailəni və cəmiyyətin digər institutlarını nizama salan mənəvi və hüquqi çərçivə kimi çıxış edib.
Tarix boyu monarxiyalar, imperiyalar və digər idarəetmə formaları dini legitimlik əsasında qurulub. Hətta dünyəvi dövlətlər belə, dini ənənələri tamamilə silmək əvəzinə, onları modernləşdirərək yeni idarəçilik sistemlərinə inteqrasiya edib.
Bu gün biz dünyəvi sistemlər içində yaşasaq da, onların dini köklərini inkar etmək çətindir. Hüquq, dövlət və sosial idarəetmə, əsas etibarilə dini ənənələrin zamanla dünyəviləşdirilmiş formalarından ibarətdir. Dünyəvilik və dinin bir-birinə təsiri, cəmiyyətlərin inkişaf prosesində qaçılmaz bir həqiqətdir.
Bu səbəbdən, fərdi inancları mühakimə edərkən və ya cəmiyyətin dünyəviləşməsini müzakirə edərkən, tarixi konteksti nəzərə almaq vacibdir. Dövlət və hüquq sistemlərinin formalaşmasında dini ənənələrin rolunu başa düşmək müasir dünyanı daha yaxşı anlamağa kömək edəcək.
13 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ